PDF Oxu

Müsahibə

  • 10

“Hansısa müxalifət liderinin mövqeyi müxalifətin tələbi kimi qiymətləndirilməməlidir”

“Hansısa müxalifət liderinin mövqeyi müxalifətin tələbi kimi qiymətləndirilməməlidir”

- "Respublika və Qarabağ Uğrunda Hərəkat" təşviqat qrupunda təmsil olunsanız da referendumqabağı təbliğat kampaniyasında fəaliyyətiniz nəzərə çarpmadı. Sizi pərdəarxası proseslərdə qalmağa hansısa qüvvələr təhrik etdi, yoxsa özünüz belə istədiniz?

- Mənə kənardan təsir etmək qeyri-mümkündür. Bütün qərarları yalnız özüm qəbul edirəm. Yəni, hansısa məsələ ilə bağlı mənə heç kim kənardan müdaxilə edə bilməz.

- Bəs nə üçün təbliğat-təşviqat kampaniyasında iştirak etmədiniz?

- Həmin dövrdə mən müalicə kursu keçməli oldum. Şükür Allaha ki, artıq hər şey geridədir və mən öz fəaliyyətimi bərpa etmişəm.

- Bəzi müxalifət rəhbərlərinin açıqlamasına görə, bu sözlər Eldar Namazovun bəhanəsidir...

- Bunu kim necə istəyirsə, o cür də qəbul edə bilər. Hər kəsin subyektiv fikri var.

- Müxalifət referendumu boykot etmək istəyi ilə nə qazandı?

- Ötən seçkiləri və referendumu boykot etməyə müxalifət məcbur idi. Əgər müxalifət seçkilərə və ya referenduma qatılsaydı, nə əldə edəcəkdi? Bu, çox mübahisəli məsələdir. Mənə elə gəlir ki, hər iki variantın mənfi və müsbət cəhətləri var.

- Bəzi siyasi təhlilçilərin fikrincə, müxalifət boykot yolunu tutmaqla cəmiyyətdəki mənfi imicini daha da artırmış oldu. Bu fikirlərlə razısınızmı?

- Güman etmirəm ki, bu, belədir. Çünki cəmiyyətin özündə birmənalı mövqe yoxdur.

- Eldar bəy, referendum necə keçdi?

- Səhhətimlə əlaqədar olaraq prosesi izləyə bilmədim. Düşünürəm ki, Avropa Şurası və ATƏT-in, o cümlədən, Azərbaycanda seçki prosesini izləyən digər beynəlxalq təşkilatlardan olan müşahidəçilərin obyektiv mövqeyi olur. Onlar nə müxalifətin, nə də iqtidarın dəyirmanına su tökmək istəmirlər. Onlar bu məsələlərə kifayət qədər obyektiv qiymət verirlər.

- Ölkəmizdə seçki prosesini izləyən beynəlxalq müşahidəçilərin böyük əksəriyyəti seçkilərin demokratik keçirildiyini bəyan etdi. Bu bəyanatla sizin fikriniz üst-üstə düşürmü?

- Beynəlxalq müşahidəçilərin Azərbaycana maraq göstərməsi və onların sayının artması müsbət haldır. Onların bəyanatına gəldikdə isə Avropa Şurası və ATƏT-dən olan müşahidəçilərin bəyanatlarını daha çox obyektiv hesab edirəm.

- Nəzərə alırsınızmı ki, AŞ və ATƏT tərəfindən göndərilən müşahidəçilər də verdikləri bəyanatlarda referendumun keçirilməsini Azərbaycanın demokratiya tarixində atılan mühüm addımlardan biri kimi  qiymətləndirib?

- Bir daha qeyd edim ki, mənim referendumu izləmək imkanım olmadı. Onların verdiyi bəyanatla hələ tanış deyiləm.

- Müxalifətin "ağa qara" deməsi nə zamanadək davam edəcək?

- Mənə elə gəlir ki, şəxsi mübarizədə şişirtmələr çox olur. Mən həmişə çalışıram ki, obyektiv mövqedə durum.

- AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov aprelin 10-da referendumun keçirilməsinə etiraz olaraq mitinq keçirməyi planlaşdırır. Hər zaman obyektiv mövqedə dayandığını bildirən Eldar Namazov, bu fikri necə dəyərləndirir?

- Mənə bir müddət vaxt lazımdır ki, baş verən hadisələri təhlil edim və müəyyən qərarlar qəbul edim. Bir neçə gün olar ki, xarici səfərdən qayıtmışam və referendum ərəfəsi baş verən hadisələr haqqında məlumatlı deyiləm. Müxalifətin bu planı ilə bağlı məlumat əldə etsəm, açıqlama verəcəyəm. Səfərdən qayıtdıqdan sonra, hələ ki, heç bir partiya sədri ilə görüşüm olmayıb. Onlarla görüşdükdən sonra bu barədə qərar qəbul edəcəyəm.
- İqtidar-müxalifət dialoqunun baş tutması məsələsi yenidən gündəmə gətirilib. Bunun baş tutacağına inamınız varmı?
- Əminlik yoxdur. Ancaq hesab edirəm ki, bu cür dialoqların keçirilməsi əhəmiyyətli və vacibdir. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan müzakirələr qızışıb, beynəlxalq təşkilatlar fəal olaraq bu prosesə müdaxilə edirlər. Bu yaxınlarda Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdən qayıtdım. Aprelin 1-də isə Brüsseldə Avropa Birliyində bu münaqişə ilə bağlı diplomatlarla görüşüm oldu. Ona görə Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən proseslər, o cümlədən, dünyada baş verən iqtisadi böhran, ölkə daxilindəki ictimai-siyasi proseslər iqtidar-müxalifət dialoqunu aktuallaşdırır. Amma təəssüflər olsun ki, bu dialoq bu günə kimi lazımlı səviyyədə təşkil olunmayıb.

- İqtidar-müxalifət dialoqunun baş tutmasına əminliyinizin olmaması nə ilə bağlıdır?

- Çünki bu dialoq bu günə kimi mən istədiyim formada və səviyyədə alınmayıb. Bu acı təcrübəni nəzərə alaraq, deyirəm ki, məndə bu inam yoxdur. Bir daha bildirirəm ki, bu dialoqun baş tutması ürəyimcə olardı.

- Müxalifət liderləri bu dialoqun baş tutmasında müəyyən şərtlər irəli sürürlər. Hətta tələb edirlər ki, Prezidentin İcra Aparatının məsul şəxsləri dialoqda iştirak etsinlər. Sizcə, Yeni Azərbaycan Partiyasının timsalında belə bir dialoqun keçirilməsi məqbul hesab edilə bilməzmi?

- Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası tərəfindən belə bir təklif və dəvət irəli sürülsə, müxalifət partiyaları buna birmənalı yox deməz. Bu dialoq, əsasən, iqtidar-müxalifət partiyaları arasında olmalıdır. Bu baxımdan, YAP-ın belə bir təkliflə çıxış etməsi normal haldır. Çünki YAP  hakim partiyadır. Ola bilər ki, hansısa müxalifət lideri sözügedən partiyalar xaricində ölkənin hansısa rəhbər şəxsi ilə görüşmək istəsin. Ancaq hesab edirəm ki, bu, bütün müxalifətin tələbi kimi qiymətləndirilməməlidir.

Digər xəbərlər