PDF Oxu

Müsahibə

  • 7

Siyasi partiyalara dövlət maliyyələşməsi olmalıdır

Siyasi partiyalara dövlət maliyyələşməsi olmalıdır

Son vaxtlar siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi ilə bağlı fikirlər daha çox gündəmdə olan mövzuya çevrilməkdədir. Bu məsələ ilə bağlı  Milli Məclis sədrinin müavini, YAP İcra katibinin müavini Bahar Muradova bu və digər məsələlərə aydınlıq gətirdi.

- Bahar xanım, məlum olduğu kimi, ötən ilin sonlarına yaxın referendumla bağlı məsələ ortalığa çıxarılmazdan öncə, siyasi gündəmi daha çox məşğul edən məsələ "Siyasi partiyalar haqqında" mövcud qanunun dəyişdirilməsi, yaxud bu yöndə yeni qanunun qəbul edilməsi, o cümlədən, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi idi. Ancaq referendum məsələsi gündəmə gələndən sonra siyasi partiyalarla bağlı məsələyə münasibət,  hələ ki, qalmaqdadır. Ümumiyyətlə, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi mexanizminin müəyyənləşdirilməsi məsələsinin taleyi nə yerdədir? Bu məsələ tamam gündəmdən çıxarılıb, yoxsa?..

- Əvvəla, qeyd edim ki, biz siyasi partiyalarla bağlı qanunvericilik aktının yeniləşdirilməsi, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi ilə bağlı mövqeyimizi dəfələrlə ortaya qoymuşuq. Mövqeyimizi bildirmişik ki, siyasi partiyalar hansısa prinsiplərə uyğun olaraq dövlət tərəfindən maliyyələşməlidir. Bu prinsiplər nə olacaq, mən indidən onu söyləyə bilmərəm, ancaq bu prinsiplər necə ola bilər, hər kəs ehtimallara söykənən və mövcud reallıqları dəyərləndirərək, fikirlərini ifadə edə bilər. Onu da qeyd edim ki, burada beynəlxalq təcrübə də az rol oynamır və oynaya bilməz. Biz də bir hakim partiya və onun təmsilçiləri olaraq düşünürük ki, ilk növbədə, dövlət maliyyələşməsi olmalıdır. İkincisi isə, belə hesab edirik ki, bu dövlət maliyyəşməsi ucdantutma hamıya şamil edilə bilməz və edilməməlidir. Bunun üçün müvafiq kriteriyalar olmalıdır, siyasi təşkilatların, partiyaların seçkilərdə iştirakı, əldə etdikləri səslərin faiz göstəricisi, onların Azərbaycan ərazisindəki struktur şəbəkəsi, üzvlərinin sayı, parlamentdə təmsilçiliyi və s. bu kimi məsələlər nəzərə alınmalıdır. Bunlarsız heç nə mümkün deyil...

- Nəyə görə?

- Bilirsiniz, bu gün Azərbaycanda, sadəcə, adını elan etmiş 100-dən çox partiya var və bu baxımdan, heç şübhəsiz ki, onların hamısı ucdantutma maliyyələşdirilə bilməz. Mənə elə gəlir ki, bunu ciddi siyasi partiyalar da qəbul etməz, razı olmaz. Maliyyələşmə nədir? Maliyyələşmə-fəaliyyəti stimullaşdıran bir amildir. Əgər maliyyələşmə olacaqsa, partiyalar da bu maliyyəni əldə etmək uğrunda hansısa kriteriyalara cavab vermək zorunda qalacaq və məhz bu müəyyənləşdirilmiş kriteriyalara cavab verən siyasi qüvvələr də həmin maliyyəni əldə edəcək. Bu isə sonda, nəticə etibarilə, dövlət maliyyələşməsi əldə edən həmin siyasi partiyaların, təşkilatların inkişafına, onların fəallaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə, bu məsələ özlüyündə Azərbaycanda siyasi partiyaların yerinin və rolunun artırılmasına yönəldilmiş bir məsələdir.
Bildiyiniz kimi, bu ilin büdcəsində belə bir məsələ nəzərdə tutulmadı. Ən azı, ona görə ki, "Siyasi partiyalar haqqında" qanun yenidən işlənməlidir və onu da qeyd etmək istəyirəm ki, bu barədə ən müxtəlif fikirlər, təkliflər mövcuddur. Bu qanun elə bir qanundur ki, - mən onun yenidən işlənməsinin və qəbulunun uzanmasına da haqq qazandırıram, - burada maraqlı tərəflər də çoxdur, fikirlər də çox müxtəlifdir. Bunların hamısını bir araya gətirmək, əksəriyyəti razı sala biləcək normaları, qaydaları müəyyənləşdirmək özü çətin bir prosesdir. Ona görə bu məsələni gündəlikdə saxlamağı və onun üzərində işləməyi çox vacib hesab edirəm...

- Bu qanun layihəsi, dövlət maliyyələşdirilməsi ilə bağlı məsələ üzərində hansısa işlər gedirmi?

- Əlbəttə, elə bu məsələ ilə bağlı ictimai müzakirələrin aparılması özü bir iş deməkdir. İctimai müzakirələrdə ən müxtəlif normalar necə olmalıdır, bununla bağlı fikirlər səslənir, biz də, təbii ki, qanunu işləyərkən mütləq bunları nəzərə alırıq və alacağıq. Yəni, bu təkliflər toplanır, yığılır, onlar nəzərdən keçirilir, məqbul olanlar nəzərə alınır və s. Bu baxımdan, yəqin ki, nə vaxtsa belə bir qanun layihəsi mütləq parlament müzakirələrinə çıxarılacaq. Bəli, mən də düşünmürəm ki, bu məsələ yaz sessiyasının gündəliyinə və müzakirələrinə çıxarılsın.

Yeri gəlmişkən, siyasi partiyaların dövlət qeydiyyatına alınması məsələsi ilə də bağlı neçə illərdir siyasi dairələrdə, təşkilatlarda müzakirələr aparılır, bu yöndə çeşidli fikirlər ortaya qoyulur. Məsələn, bəzi müxalif siyasi partiyalar dövlət qeydiyyatına alınmaq üçün tələb olunan 1000 nəfərlik imzanın artırılaraq 5 minə, 10 minə, hətta 20 - 25 minə çatdırılmasını təklif edir. Özü də bu təklifi ortaya qoyarkən həmin qüvvələr bunu siyasi meydanın "cırtdan partiyalardan", "ailə partiyalarından", "qohum-əqrəba partiyalarından" təmizlənməsi naminə səsləndirdiklərini bildirir. Bəs, siz bu haqda nə deyərdiniz?

- Bilirsiniz, mən durub desəm ki, partiyaların dövlət qeydiyyatına alınması üçün tələb olunan rəqəm 1000 nəfərlik imza yox, 2000 və ya 5000 olmalıdır, o zaman dərhal müxalifət partiyalarında deüiləcək ki, iqtidar siyasi partiyaları ortadan çıxarmaq üçün rəqəm müəyyənləşdirib, yaxud müəyyənləşdirmək niyyətindədir. Ona görə, mən bu məsələ ilə bağlı indi hər hansı konkret bir rəqəm söyləmək istəmirəm. Bu, müvafiq qurumların səlahiyyətinə aid olan bir məsələdir. Daha doğrusu, bu məsələ yeni hazırlanacaq qanun layihəsində öz əksini tapa bilər və yaxud tapacaq. Odur ki, bununla bağlı heç nə demək istəmirəm. Eyni zamanda, çoxminli partiya olduğumuz üçün - hər halda digər partiyaları incitmək istəmirəm - bizim bu məsələ ilə bağlı hər hansı bir problemimiz və narahatçılığımız yoxdur. Ancaq şəxsən mən özlüyümdə burada ciddi şərtlərin qoyulmasının tərəfdarıyam. Bəli, onun tərəfdarıyam ki, sizin də dediyiniz məqamların aradan qalxması üçün hansısa ciddi şərtlər qoyulmalıdır.

- Ümumiyyətlə, tez-tez belə fikirlər səslənməkdədir ki, nəhayət, Azərbaycanda da, bir sıra aparıcı Qərb ölkələrində olduğu kimi, iki və yaxud üçpartiyalı sistemə keçməyin zamanıdır...

- Azərbaycanda iki və yaxud üçpartiyalı sistemi süni şəkildə yaratmaq mümkün deyil. Gərək cəmiyyət özü o hala gəlsin, daha doğrusu, siyasi partiyalar xarakterinə, ideoloji yönümlərinə, məqsədlərinə, fəaliyyət prinsiplərinə görə o qədər təmərküzləşsin ki, onlar gəlib sonda iki və üç partiya olmaq həddinə çatsın. Qeyd edim ki, biz hələ bu partiyaların bir-birinə yaxınlaşması prosesini də müşahidə etmirik. Əslində, bu gün Azərbaycanda daha çox partiyalaşma, daha çox partiya yaratma prosesi gedir. Görünür, bu proses özünün hansısa pik nöqtəsinə çatmalıdır ki, sonda oradan geriyə qayıtma da olsun. Belə demək mümkünsə, onlar, nəhayət, anlasınlar ki, bu qədər çox sayda partiya yaratmaq, sadəcə, çox sayda adamların özünü partiya sədri elan etməsindən başqa bir şey demək deyil.
Ümumiyyətlə, bu partiyaların yaradılması, elan olunması kimlərinsə partiya sədri olduğunu nəzərə çatdırmağı özündə daha çox ehtiva edir, nəinki yeni bir siyasi qüvvənin siyasi meydana gəlməsini. Ona görə, mən hələ burada təmərküzləşmə prosesini görmürəm. Hələ ki, bu düşərgədə daha çox parçalanma gedir. İndi gözləyək, görək, bu proses nə vaxt başa çatacaq. Eyni zamanda, bir daha qeyd edirəm ki, bu məsələni süni şəkildə reallaşdırmaq da düzgün deyil. Bunu, ilk növbədə, siyasətə qoşulan, siyasətlə məşğul olan insanlar özləri düşünməlidirlər. Onların adına bu və ya digər siyasi partiyaya üz tutan Azərbaycan vətəndaşları dərk etməlidirlər ki, bu qədər geniş spektrdə partiyalaşma düzgün deyil, onlar heç olmasa ideologiyalarına görə təmərküzləşməli, cəmləşməlidir, onlar ya sağçı, ya solçu, ya da mərkəzçi olmalıdır. Bu gün o qədər çox tərəflər var ki, özlərini sağçı elan edir, sol fəaliyyət göstərir, solçu elan edir, sağ fəaliyyət göstərir və s. Bu gün özünü elan edən partiyalar heç elan etdikləri ideyalara, məqsədlərə uyğun fəaliyyət göstərmirlər. Bu cəhətdən də naqisliklər, problemlər var. Bu baxımdan, düşünürəm ki, siyasi partiyaların təmərküzləşməsi prosesini biz hələ, deyəsən, çox gözləməli olacağıq.

Digər xəbərlər