Vəhdət partiyasının sədri Tahir Kərimli "Səs" qəzetinə verdiyi müsahibəsində radikal müxalifətin heç bir zaman, ümumiyyətlə, bundan sonra da uğur qazanmayacağını bildirib
- Tahir bəy, özlərini "ana müxalifət" adlandıran Müsavat və AXCP (i) aprelin 10-da baş tutmayan mitinqini 24-də keçirmək istəyirlər. Sizcə, həmişə biabırçılıqla üzləşən radikallar buna nail olacaqlarmı?
- Bilirsiniz, bu gün ölkəmizdə xalqın nifrətini qazanmış xeyli müxalifət partiyası var və bu partiyaların müxtəlif "ideyalara" xidmət etdiklərini hər kəs yaxşı bilir. Neçə illərdir hakimiyyətə gəlməyə can atan, lakin xalqın dəstəyini qazanmadıqlarına görə, bu istəklərinə nail ola bilməyən radikal "bəylər" siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşdi. Arzusunda olduqları növbəti mitinqlərini keçirmək istəkləri də nəticəsiz qalacaq. Çünki xalq tərəfindən dəstəklənməyən radikallar hansı sosial bazaya arxalanaraq mitinq keçirmək istəyir? Bir də, atalar demişkən, "utanmasan, oynamağa nə var ki".
- "Ağa qara" deyən müxalifət qüvvələri qarşıdakı bələdiyyə seçkilərinə blok şəklində qoşulacaqlarını bildirirlər. Sizcə, müxalifətin bu birliyi baş tutacaqmı?
- Bu,ı mümkünsüzdür. Bir də, müxalifət partiyaları nə vaxtdan öz daxillərində bir olublar ki, digər partiyalarla bir blok ətrafında da birləşələr? Onların yaratdığı blokların, birliklərin ömrü 2-3 günlükdür. Ümumiyyətlə, bu gün müxalifət daxilində vəziyyət müsbət səmtdə inkişaf etmir. Özünü "ana müxalifət" adlandıran Müsavat və yaxud da AXCP (i)-də vəziyyət daha da mürəkkəbdir. Belə olduğu tədqirdə, bu partiyalar hansı birləşmədən, blokdan danışa bilər? Yenə deyirəm, onların bir blok ətrafında birləşəcəyi inandırıcı deyil. Radikal müxalifət heç bir zaman uğur qazanmayıb və bundan sonra da belə olacaq. Müxalifət istər tək, istərsə də blok şəklində seçkilərə qatılmayacaqlarından asılı olmayaraq məğlub olacaq. Çünki 15 ildir ölkəmizdə keçirilən bütün seçkilərdə müxalifət rüsvaycasına məğlub olub. Bunun bir səbəbi var. Bu da, ondan ibarətdir ki, xalq müxalifətə inanmır. Bu inamsızlığın nəticəsində radikallar bütün seçkiləri uduzurlar. Düşünürəm ki, gələcək illərdə də müxalifət ölkədə keçirilən seçkilərdə uğur qazana bilməyəcək. Müxalifətin acınacaqlı vəziyyəti hər kəsə məlumdur. Artıq Azərbaycan müxalifəti iflic olub, təbii ki, öz çirkin əməllərinin nəticəsində. Necə deyərlər, hər kəs yaxşı və ya pis formada öz əməlinin bəhrəsini görür.