PDF Oxu

Müsahibə

  • 13

“Azərbaycanda işsizlik problemi mövcud deyil”

“Azərbaycanda işsizlik problemi mövcud deyil”

İqtisadçı ekspert Vüsal Qasımlının "Səs"ə müsahibəsi
- Vüsal müəllim, neftin qiymətinin dünya bazarında 50 dollardan yuxarı qalxması maliyyə böhranının tədricən aradan qaldırılmasına yardım göstərəcəkmi?

- Neftin qiymətinin aşağı düşməsi, neft ixrac edən ölkələrin neft idxal edən ölkələrin iqtisadiyyatını subsidiyalaşdırması anlamına gəlir. Neftin qiymətinin ən yüksək həddə çatması isə, əksinə, nefti idxal edən ölkələrin nefti ixrac edən ölkələrin iqtisadiyyatını subsidiyalaşdırması anlamını verir. İndiki halda neftin qiymətinin 50-60 dollarlıq koridorda üzməsi, düşünürəm ki, daha çox nefti ixrac edən ölkələrin arasında yaranmış centlmen sazişin əsasında baş verir. Çünki bu, elə bir həddir ki, neftin qiymətinin bu həddində nefti ixrac edən ölkələr, o cümlədən, aparıcı dünya iqtisadiyyatları ABŞ, Avropa, Yaponiya, Çinlə daha səmərəli mübarizə aparmaq imkanlarına malik olur. Eyni zamanda, neft ixrac edən ölkələr, o cümlədən, Azərbaycan kimi ölkələrə imkan verir ki, onlar neft-qaz sənayesini inkişaf etdirə bilsin. Neft-qaz sənayesindən əldə etdikləri gəlirlə ölkənin qeyri-neft sektoruna da investisiya yatırmaqla qeyri-neft sektorunun ehtiyaclarını ödəmək imkanlarına malik olsun. Neftin 50-60 dollarlıq qiymətini normal qiymət kimi dəyərləndirirəm. Düşünürəm ki, belə qiymət, hələ ki, dünyanın maliyyə böhranından xilas olmasında özünün müsbət effektini verə biləcək. Bütün hallarda, onu da əlavə etmək istəyirəm ki, Azərbaycan üçün qiymətlərin 70 dollar əsasında olması daha məqbuldur. Amma neftin qiymətinin 40 dollardan aşağı düşməsi də Azərbaycan iqtisadiyyatı üçün böhran sayıla bilər.

- Yeri gəlmişkən, ölkədə sənaye, tikinti və s. məhsulların qiymətinin aşağı düşməsi defilyasiyanın yaranmasına gətirib çıxararmı?

- Apardığımız alternativ inflyasiya hesablamaları göstərir ki, hazırda Azərbaycanda son 4-5 ay ərzində defilyasiya, yəni qiymətlərin aşağı düşməsi prosesi gedir. Ərzaq, qeyri-ərzaq məhsullarının qiymətinin aşağa düşməsi davam edir. Proqnozlaşdırılıb ki, aprel ayının nəticələrinə görə, Azərbaycanda illik defilyasiya qeyd olunacaq. Yəni, bu ilin aprel ayı ilə keçən ilin aprelinin qiymətlərini müqayisə edəndə, qiymətlərin orta səviyyəsinin aşağı düşdüyünün şahidi olacağıq. Bu son bir neçə ilin ərzində Azərbaycanda ilk dəfə müşahidə olunan illik defilyasiya haldır.

- Düşünürük ki, hazırda Prezidentin Nazirlər Kabinetinin son müşavirəsində bu narahatçılığı ifadə etdiyi kimi defilyasiyanın qarşısı alınmalıdır. İmkan vermək olmaz ki, qiymətlərin aşağı düşməsi prosesi bu sürətlə getsin. Çünki qiymətlərin aşağı düşməsi ölkədə işgüzar fəallığa öz mənfi təsirini göstərir. İş yerlərinin itirilməsinə gətirib çıxarır, məhsul və xidmətlərin satılmaması problemini yaradır. Bu təqdirdə, defilyasiyanın, daha doğrusu, istehlak qiymətlərinin indeksini elə bir həddə tənzimləməliyik ki, bu hədd ölkədə işgüzar təminatı artırsın, iş yerlərinin saxlanmasına xidmət etsin. Həm də ki, ölkənin iqtisadiyyatının rəqabətədavamlılığına müsbət təsir göstərsin və eyni zamanda, əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərməsin.

Digər xəbərlər