PDF Oxu

Müsahibə

  • 10

AŞ PA Azərbaycana ikili standartlarla yanaşır

AŞ PA Azərbaycana ikili standartlarla yanaşır
- Biz Avropa Şurası ilə əməkdaşlığı yüksək qiymətləndiririk və bundan sonra da bu əməkdaşlığın dərinləşməsində maraqlıyıq. Ancaq biz qarşı tərəfin də Azərbaycana münasibətdə eyni dərəcədə ədalətli və səmimi olmasını arzulayırıq. Əgər Avropa Şurası Azərbaycanda mövcud vəziyyətin yaxşılaşmasını istəyirsə, lakin bu zaman onun problemlərinin bir qismini qabardıb, digər bir qismini görmürsə, təbii ki, bu, ən azı təəssüf doğurur. Eyni zamanda, əgər Avropa Şurası Azərbaycanla münasibətlərin dərinləməsində maraqlıdırsa və atdığı bütün addımlar Azərbaycanda insan haqları, demokratiya naminədirsə, biz bunu da alqışlayırıq. Ancaq insan haqları və demokratiya təkcə terrorçuların hüquqlarından, təkcə konkret cinayət əməlləri törətmiş, korrupsiya cinayətləri etmiş, şəxsiyyət əleyhinə ağır cinayətlər həyata keçirmiş məhbusların hüquqlarından ibarət deyil. İnsan hüquqları və demokratiya həm də öz yurd-yuvasından didərgin düşmüş bir milyon insanın hüququdur. Avropa Şurası da insan hüquqlarının pozulması məsələsinə - "siyasi məhbus" kimi təqdim etdiyi məsələyə böyüdücü şüşə ilə baxdığı halda, bir milyondan artıq qaçqının və məcburi köçkünün probleminə biganəlik nümayiş etdirirsə, artıq burada - bu yanaşmada ikili standartların mövcudluğu göz önündədir. Azərbaycanda mövcud olan problemlərə yanaşmada Avropa Şurası artıq ikili standartlar sərgiləyir. Məsələnin digər tərəfi isə Azərbaycan və Avropa Şurasının digər üzv ölkələri arasında ikili standartların mövcudluğudur. Yəni, Azərbaycanı konkret olaraq bölgənin digər ölkələrlə müqayisə etsək, görərik ki, Avropa Şurasının ölkəmizə verdiyi qiymətlə Ermənistan və Gürcüstana verdiyi qiymət adekvat deyil...

- Gültəkin xanım, bunu deyərkən, konkret nəyi nəzərdə tutursunuz?

- Gürcüstanda keçirilən son prezident seçkiləri hamımızın xatirindədir. Gürcüstan prezidentinin birinci turda qələbəsi Avropa Şurasının bir çox deputatları tərəfindən şübhə ilə qarşılandı və hətta Azərbaycan üzrə keçmiş həmməruzəçi Andreas Qross Mixail Saakaşvilini seçkilərin nəticələrini birinci turda oğurlamaqda ittiham etdi. Yəni, faktiki olaraq, seçkilərin birinci turunda qalibin müəyyən olunmadığını bəyan etmiş oldu. Eyni zamaknda, Gürcüstan deputatlarının özləri də Avropa Şurasında etiraf edirdilər ki, seçkilərin birinci turunda heç kim 50 faiz səs toplaya bilməmişdi. Lakin bunun qarşılığında Gürcüstandakı seçkiləri yüksək dəyərləndirdi.
Baxmayaraq ki, seçkilərdə zorakılıq halları da müşahidə edilmişdi, seçki günü müəyyən kriminal hadisələr də baş vermişdi, bununla belə, o zaman qonşu dövlətdəki seçkilər yüksək və Avropa standartlarıına uyğun seçkilər kimi qiymətləndirildi. Ermənistanda keçirilən son prezident seçkiləri isə, ümumiyyətlə, Avropa Şurası tarixində analoqu olmayan bir seçkilər idi. Onu da qeyd edim ki, Avropa Şurasının yaxın 30-40 illik tarixində elə bir seçki xatırlaya bilmirəm ki, burada seçkilərin nəticələrinə etiraz edən insanlara qarşı belə kütləvi zor tətbir edilsin, qəddarlıqla insanların etiraz aksiyaları yatırılsın, yüzdən artıq insan həbs olunsun və s.
Baxın, faktiki olaraq, yalnız seçkilərin nəticələrinin saxtalaşdırıldığına görə, etiraz səsini ucaladan yüzdən artıq insan həbs olunur və bu insanların həbsində də siyasi motivdən başqa hər hansı bir digər motivin olmaması göz önündədir. Burada həbs olunan insanların siyasi məhbus olmasını sübuta yetirməyə belə ehtiyac yoxdur. Bunun müqablində isə Avropa Şurası Ermənistana siyasi məhbus məsələsi üzrə məruzəçi təyin etmir və əslində, bu ölkədə faktiki mövcud olan siyasi məhbus problemini, ümumiyyətlə, gündəmə gətirmir və gətirmək də istəmir. Ancaq Azərbaycanda 10 il bundan əvvəl, tutaq ki, hər hansı bir cinayət törətmiş və Avropa Şurasının xahişi ilə əfv olunmuş, sonra yenidən cinayət törədərək həbsə atılan insanla bağlı siyasi məhbus məsələsi gündəmə gəlir.
Konkret olaraq, korrupsiya cinayətləri törətmiş keçmiş nazirlərlə bağlı Avropa Şurası həmin tələblə çıxış edir. Avropa Şurası bir tərəfdən Azərbaycanı korrupsiyaya qarşı mübarizə aparılmadığına görə ittiham edirsə və korrupsiyaya qarşı mübarizəni daha ciddi-cəhdlə həyata keçirmədiyinə görə tənqid atəşinə tutursa, o zaman nə üçün digər tərəfdən korrupsiya cinayətləri törətmiş insanların cəzalandırılması Avropa Şurasının bəzi insanlarını belə qıcıqlandırır? Bundan başqa, Avropa Şurasında yunan Kiprinin təmsilçisi olan və Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçinin təyin edilməsi təşəbbüsü ilə çıxış edən Xristos Pirqurides, görəsən, doğrudanmı Azərbaycan insanının, türklərin belə "yaxın dostu"dur? Eyni zamanda, Azərbaycanın, türklərin "dostu" olan Pirqurides nədən Qarabağda və Ermənistanda saxlanılan beş minə yaxın itkin düşmüş şəxsin, girovun, əsirin taleyi ilə bağlı heç bir təşəbbüslə çıxış etmir? Nədən rəsmi statistikaya görə 10-dan artıq, qeyri-rəsmi statistikaya görə 30-a yaxın insanın ölümü ilə nəticələnən dövlət səviyyəsində kütləvi zorakılığın tətbiqi halı Avropa Şurasında müvafiq qiymətini almır? Ancaq Azərbaycanda hansısa bir terrorçunun saxlanma şəraitinin Avropa standartlarına uyğun olub-olmaması Avropa Şurasını bu qədər ilgiləndirir və sözügedən qurum bu problemə böyüdücü şüşə ilə baxır.
Demək istəyirəm ki, bütün bunlar çox ciddi suallar doğurur. Bir daha qeyd edirəm ki, əgər Avropa Şurası Azərbaycanın üzləşdiyi işğal probleminə də bu qədər həssaslıqla yanaşsaydı, Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etsəydi, Ermənistanı qeyri-adekvat davranışına görə qınasaydı və həmin ölkənin hərbi-terror birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çəkilməsi istiqamətində Ermənistana ciddi təzyiqlər göstərsəydi, o zaman Avropa Şurasının digər sahələrdə göstərdiyi xüsusi böyük həssaslığı da anlamaq olardı. Ancaq gördüyünüz kimi, fərqlər göz qabağındadır. Həm Azərbaycanın daxilində olan problemlərə yanaşmada fərq, həm Avropa Şurasındakı bəziləri üçün lazım olan problemləri qabartmaq, lazım olmayan problemlərin üstündən isə sükutla keçmək, eyni zamanda, Azərbaycanla bölgənin digər ölkələrinə yanaşmada tamamilə fərqli mövqe ortaya qoymaq, bütün bunlar Avropa Şurasında mövcud olan ən azı bəzi qüvvələrin çox ciddi ikili standartlar mövqeyindən çıxış etməsini sübut edir.
Burada vurğulamaq istədiyim digər bir məqam da odur ki, Avropa Şurasında Ermənistanın ən böyük lobbisi elə Ermənistan üzrə həmməruzəçilər - cənab Preskot və cənab Kolumbyerdir. Bu şəxslər Ermənistanı Avropa Şurasında ən çox müdafiə edən, bu ölkəyə qarşı hər hansı bir tənqidi fikirlərin qarşısını alan şəxslərdir və belə demək mümkünsə, onları Avropa Şurasında Ermənistanın ən böyük dostları kimi tanıyırlar...

- Gültəkin xanım, sizcə, bu fikirləri Azərbaycan üzrə həmməruzəçilərə də şamil etmək olarmı?

- Əfsuslar olsun ki, bunu söyləmək çətindir. Azərbaycan üzrə həmməruzəçilər Azərbycanın yox, əslində, Azərbaycanı tənqid edən, bir çox hallarda isə ölkəmizə qarşı böhtan atan qüvvələrin yanında olurlar və yaxud yanında olmağa üstünlük verirlər. Bu, bizlərdə çox acı təəssüf hissi doğurur. Əgər siz özünüz Ermənistan üzrə məruzələri, bu məruzələr əsasında keçirilən dinləmələri diqqətlə izləsəniz, bir faktı çox aşkar şəkildə görərsiniz ki, cənab Herkel və xanım Jivkova Azərbaycan haqqında müsbət fikir söyləyən çıxışçılara - avroparlamentarilərə cavab verirlər, yəni, onların mövqelərinin düzgün olmadığını bildirirlər, ancaq Preskot və Kolumbyer isə Ermənistanı tənqid edən çıxışçıların çıxışlarını etdiyi məruzələri...

- Yeri gəlmişkən, maraqlıdır, Preskot və Kolumbyer Avropa Şurasında konkret olaraq hansı ölkələri təmsil edirlər?
- Cənab Kolumbyer Fransanın, cənab Preskot isə Böyük Britaniyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləridir və onların hər ikisi, birmənalı olaraq, Ermənistanın yanında olan insanlardır, Ermənistanın yaxın dostlarıdır.

- Gültəkin xanım, siz sözügedən şəxslərin mövqeyi ilə bağlı, xüsusilə, onların anti-Azərbaycan mövqeyi ilə əlaqədar, istər Böyük Britaniyadan olan həmkarlarınıza, istərsə də, Fransadan olan həmkarlarınıza öz etirazlarınızı, narazılıqlarınızı bildirirsinizmi?

- Bilirsiniz, Avropa Şurasında təmsil olunan müstəqil millət vəkilləridir və hər hansı bir deputatın öz həmkarına hansısa bir formada təsir, təzyiq  etmək imkanları yoxdur. Ancaq buna baxmayaraq, bildirmək istəyirəm ki, Böyük Britaniyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri arasında elə insanlar var ki, - məsələn, lord Tamilson son müzakirələrdə - Azərbaycanda keçirilən seçkilərlə bağlı müzakirələrdə ölkəmiz üzrə həmməruzəçi Herkelin mövqeyini kəskin tənqid etdi. O bildirdi ki, Azərbaycanda kifayət qədər normal seçki olub və Avropa Şurasının missiyasının qənaəti də belə olub ki, bu seçkilər Avropa standartlarına cavab verir. Ancaq bunun müqabilində cənab Herkel seçkilərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında çıxış edərkən, seçkilərə çox gözlənilməz və qeyri-adekvat rəy verib. Bununla da o, artıq öz mövqeyini Müşahidəçilər Missiyasının mövqeyi kimi sırımağa cəhd göstərib. Yəni, bu, özü Avropa Şurasında kəskin tənqid edilib. Bütün bunlar bir tərəfdən insalarda etiraz doğurursa, digər tərəfdən də bunları təbii qəbul etmək lazımdır...

- Hansı səbəbdən?

- Çünki Azərbaycan güclü dövlətdir, Azərbaycan  müstəqil ölkədir və Azərbaycanın müstəqil inkişaf yolunu hələ də qəbul etməyən qüvvələr var. Eyni zamanda, Avropa Şurası Ermənistana təzyiqlər etmir, ona görə ki, Ermənistanın arxasında daha ciddi havadarları durur və bir çox hallarda Rusiya ilə münasibətlərini korlamaq istəməyən Avropa Şurası, Ermənistanla münasibətlərə də bir qədər səthi yanaşır. Ancaq Azərbaycanın arxasında isə hər hansı bir güc, hər hansı bir ölkə durmur. Azərbaycan dövlətinin, Azərbaycan hakimiyyətinin arxasında yalnız və yalnız Azərbaycan xalqı, Azərbaycan xalqının iradəsi durur. Bu baxımdan da, görünür, Avropada olan bəzi qüvvələr Azərbaycana təzyiq etməklə müəyyən istəklərinə nail olmaq istəyirlər və mən çox təəssüf edirəm ki, bəzi hallarda Avropa Şurası da Azərbaycana təzyiq edən qüvvələrin əlində oyuncağa çevrilə bilir. Mən bunu acı təəssüf hissi ilə deyirəm və çox arzu edərəm ki, çox hörmət etdiyimiz bu mötəbər qurum öz simasını, öz imicini qoruya bilsin, doğrudan da, insan haqları, demokratiya təşkilatı kimi fəaliyyətini davam etdirə bilsin, kimlərinsə siyasi maraqlarına, siyasi ambisiyalarına xidmət edən təşkilata çevrilməsin.

- Gültəkin xanım, o da məlumdur ki, parlamentin yaz sessiyasının ilk iclasında Avropa Şurası sərt tənqidlərə məruz qaldı. Bu dəfə daha çox spiker Oqtay Əsədov və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nı tənqid hədəfi seçdi. Hətta sonuncu şəxs Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə yenidən baxılmasının mümkünlüyü barədə fikirlərini səsləndirdi. Bu baxımdan, Azərbaycanın Avropa Şurası ilə münasibətlərə yenidən baxması, o cümlədən, sözügedən qurumun özünün siyasi məhbus məsələsi üzrə Azərbaycana məruzəçi təyin etməsi ehtimal olunandırmı?

- Əvvəla, Azərbaycana siyasi məhbus problemi üzrə məruzəçinin təyin edilməsi məsələsi, sadəcə, söz olaraq qalacaq. Çünki məruzəçi o zaman təyin oluna bilər ki, ortada real bir fakt olsun, ortada real bir zəmin olsun. Bu gün isə faktiki olaraq Azərbaycanda belə bir zəmin yoxdur. Siyasi məhbus adlandırılan məsələ artıq çoxdan öz həllini tapıb və əgər Avropa Şurası siyasi məhbus axtarırsa, bu axtarışın məkanı Azərbaycan yox, Ermənistan və MDB məkanının bəzi digər üzvləri olmalıdır. Hesab edirəm ki, bunlar, sadəcə, Azərbaycana növbəti təzyiq cəhdlərindən başqa bir şey deyil və bu baxımdan, siyasi məhbus məsələsi üzrə məruzəçinin təyin olunacağını da ciddi qəbul etmirəm.
Parlamentin sərt mövqeyinə gəlincə, hər bir dövlətin, hər bir xalqın ən böyük sərvəti onun azadlığı, müstəqilliyidir və Azərbaycan ona görə öz müstəqilliyi uğrunda bu qədər şəhidlər, qurbanlar verməyib ki, indi hansısa kənar qüvvələr, hansısa digər ölkələr - Azərbaycanın müstəqilliyinə qısqanc yanaşan çevrələr, müəyyən maliyyə təzyiqi və yaxud siyasi təzyiq yolu ilə, eləcə də, hansısa beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə qarşı təzyiq göstərsin və s. Biz bu davranışın səbəblərini kifayət qədər ciddi anladığımız üçün həm millət vəkilləri, həm  parlamentin rəhbərliyi, həm də AŞ PA-dakı nümayəndə heyətimizin rəhbəri kifayət qədər sərt bəyanatlarla çıxış etdilər. Ancaq buna baxmayaraq, istənilən halda mən Avropa Şurasının gələcəyinə inanıram, inanıram ki, Avropa Şurası insan haqları və demokratiya təşkilatı olaraq öz imicini qoruyub saxlamaq üçün müəyyən addımlar atacaq. Həqiqətən də, demokratiyanın və insan haqlarının yanında olduğunu sübut edəcək. Hansısa güclərin yanında, hansısa maraqların yanında yox, insan hüquqlarının və demokratiyanın yanında dayandığını ortaya qoyacaq. Bu halda isə mən Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlıq münasibətlərinin gələcək perspektivlərini işıqlı görürəm.

Digər xəbərlər