PDF Oxu

Müsahibə

  • 10

Konstitusiya dəyişikliyi inkişafa doğru növbəti addımdır

Konstitusiya dəyişikliyi inkişafa doğru növbəti addımdır

Azərbaycan xalqı növbəti tarixi proses ərəfəsindədir. Martın 18-də seçki məntəqələrinə gedəcək vətəndaşlarımız Azərbaycan Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərə münasibət bildirəcəklər. Müsahibimiz "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun Səbail şöbəsinin üzvü Əhliman Qarayevdir:

- Əhliman müəllim, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə münasibətiniz?

- Tarix boyu Konstitusiya hər bir xalqın sabit və davamlı inkişaf yolunu beynəlxalq hüquq normaları əsasında formalaşdıran ali sənəd olmaqla yanaşı, ayrı-ayrı dövlətlərin siyasi sistemini müəyyənləşdirmiş ümumbəşəri demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına münasibətini özündə ehtiva etmişdir. Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı da ötən əsrin sonlarına doğru müstəqillik idealına qovuşduqdan sonra dövlətçiliyin mühüm atributu olan milli Konstitusiyanı referendum yolu ilə qəbul etmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, eləcə də insan hüquq və azadlıqlarının prioritetliyini özü üçün tam yəqinləşdirmişdir.
 Son illərdə Azərbaycanda qəbul edilən qanunların beynəlxalq standartlara uyğunlaşdırılması, dövlətimizin beynəlxalq konvensiyalara qoşulması, dünyanın inkişaf etmiş, qabaqcıl ölkələri ilə müxtəlif sahələr üzrə sazişlərin imzalanması, irimiqyaslı beynəlxalq nəqliyyat və kommunikasiya layihələrində iştirakı onun dünya birliyində nüfuzunu daha da yüksəltmişdir. Azərbaycanda demokratik, sivil vətəndaş cəmiyyətinin qurulması dövlətin prioritet məqsədlərindən biridir. Təcrübə göstərir ki, demokratikləşmə prosesi təkcə iqtisadi inkişafla deyil, həm də cəmiyyətdə sabitliyin, qanunun aliliyinin təmin edilməsi, qanunçuluğun möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yönəlmiş ardıcıl islahatların aparılması ilə şərtlənir.

- Konstitusiyaya edilən əlavə və dəyişiklikləri hüquqi müstəvidə necə şərh edərdiniz?

- Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac cəmiyyətin ən müxtəlif sahələrində özünü qabarıq göstərən sürətli inkişafdan irəli gəlir. "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılmış hissələrinin müqayisəli təhlilindən aydın olur ki, təklif edilən 29 əlavə və dəyişikliyin 16-sı insan və vətəndaşın hüquq və azadlıqlarının konstitusion əsaslarının daha da gücləndirilməsinə, cəmiyyətdə hüquq qaydalarının möhkəmləndirilməsinə, məhkəmələrin səviyyəsinin yüksəldilməsinə, insanların seçki hüququnun, qanunvericilik təşəbbüsünün genişləndirilməsinə, onların daha dolğun şəkildə reallaşdırılması məqsədlərinə xidmət edir.
Konstitusiyamızın 29-cu maddəsinin 4-cü bəndində dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödənilməsi şərti ilə yol verilə bilməsi göstərilmişdir. Təklif olunur ki, bu hissədən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın. Bu, mülkiyyətçinin iradəsi əleyhinə əmlakın özgəninkiləşdirilməsinin dairəsini məhdudlaşdırır. Təbii ki, bu, daha mütərəqqi haldır.

- Əhliman müəllim, 29 maddədə 41 düzəliş olsa da, bəzi tərəflər daha çox 101-ci maddəni müzakirə edirlər. Bu marağı nə ilə izah edərdiniz?

- İnsan hüquq və azadlıqlarının, vətəndaşların passiv seçki hüququnun daha dolğun təmin edilməsi istiqamətində Konstitusiyanın 101-ci maddəsinə təklif edilən dəyişikliyin böyük əhəmiyyəti isə xüsusi qeyd olunmalıdır. İlk növbədə, vətəndaşların, seçicilərin seçim hüququnu məhdudlaşdıran bu maddəyə düzəliş edilməsinin yetişdiyi, ictimai fikir tərəfindən müsbət qarşılandığı çoxdan məlum idi. Müasir dünyada demokratik dəyərlər məhdudiyyət deyil, fikrin azad ifadə edilməsi, seçmək və seçilmək hüququnun daha sərbəst şəkildə reallaşdırılması üzərində qurulmalıdır. Prezident seçilməsində bu məhdudiyyətin aradan qaldırılması çox mürəkkəb bir dövrdə, müharibə şəraitində, ümumdünya iqtisadi böhranı əhatəsində yaşayan Azərbaycanı hakimiyyət uğrunda yersiz çəkişmələrdən, dövlətə, millətə zidd qüvvələrin, diletantların, naşı siyasətçilərin hakimiyyəti ələ keçirmək cəhdlərindən xilas edə bilər. Hazırda möhtərəm Prezidentimiz İlham Əliyev dünyanın sayılıb-seçilən dövlət başçılarından biridir. O, yeritdiyi müdrik siyasətlə xalqın tam dəstəyini qazandığını ikinci müddətə prezident seçilməyi ilə bir daha sübut etdi. Xalqın prezidentinə olan məhəbbəti, inamı, dəstəyi elə 101-ci maddəsinin 5-ci bəndində olan məhdudiyyətin aradan qaldırılmasına yönəlmiş ən böyük sosial sifarişdir. Azərbaycan xalqı müdrik xalqdır və bir vaxtlar onu öz məngənəsində sıxan hüquqi nihilizmin buxovlarından azad olmağı bacarmışdır. Bu məqamda unutmayaq ki, prezident seçki yolu ilə seçilir. Yəni, prezident seçki yolu ilə seçilirsə, onun iki və ya daha çox seçilməsi demokratik prinsiplərə zidd deyil, əksinə demokratik dəyərlərin inkişaf etdirilməsi deməkdir.

Digər xəbərlər