SİA-nın "müsahibə" rubrikasının bugünkü qonağı Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri, NATO Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovdur
- Ziyafət müəllim, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi zərurətini necə qiymətləndirirsiniz?
- Referendumun keçirilməsini zəruri edən səbəblər barədə dəfərlərlə məlumat versək də, müxalifət mətbuatı əsassız yerə anti-referendum kampaniyası aparır. Müxalifət özü də bilir ki, heç bir sosial dayağı və dəstəyi yoxdur. Onların arqumentlərinin cəfəng olmasına baxmayaraq, buna növbəti dəfə münasibət bildirmək lazım gəlir. Əvvəla, bu dəyişikliklər xalqdan gələn sifarişdir və xalqın iradəsinin ifadəsidir.
Hüquq elmində referendum xalqın iradəsinin ən yüksək ifadəsi kimi səciyyələndirilir. Yəni, Konstitusiyamıza görə, dövlətçiliyimizlə, milli maraqlarımızla bağlı olan bütün məsələlərə xalq öz münasibətini bildirməlidir. Hazırda referenduma çıxarılacaq 29 maddədə ediləcək dəyişikliklərin hər biri xalqımız üçün həyati zəruri olan məsələlərdir və bunlara xalqın öz fikrini bildirməsi olduqca vacibdir.
Məsələn, indiyədək Konstitusiyanın 12-ci maddəsində göstərilirdi ki, Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının qorunması dövlətin ali məqsədidir. İndi isə həmin maddəyə ediləcək dəyişiklikdə "vətəndaşların hüquq və azadlıqlarının qorunması" birləşməsindən sonra "layiqli həyat səviyyəsinin təmin olunması" ifadəsi əlavə olunur. Yəni, bizim dövlətimizin hazırkı inkişaf səviyyəsi və iqtisadi gücü imkan verir ki, vətəndaşların daha yüksək layiqli həyat səviyyəsini təmin edək. Dövlətimizin humanistliyi və sosial dövlət olması bundan ibarətdir.
Eyni zamanda, 15-ci maddədə göstərilir ki, Azərbaycan iqtisadiyyatı sosial yönümlü iqtisadiyyatdır. Ümumilikdə, dövlətin özü sosial dövlətdir. Bura həm iqtisadiyyatın liberallaşması, həm vətəndaşların sosial-iqtisadi hüquqlarının daha yüksək səviyyədə reallaşdırılması, həm vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, həm uşaqların əməyinə daha yüksək qiymət verilməsi və onların ağır əməkdən uzaqlaşdırılması, həm də uşaqların və gənclərin təhsil və səhiyyə problemlərinin həll edilməsi məsələləri daxildir. Məhz referenduma çıxarılan dəyişikliklərdə iqtisadiyyatın sosial yönümlü olması bunlardan qaynaqlanır.
Bundan əlavə, referenduma çıxarılan məsələlər arasında uşaq əməyinin tənzimlənməsi, parlamentin səlahiyyətləri, prezidentin seçilmə qaydaları, bələdiyyələrlə, eks-prezidentlərin statusu və digər məsələlərlə bağlı müddəalar var. Bütün bunlar dövlətimizlə, dövlətçiliyimizlə bağlı olan və ölkəmizdə demokratiyanın inkişafına xidmət edəcək məsələlərdir. Xüsusilə, referendumun keçirilməsinin özü demokratiyanın ən yüksək təzahür formalarından biridir.
Hüquq elmində demokratiya 2 hissəyə ayrılır: bilavasitə və nümayəndəli demokratiya. Birbaşa xalqın fikir bildirməli olduğu məsələlər məhz referendum vasitəsilə həll edilir. Bu baxımdan, ölkəmizdə referendum keçirilməsi özlüyündə çox demokratik bir addımdır. Yəni, müzakirəyə çıxarılan məsələlər hansısa orqan çərçivəsində həll edilərdisə, bu, qeyri-demokratik olardı. Amma məsələlərin mahiyyəti və məzmunu onu deməyə əsas verir ki, onlar birbaşa xalqın müzakirəsinə çıxarılmalıdır. Xalqın dəyişikliklərə necə münasibət bildirəcəyi isə xalqın öz işidir. Zənnimcə, xalqımız müzakirəyə çıxarılan məsələlərin mahiyyətini düzgün dərk edəcək və sözügedən dəyişikliklərə öz münasibətini bildirəcək.
- Ümumiyyətlə, millət vəkili kimi vətəndaşların referendumda iştirak səviyyəsini necə proqnozlaşdırırsınız?
- Referendumda fəallıq səviyyəsinin yüksək olacağını düşünürəm və bunu söyləmək üçün əlimdə əsas var. Çünki ötən ilin oktyabr ayında keçirilən prezident seçkilərində vətəndaşların iştirakçılıq səviyyəsi çox yüksək oldu. Bu, əhalinin siyasi fəallığının olduqca yüksək olduğunu göstərir. Həmin məqamı və referenduma çıxarılan məsələlərin bilavasitə vətəndaşların hüquq və azadlıqlarının qorunması ilə bağlı olduğunu nəzərə alaraq, deyə bilərəm ki, bu dəfə də əhalinin fəallıq səviyyəsi çox yüksək olacaq.
- Azərbaycanın hərbi doktrinasının qəbul olunması məsələsi cari il parlamentdə müzakirə oluna bilərmi?
- Mümükündür. Xeyli müddətdir cənab prezidentin sərəncamına əsasən hərbi doktrina ilə bağlı xüsusi komissiya yaradılıb. Bildiyimə görə, həmin komissiya artıq doktrinanı işləyib başa çatdırmaq üzrədir. Güman ki, Milli Məclisin yaz sessiyasında həmin layihə parlamentə təqdim olunacaq və biz onu qəbul edəcəyik. Bu, birbaşa cənab prezidentin səlahiyyətinə aid olan məsələ olduğu üçün hərbi doktrinanın layihəsi prezidentdən gələcək və müzakirə olunacaq.
- Hərbi doktrinanın qəbul edilməsini zəruri edən səbəblər nədən ibarətdir?
- Ümumiyyətlə, hər bir müstəqil dövlətin bütün sahələr üzrə proqramları, konsepsiyaları olur. Bizim Milli Təhlükəsizlik Konsepsiyamız və Milli Təhlükəsizlik haqda qanunumuz var. Yəni, milli təhlükəsizliklə bağlı dövlətimizin qarşısında hansı məsələlər dayanır və sabahkı prioritetlərimiz nədən ibarətdirsə, onlar hamısı həmin konsepsiyada öz əksini tapır. Möhtərəm Prezidentimiz tərəfindən parlamentə göndərilən və qəbul olunan hər iki sənəd çox mükəmməl və Azərbaycanın milli təhlükəsizliyinin qorunması baxımından olduqca vacib sənədlərdir.
Müdafiə sahəsində də hərbi doktrinanın qəbul edilməsi vacib və Konstitusiyada əksini tapmış müddəadır. Güman edirəm ki, məzmunundan asılı olmayaraq, bizim doktrinamız müdafiə xarakterli olacaq. Çünki Azərbaycan sülhsevər bir dövlətdir və yalnız öz sərhədlərinin qorunması çərçivəsində belə bir doktrinanı formalaşdırır. Həmin sənədin konkret məzmunu barədə indidən fikir söyləyə bilmərəm. Amma bəzi Avropa dövlətlərinin hərbi doktrinalarının məzmununa nəzərən deyə bilərəm ki, bu doktrina Azərbaycanın geosiyasi, geostrateji mövqeyi, dünya miqyasındakı nüfuzu, qonşuları və region dövlətləri ilə münasibətləri, həmçinin, beynəlxalq təşkilatlarla münasibətlərinin məzmunu nəzərə alınmaqla, hazırlanacaq və parlamentə təqdim olunacaq.
- Həmin sənədin gizliliyi baxımından nə deyə bilərsiniz?
- Hesab edirəm ki, doktrina konfidensial sənəd olmayacaq. Burada Azərbaycanın müdafiə sahəsində strateji məqsədləri və digər strateji xarakter daşıyan müddəalar öz əksini tapacaq. Bu baxımdan, burada hansısa gizli bir müddəanın əksini tapacağını düşünmürəm. Bunu bir növ hərbi konstitusiya da adlandırmaq olar.
- Bu yaxınlarda Rusiya Ermənistana 800 mln dol həcmində silah-sursat göndərdi. Bu məsələnin Milli Məclisdə müzakirə olunması gözlənilirmi?
- Bildiyiniz kimi, bu məsələyə parlamentin ötən iclasında hörmətli sədrimiz Oqtay Əsədov cənabları aydınlıq gətirdi. Qərara alındı ki, bir qrup deputatımız Rusiya Dövlət Dumasına ezam edilsin və orada dostluq qrupları çərçivəsində problem müzakirə olunsun. Artıq bu müzakirələrin nəticəsindən asılı olaraq, məsələyə Milli Məclisdə baxıla bilər. Yəni, problemin parlamentdə müzakirə olunub-olunmaması deputatların görüşünün nəticəsindən asılı olacaq.
Ümumiyyətlə, silahın verilməsinə gəldikdə, Rusiya rəsmiləri bəyan etdilər ki, Ermənistana bu məbləğdə silah-sursat verilməyib. Amma bu bəyanatlara qədər Rusiyanın kifayət qədər yüksək rütbəli şəxsləri həmin silah-sursatın Ermənistana ötürülməsini bəyan etmişdilər. Təəssüf ki, bu məsələdə Rusiya vahid mövqe nümayiş etdirmədi. Əvvəl dedilər verilib, sonra dedilər verilməyib, indi də deyirlər ki, məsələ araşdırılır. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, 1996-cı ildə Rusiya Ermənistana 1 mln dol həcmində silah-sursat göndərmişdi. O zaman da Moskva bu hadisəni təkzib edirdi. Lakin sonradan həmin faktın doğruluğu təsdiqləndi.
Mən şəxsən Moskvanın belə bir addım atmasını pisləyirəm. Bildiyiniz kimi, Azərbaycanla Rusiya arasında mehriban qonşuluq və əməkdaşlıqla bağlı bəyannamə imzalanıb. Rusiyanın bu hərəkəti isə ölkələr arasındakı mehriban qonşuluq münasibətlərinə heç cür uyğun gəlmir. Bir tərəfdən, mehriban qonşu, dost olduğumuzu bəyan edirik, digər tərəfdənsə arxadan zərbə vururlar. Bu da bizi çox incidir.
Bəzən deyirlər ki, Rusiya ilə Ermənistan arasında 1997-ci ildə hərbi müqavilə imzalanıb, həmin müqavilə çərçivəsində Rusiya Ermənistana silah verir və burda qeyri-adi heç nə yoxdur. Lakin bu fikir olduqca yanlışdır. Çünki Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində vasitəçilik missiyasını öz üzərinə götürən dövlətlərdən biridir. Moskva üzərinə rəsmi öhdəlik götürüb ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, Ermənistana silah verməyəcək.
Eyni zamanda, 1993-cü ildə Ermənistan qoşunlarının işğal altındakı torpaqlardan dərhal çıxması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunub. Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Rusiya özü həmin qətnamələrin qəbul olunmasında birbaşa iştirak edib. Digər tərəfdən, Avropa Şurasının da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarı oldu. Həmin qərarda birmənalı göstərilir ki, Ermənistan Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağı işğal edib və burada 1 milyondan artıq qaçqın, məcburi köçkün meydana gəlib. Nəhayət, ötən il noyabrın 2-də Moskva bəyannaməsi imzalandı və Rusiya prezidenti şəxsən həmin bəyannaməyə imza atdı. Belə olan halda, tərəflərdən birini silahlandıran Rusiya münaqişənin həllində necə vasitəçilik edə bilər? Bu, qeyri-normal vəziyyətdir və problem ciddi müzakirə olunmalıdır. Rusiya münaqişənin həllində səmimi olduğunu iddia edirsə, bunu əməldə də sübut etməlidir. Yoxsa sözdə bir cür, əməldəsə başqa cür görünürlərsə, biz belə səmimiyyətə inana bilmərik.
- Rusiyanın bu addımı dövlətlərarası münasibətlərə xələl gətirə bilərmi?
- Biz Azərbaycanla Rusiyanın münasibətlərinin soyumasını istəmirik və belə olmayacağına da inanırıq. Dövlətlər arasında çox yaxşı münasibətlər var və biz hər zaman bu münasibətlərdə səmimi olmuşuq. Tələb edirik ki, Rusiya da, öz növbəsində, bu səmimiliyə qarşı səmimi cavab versin. İnanıram ki, Rusiyada da bunu başa düşən insanlar tapılacaq. Hər halda Rusiyanın hazırkı siyasi elitası Azərbaycana normal münasibət bəsləyir. Silah verilmə məsələsində də inanıram ki, biz problemi həll edə biləcəyik.
- Siz NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbərisiniz. Bu məsələnin həmin qurum çərçivəsində müzakirə olunmasına ehtiyac var?
- Mən bununla əlaqədar bir dəfə fikir bildirmişəm. Bu dəfə də sizin mətbuat orqanı vasitəsilə bəyan edirəm ki, biz NATO Parlament Assambleyasının yaz sessiyasında Rusiyanın Ermənistana silah-sursat göndərməsi məsələsini qaldırmaq niyyətindəyik. Hələlik, deputat qrupumuzun Dumaya səfərinin nəticələrini gözləyirik. Müzakirələrin nəticəsi bizi qane edərsə, nümayəndə heyəti həmin problemin NATO Parlament Assambleyasında qaldırılması məsələsin yenidən baxa bilər. Yox, əgər Rusiya tərəfinin arqumentləri bizi qane etməsə, biz məsələnin həmin qurumda müzakirə olunmasına nail olacağıq. Bu mənada, biz NATO Parlament Assambleyasının yaz sessiyasına çox ciddi hazırlaşırıq.
- Son vaxtlar orduda xoşagəlməz hadisələrin baş verməsi ilə bağlı mətbuatda xeyli sayda məlumatlar gedir. Bu kimi məlumatlara nə deyə bilərsiniz?
- Ordu cəmiyyətin bir hissəsidir. Azərbaycan dövləti, iqtisadiyyatı, cəmiyyəti inkişaf etdikcə, ordumuz da inkişaf edir. Bu inkişafın fonunda bəzi epizodik halların şişirdilməsi və onlara ictimai don geydirilməsi heç cür qəbul edilə bilməz. Zənnimcə, öz dövlətini, öz ordusunu və öz əsgərini istəyən adam belə addımlar ata bilməz. Cəmiyyətdə olduğu kimi, orduda da hansısa epizodik hallar baş verə bilər. Xatırlayırsınızsa, bir müddət əvvəl bir əsgərlə bağlı belə hadisə baş vermişdi. Ondan dərhal sonra həmin hərbi hissənin rəhbərliyi və cinayəti törədən əsgər cinayət məsuliyyətinə cəlb olundu. Yəni, hər bir cəmiyyətdə bu cür hallar yarana bilər. Əsas odur ki, Azərbaycan dövləti, Azərbaycan ordusu bu kimi hadisələrə dərhal reaksiya verir və bütün mənfi hallar aradan qaldırılır.
Heç kim sürətlə inkişaf edən Azərbaycanın imicinə hansısa xırda məqamlara görə xələl gətirə bilməz. Azərbaycan bu gün dünyada ən inkişaf edən dövlətlər sırasındadır. Bildiyiniz kimi, Dünya Bankı Azərbaycanı birinci islahatçı dövlət elan etdi. Ona görə də belə ürəkaçan, qürurdoğurucu tendensiyaların fonunda xırda məsələləri qabartmağı, həddən artıq şişirtməyi qəbul etmirəm. Bunda maraqlı olan müxalifət qüvvələrinə də müraciət edirəm ki, hər şeyə qara eynəklə baxmasınlar, ölkədə gedən inkişafı görsünlər. Təəssüf ki, onlar ötən əsrin 90-cı illərinin əvvəllərində necə idilərsə, indi də elədirlər, bu insanlarda inkişaf getmir. Ya inkişaf etmək istəmirlər, ya da inkişaf üçün potensialları yoxdur. Azərbaycan inkişaf etdikcə, onların qanı qaralır. Bu insanların prinsipi ondan ibarətdir ki, ölkədə vəziyyət nə qədər pisləşsə, bir o qədər onların xeyrinədir. Hansı yollarla olursa-olsun, hakimiyyətə gəlmək naminə xalqın, dövlətin pis vəziyyətə düşməsini arzulamaq vətəndaşlıq mövqeyi deyil, düşmənçilik mövqeyidir.
(Ardı var)