PDF Oxu

Müsahibə

  • 11

ABŞ-ın “Böyük Yaxın Şərq” adlandırdığı layihənin mühüm bir hissəsi Qafqazı da əhatə edir

ABŞ-ın “Böyük Yaxın Şərq” adlandırdığı layihənin mühüm bir hissəsi Qafqazı da əhatə edir

Millət vəkili Zahid Orucun  "Səs" qəzetinə müsahibəsi

- Zahid müəllim, son zamanlar Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mühüm addımlar atılmaqdadır. Ümumilikdə probleminlə həlli istiqamətində irəliləyişlərin olmasını necə dəyərləndirmək olar?

- Bu gün Dağlıq Qarabağ danışıqları mühüm bir fazaya yaxınlaşmaqdadır. Şübhəsiz ki, bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətində özünü göstərməkdədir. Konfliktin əvvəlki vəziyyətdə saxlanılması regionun ümumi təhlükəsizliyinə və gələcək vəziyyətinə çox mənfi təsir göstərir. Əvvəlki şərtlər altında prosesi dondurulmuş saxlamaq indi qeyri-real görünür. İstənilən halda, bu konfliktin hərbi vasitələrlə həlli imkanları qaldığından, regionla maraqlanan dairələr müəyyən planlara əl atmaqdadırlar. Düşünürəm ki, münaqişənin həllində Rusiyanın xüsusi yeri olacaqdır. Çünki hər bir halda Rusiya böyük əraziyə və bu regionda 200 illik ağalığa malik olan bir ölkədir. Son cəhdlər də bilavasitə bu ölkə tərəfindən aparılmaqdadır.
Düzdür, paralel şəkildə son zamanlar Minsk Qrupunun amerikalı həmsədrinin və onun timsalında öz dövlətinin də fəaliyyəti qabarır. Yəni, bu konfliktin həllində Rusiya və Amerika arasında yarışın olduğu sirr deyil. Üst-üstə düşən mövqe kimi təzahür edən bu addımların, nə vaxta qədər əməkdaşlıq səviyyəsində davam edəcəyini proqnozlaşdırmaq xeyli çətindir. Amma bu danışıqların Rusiyanın prezidenti səviyyəsində müəyyən sənəd üzərində razılaşmaya getməsi ümidvericidir. Hətta hər iki ölkə prezideninin görüşünün növbəti raundunun təyin olunması da indiyədək razılaşdırılmamış məqamların çərçivə sənədi səviyyəsində həll edilməsi imkanlarını ortaya çıxarır.
İstənilən situasiyada prosesi pozacaq addımlar da meydana çıxa bilər. Regionda baş verən geosiyasi dəyişikliklər konfliktin vəziyyətinə təsir edir. Azərbaycan tərəfinin ən maksimum cəhdləri və mövqeyi ona yönəlib ki, bu münaqişə beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapsın. Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, guya Azərbaycan tərəfi bütün beynəlxalq hüquq prinsiplərini qəbul edibdir. Yəqin ki, o öz müqəddəratını təyinetməni də beynəlxalq hüququn ən aparıcı müddəası kimi nəzərdə tutaraq bu fikri irəli sürüb. Amma beynəlxalq hüquq üzrə mütəxəssislərin dəqiq fikri hər kəsə aydındır ki, heç vaxt öz müqəddəratını təyinetmə ərazi bütövlüyündən üstün bir yerə, hətta ondan eyni səviyyəli götürülə bilməz. Yəni, öz müqəddəratını təyinetmə hər bir halda ərazi bütövlüyünün çərçivəsində aparılmalıdır. Ona görə də, qarışıdakı dövrdə bu intensivlik artacaqdır. Görüşlərin daha müntəzəm olması və bunun da müəyyən bir sənədə çevrilməsi yönündə atılan addımlar müntəzəm xarakter daşıyacaqdır. Məhz bu baxımdan da, bir millət olaraq ona çalışımalıyıq ki, Azərbaycanın ərazi bütövlüyünün təminatı başlıca şərt olsun.

- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistana və sonradan Azərbaycana səfərləri baş verdi və növbəti dəfə prezidentlərin görüşünə razılıq verildi. Minsk Qrupunun son zamanlar  fəallığının artmasının səbəbini nə ilə izah etmək olar?

- Bunun bir neçə səbəbi vardır ki, onlardan da ən başlıcası regionda ciddi dəyişikliklərin baş verməsidir. İlk növbədə, Rusiyanın Cənubi Qafqaz siyasətində korrektələr etməyə məcbur olmasıdır. Çünki Qafqaz uğrunda savaşda konflikt nə qədər qalacaqsa, heç bir tərəf bütövlükdə, bu regiona sahib dura bilməyəcək. Rusiyanın strateqləri, beyin mərkəzi bu qənaətdədir ki, Cənubi Osetiyanı və Abxaziyanı tutmaqla və onun müstəqilliyini tanımaqla, bütövlükdə, Qafqazı nəzarət altında saxlamaq qeyri-realdır. Yaxud Orta Asiya və Qafqazın enerji resurslarının Qərbə çıxışının da qarşısını almaq, bütövlükdə, mümkün deyil. Ona görə də, Rusiya Cənubi Qafqaz siyasətində müəyyən korrektələrə başlayıb. Bu, heç şübhəsiz ki, Qarabağ amilinə də təsir göstərməkdədir. Qərb isə bunun qarşılığında artıq dərk etməyə çalışır ki,  Rusiyanın bu mövqeyinin davam etməsi onu regiondan sıxışdırıb çıxara bilər. Ona görə də, Qərbin də bu həll prosesində aktivliyi artmaqdadır. Amma burada həlledici söz sahibinin kim olduğunu müəyyənləşdirmək xeyli olduqca, çətindir.  Çünki beynəlxalq savaş, geosiyasi maraqlar uğrunda toqquşmanın müəyyən mənada episentiri Qafqaza keçməkdədir. Yəni, Yaxın Şərq Əfqanıstan məsələsi ilə paralel şəkildə Qafqaz bu maraqların orbitinə daha fəal şəkildə keçməkdədir. Ona görə də, qeyd etdiyimiz kimi, həmsədrlərin fəal olaraq regiona gəlişi müəyyən bir sənəd üzrə danışıqların intensivliyi artıbdır.
      
- Dövlət katibi Hillari Klintonun və onun ardınca Metyu Brayzanın Barak Obamanın Dağlıq Qarabağ probleminin həllində xüsüsi diqqət ayırdığı bildirilir. ABŞ niyə bu məsələnin həllinə can atır?

- Ümumiyyətlə, ABŞ-ın "Böyük Yaxın Şərq" adlandırdığı layihənin mühüm bir hissəsi, heç şübhəsiz ki, Qafqazı da əhatə edir. O cümlədən, Türkiyənin də burada müəyyən rolu olacaqdır. Bu layihə çərçivəsində elə sərhədlərin açılması məsələsi də gündəmə gətirilmişdir. Bu isə Qafqaz uğrunda savaşın mühüm bir hissəsini təşkil edir. Rusiyanın Cənubi Osetiya və Abxaziyaya hücumu və oranın ələ keçirilməsi nə siyasət idisə, ABŞ üçün də, sərhəd açılma əməliyyatı Qafqaz üzərindəki layihənin vacib hissələrindən biri idi. Bununla əlaqədar artıq Rusiyanın fəallığı ilə paralel şəkildə ABŞ-ın da bu addımları məhz ona yönəlikdir. Qərb və digər dairələr də onu hesablamaqdadır ki, Qafqazda öz maraqlarını, mənafelərin təmin etmək üçün hansı addımlar atılmalıdır? - Abxaziya və Cənubi Osetiya məsələsindən sonra daha açıq formada bildirilirdi ki, konfliktlərin indiki vəziyyətdə qalmağı onların maraqlarına zərbə vurur. Böyük Britaniyanın xarici işlər naziri Milbert açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü məsələsini dilə gətirmişdir. Baxmayaraq ki, Qərbdə və ayrı-ayrı ölkələrdə bu məsələ ilə bağlı birmənalı mövqe tuturlar. Qeyd etdiyimiz kimi, bu istiqamətdə ABŞ administrasiyasının dəyişməsi və yeni şəxsin prezident seçilməsi müəyyən köklü dəyişikliklərin edilməsini zəruri edib. Çünki, B.Obamanın da Amerikanın maraqlarını irəliyə aparmaq üçün başladığı siyasi kurs açıq şəkildə görünməkdədir. Artıq bu geostrategiya konfiliktlərin həllindən keçir. Başqa halda regionu idarə etmək olduqca çətin görünür.
Qeyd edək ki, Minsk Qrupun ABŞ-dan olan həmsədri M.Brayza, B.Obamanın Dağlıq Qarabağ məsələsində ona xüsusi tapşırıqlar verdiyini bildirib..
-   Bunlar adi etiraflardır. Buradan da belə nəticə çıxır ki, əvvəlki dönəmdə, sadəcə, M.Brayza özü müstəqil fəaliyyət marşurutunu müəyyənləşdirmişdir. Prosesin də bu günə qədər dondurulmuş vəziyyətdə qalmasına da, məhz elə bu səbəblər mane olmuşdur. Bir tərəfdən ümid üçün, ABŞ rəhbərliyi səviyyəsində Dağlıq Qarabağ məsələsinin həllində marağının nümayiş olunması yaxşı cəhət kimi qeyd oluna bilər. Amma illər ərzində vurğulanırdı ki, biz bu məsələdə həmsədr olan ölkələrin nümayəndələrinin ranqını artırmalıyıq. Yəni, bu ranq ABŞ dövlət katibinin köməkçisinin müavini səviyyəsində o demək idi ki, yardımçı ştatla bu prosesdə fəaliyyət aparanlarda məsələnin sadəcə, olaraq, indiki vəziyyətdə saxlanmağını təmin edirlər, həllini deyil. Ona görə də, ABŞ dövlət rəhbərliyi səviyyəsində məsələyə maraq göstərilməsi müəyyən ümidlər verir. Amma son nəticəni görmədən, buna da, illüziya olaraq inanmaq olmaz.

Digər xəbərlər