Avropa Şurası üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi üçün Ermənistana müddət verdi
Politoloq Qabil Hüseynlinin eksklüziv müsahibəsi
- Qabil bəy, gözlənilənlərin tam əksinə olaraq Avropa Şurası növbəti sessiyasında yenə də ikili standartlardan çıxış edərək Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədi. Bunu nə ilə izah etmək olar?
- Avropa Şurası Ermənistana qarşı heç bir sanksiya tətbiq etməsə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi üçün müddət verdi. Bu müddətin özü siyasi məsuliyyət yaradır. Ermənistana yeni öhdəliklər qəbul etdirmək xarakteri daşıyır. Çünki qətnamədə göstərilir ki, Ermənistan üç ay müddətinə həm mart hadisələri ilə bağlı obyektiv tədqiqatların aparılmasına nail olmalı, həm də qondarma ittihamlarla həbs olunan insanları azad etməlidir.
Düzdür, Avropa Şurası bir dəfə Rusiyanın təşkilatda sahib olduğu səsvermə hüququnu əlindən alıb. Şura ölkələri cəzalandırmaq metodunu yox, onları Avropa dəyərlərinə yönələn işlər görməyi qarşısına məqsəd qoyub. Ümumiyyətlə, Avropa Şurasının ciddi cəza mexanizmi yoxdur. Yalnız üzvlükdən azad etmək, səsvermə hüququndan məhrum etmək və s. cəza üsulları mövcuddur. Yəni, Avropa Şurası çalışır ki, dövlətləri Avropa və ümumbəşəri dəyərlərə doğru inkişaf etməyə hədəfləndirsin. Zənnimcə, Ermənistanla belə yumşaq davranılmağının səbəblərindən biri məhz budur. Etiraf edək ki, Avropada Ermənistanı əsil xristian dəyərlərinə qovuşdurmağa can atan dairələr var. Bu məqsədlə Ermənistanı çox ürkütmək istəmirlər. Hətta orada Ermənistanın Rusiyanın ağuşundan qoparmağın vacibliyi qeyd olunan tezis var. Vurğulanır ki, Ermənistanı Avropanın iqtisadi- siyasi məkanına daxil etməklə onun həm avtoritarizmdən xilas olmasına, həm də əsil Avropa dövlətinə çevrilməsinə çalışmaq lazımdır. Əlbəttə, indiki məqamda erməni lobbisinin Avropada müəyyən təsir imkanlarına malik olduğunu və müəyyən dairələrdə Ermənistana qarşı xüsusi münasibətin mövcudluğunu söyləmək olar. Çünki Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşmaq, eləcə də, Ermənistanın tərəfkeşliyini çəkmək və s. qeyri-obyektiv məqamlar dərhal özünü büruzə verir. Amma hesab edirəm ki, Ermənistanda son prezident seçkilərində baş verən və ondan sonra törəyən hadisələr Avropa qurumlarında asanlıqla qəbul edilməyəcək.
- Avropa Şurasının növbəti sessiyasında Rusiyanın Ermənistana yüksək məbləğdə hərbi-silah sursat satması məsələsi də müzakirə olunmadı. Bunu nə ilə əlaqələndirmək olar?
- Həqiqətən, bu məsələnin üzərində dayanmağa dəyər. Çünki çox ciddi bir məsələdir. Bu, təkcə Azərbaycana qarşı çevrilmiş fakt deyil. Ermənistana verilmiş silahlar içərisində strateji xarakterili silah növləri də var. Məsələn, SS 300 tipli yeni raket qurğuları sırf hücum silahlarıdır. Bu silahlar həm də NATO-nun üzvü olan Türkiyəyə qarşı yönəlib. Ermənistanın sürətlə silahlandırılması və onun Cənubi Qafqazda Rusiyanın fortpostuna çevrilməsi Avropa ölkələrinin iqtisadi maraqlarına ciddi zərbə vurur. Avropa bu gün alternativ qaz kəməri olan NABUCCO layihəsinin baş tutmasına maksimum qüvvə sərf edir. Amma Rusiyanın Ermənistana silah satması faktı nəzərə alınanda strateqlər Ermənistanın militaristləşdirilməsinin bu cür layihələrin başı üzərində təhdid olduğunu dərk edir.
Rusiya Gürcüstana hücum edəndə Bakı-Tbilisi-Ceyhan neft kəmərini təhdid edən müəyyən addımlar atmışdı. Hətta o zaman sözügedən neft kəmərinin yaxınlığında aviobomba tapılmışdı. Sonradan həmin aviobombaların Ermənistana məxsus bombardmançı təyyarələr tərəfindən atıldığı aydınlaşdı. NABUCCO layihəsi uğurla başa çatdıqdan sonra heç kim Ermənistanda yerləşdirilən rus hərbi bazalarından buraya hücum təhlükəsinin olmayacağını zəmanət verə bilməz. Çox təəssüf hissi ilə qeyd edirəm ki, ABŞ və Avropa ölkələri son zamanlar Rusiyanın militarist davranışlarına sakit yanaşır. Cənubi Qafqazda mövcud olan münaqişələrin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən danışaraq bölgədə təcavükzar rol oynayan, başqa ölkənin torpaqlarını istila edən bir ölkənin sürətlə silahlandırılmasına, eləcə də, ATƏT-in cinah sazişinin, silahlı qüvvələrin kvotasına dair kriteriyaların Ermənistan tərəfindən pozulmasına sükutla yanaşmaları insanı düşüncələrə qərq edir. Hesab edirəm ki, Rusiyanın Ermənistana silah satması ABŞ-ın və Avropa Birliyinin geosiyasi maraqlarına zərbədir. Həmin dövlətlər Rusiyanın bu addımını mütləq pisləməlidir.
- Rusiyanın Ermənistana silah-sursat satması xəbərinə Türkiyə, Gürcüstan və İran böyük əhəmiyyət vermədi. Sizcə, qonşu dövlətlərin bu silahların onlara qarşı yönələ biləcəyini bildiyi halda kəskin reaksiya verməməsinin səbəbi nədir?
- İndi Türkiyədə vəziyyət çox gərgindir. Bunun bir səbəbi yerli seçkilərlə bağlıdırsa, digəri isə bu ölkənin xarici siyasət ariyentirlərinin bir-birinə qarışması ilə əlaqədardır. Türkiyə Azərbaycan qazından tranzit xərclərindən əlavə, 15 faizlik pay tələb edir. NABUCCO layihəsində problemlər yaradan təkliflər irəli sürür. Ermənistanla isti münasibətlər qurmaq üçün bir-birinin ardınca Türkiyə mətbuatında müxtəlif xoşagəlməz təşəbbüslər peyda olur. Eyni zamanda, Türkiyədə mövcud olan qarışıqlıq bu ölkənin öz dövlət və strateji maraqlarına ziyan gətirən məqamlara qarşı adekvat cavab verməyə imkan vermir. Türkiyə ən azından "burnunun dibində" olan və ona düşmən mövqeyindən yanaşan Ermənistanın sürətli silahlanması ilə bağlı məsələni beynəlxalq təşkilatlar qarşısında qaldıra bilər.
Gürcüstanın mövqeyi də məni xeyli təəccübləndirir. Çünki Gürcüstanın başına gətirilən bütün müsibətlər məhz Ermənistandakı hərbi bazalardan qalxan aviozərbələr nəticəsində mümkün olmuşdu. Yəni, aviasiya zərbələrindən sonra Gürcüstanda təlaş, qorxu yarandı və ordunun idarə edilməsi işi tamamilə pozuldu. Rus tanklarının Gürcüstan paytaxtına doğru irəliləməsi xeyli asanlaşdı. Gürcüstandan çıxarılan zirehli texnikanın böyük bir hissəsi də Ermənistana göndərildi. Əlavə olaraq 69 adda və ən müasir silah-sursatlar Ermənistana göndərildi. Bir sözlə, bu ölkə təpədən-dırnağa qədər silahlandırıldı və orada Rusiyanın ikinci hərbi bazası açıldı. Qeyd edim ki, bu silahların hamısı Rusiyaya məxsus idi. Ona görə bu fakt təkcə Azərbaycan üçün deyil, həm də Gürcüstan üçün böyük təhlükədir. Hətta Ermənistanın silahlandırılması Gürcüstan üçün daha təhlükəlidir. İkincinin bu məsələ ilə bağlı Azərbaycanla məsləhətləşib ortaq mövqe ortaya qoymaması və beynəlxalq qurumlara müraciət etməməsi təəccüblü hadisədir. Bu məsələdə Azərbaycan və Gürcüstan maraqlarının əlaqələndirilməsi hər iki ölkənin xarici siyasətinin üzərinə düşür.
- 1948-1953-cü illərdə Ermənistandan deportasiya olunan azərbaycanlıların öz yerlərinə qayıtması üçün müzakirələrin aparılacağı deyilirdi. Sizcə, avropalı parlamentarilərin bu məsələyə yüksək əhəmiyyət verməməsi nədən qaynaqlana bilər?
- Azərbaycan tərəfi bu məsələni də Avropa Şurasının rəhbərliyi qarşısında qaldırıb. Qeyd edim ki, azərbaycanlıların Ermənistandan deportasiyası təkcə 1948-1953-cü illəri əhatə etmir. Bu tarix 1828-ci ildən başlayan və təqribən 8 dəfə bir-birini təqib edən prosesdir. Yəni, azərbaycanlılar 8 dəfə Ermənistan ərazisindən deportasiyaya məruz qalıblar. Zənnimcə, bu məsələ məhsəti türklərinin məsələsindən daha aktual və daha ciddidir. Bu tarixlə bağlı çoxsaylı faktlar mövcuddur. Məhsəti türkləri 300 min nəfərə yaxın olduqları halda, onlardan yalnız 150 min nəfəri geriyə qayıtmaq istəklərini bəyan edib. Ancaq Ermənistandan deportasiya olunan azərbaycanlıların sayı milyonlarladır. Bu baxımdan, ikinci daha ciddi humanitar problemdir.
Avropa Şurası problemə eyni həssaslıqla yanaşmalı və Ermənistan qarşısında müvafiq öhdəliyin götürülməsinə nail olunmalıdır. Çünki deportasiya zamanı həmin insanlar işgəncələrlə yanaşı, eyni zamanda, çoxlu maddi itkilərə də məruz qalıblar. Həm də Ermənistan həmin insanların əbədi və əzəli yurdlarıdır. Avropa Şurası Ermənistandan deportasiya olunan azərbaycanlıların oraya qayıtmasını mütləq gündəmə gətirməlidir.
- Sizcə, bu məsələdə azərbaycanlıların tapdanmış hüquqları müdafiə olunacaqmı? Və yaxud lobbiçiliyin bu məsələdə fəaliyyətini gücləndirməsinə ehtiyac varmı?
- Bu məsələ Avropa Şurasında azərbaycanlı millət vəkillərinin biri tərəfindən qaldırılıb. Amma Azərbaycan dövləti rəsmi sürətdə Avropa Şurasına müraciət etməlidir. Yaxud Azərbaycandan deportasiya edilmişlərin hüquqlarını müdafiə edən təşkilatların biri şuraya müraciət etməli və məsələnin həll edilməsinin vacibliyi tələb şəklində qaldırılmalıdır. Məsələn, məhsəti türkləri "Vətən Cəmiyyəti"nin adından AŞPA-ya müraciət etmişdilər. Çünki nə qədər tərəfkeşlik etsələr və subyektiv düşüncə ilə yanaşsalar da, məsələ ardıcıl sürətdə qaldırılarsa, müəyyən praktik nəticələrin əldə olunması mümkündür.
- ABŞ-ın 44-cü prezidenti Barak Obama dünyada mövcud olan münaqişəli bölgələrə nümayəndələrin göndərilməsi ilə bağlı müvafiq qərar verib. Sizcə, yeni prezident Dağlıq Qarabağ münaqişəsinin həllində nə dərəcədə ədalətli olacaq?
- Azərbaycan Amerika üçün strateji müttəfiq rolunu oynayır və bu müttəfiqlik funksiyasını vicdanla yerinə yetirir. Əgər Azərbaycan ərazisi olmasa, Amerikanın Əfqanıstanda yürütdüyü siyasət və ordakı ordunun təchizatı məsələləri ciddi sual altına düşə bilər. Üstəlik, Azərbaycanda hasil olunan neftin 60-65 faizi Amerika şirkətlərinin payına düşür. NABUCCO layihəsində Amerikanın maraqlı olduğunu nəzərə alsaq, bu qaz həmin ölkəyə də sıxılmış maye qaz halında göndərilə bilər. Belə olan halda Azərbaycanın Amerika üçün əhəmiyyəti nəzərəçarpmaz dərəcədə artır.
Güman edirəm ki, Obamanın müşavirləri, xarici siyasət xəttini işləyib - hazırlayanlar Ermənistanı və Azərbaycanı qarşısını qoyaraq müqayisə etməlidirlər. Onlar bu iki münaqişə tərəfindən hansının daha çox Qərbin strateji maraqlarına cavab verdiyini ayırd etməlidir. Onu da başa düşməlidirlər ki, Ermənistan bölgədə Rusiyanın forpostu kimi hər zaman Qərbin maraqlarına qarşı çıxış edib. Bu baxımdan, Ermənistan bölgədə işğalçı və sabitliyi pozan bir ölkə kimi ad çıxarıb. Ümid edirəm ki, Obama Cənubi Qafqaz bölgəsi ilə bağlı xarici siyasət xəttini işləyib - hazırlayarkən Azərbaycanın çox böyük geostrateji əhəmiyyətini nəzərə alacaq. Öz ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə obyektiv nail olacaq.