PDF Oxu

Müsahibə

  • 11

ABŞ münaqişəli bölgələrə nümayəndələr göndərəcək

ABŞ münaqişəli bölgələrə nümayəndələr göndərəcək
Müsahibimiz tarix elmləri doktoru, professor Musa Qasımlıdır

- Musa müəllim, ABŞ prezidenti Barak Obama münaqişəli bölgələrə nümayəndələrin göndərilməsi və bu istiqamətdə araşdırma aparılıb məruzə edilməsi üçün sərəncam imzalayıb. Sərəncamı necə dəyərləndirirsiniz? Dağlıq Qarabağla bağlı nümayəndələrin hansı mövqeyə gələcəyi sizdə nikbinlik yaradır?

- ABŞ-ın yeni prezidenti B.Obamanın dünyada mövcud olan münaqişələr üzrə ayrı-ayrı nümayəndələrini təyin etməsi dərin məna daşıyır. Bildiyimə görə, artıq Yaxın Şərq, Pakistan və Əfqanistan üzrə öz səlahiyyətli nümayəndələrini təyin edib. Digər bölgələrdə də münaqişələr var. Prezidentin həmin münaqişələr üzrə nümayəndələrini təyin edəcəyini gözləmək olar. Bu addım ABŞ-ın dünya işlərində daha yaxından iştirak etmək niyyətini ortaya qoyur və bu beynəlmiləlçilik həddinin tərkib hissəsi hesab edilir. Bu, həm də onu göstərir ki, ABŞ dünyada baş verən bu və ya digər münaqişələrdə tərəfsiz qalmayacaq, öz konkret mövqeyini ortaya qoyacaq. Hesab edirəm ki, Obama dövründə ABŞ-ın Dağlıq Qarabağ problemi üzrə fəaliyyəti də genişlənəcək. Fikrimcə, ABŞ-ın belə addımı müsbətdir və Azərbaycan tərəfindən müəyyən konkret işlərin görülməsini tələb edir. Azərbaycan dövləti istər hökumət, istər qanunverici orqan, istərsə də QHT və KİV-lər ABŞ-la yaxından əməkdaşlıq edilməsində, səmərəli formasının tapılmasında fəaliyyət göstərməlidir. Bütün işlər ABŞ-la necə əməkdaşlıq etməyimizdən asılı olacaq.

- Dağlıq Qarabağla bağlı ABŞ-ın, təəssüflər olsun ki, konkret mövqeyi hələ ki, bəlli deyil. Buna BMT-nin Baş Assambleyasının məlum sessiyasında Minsk Qrupunun amerikalı həmsədrinin tutduğu mövqeyini misal göstərmək olar. Bu fakt olduğu halda, B.Obamanın konkret mövqeyi bəlli olacaqmı?

- ABŞ-ın dostu və düşməni yoxdur, onun maraqları var. Adıçəkilən ölkənin indiki halda bu məsələlərdə bitərəf mövqe tutması, əslində, təcavüzkarın, ədalətsizin, haqsızın yanında olduğunu göstərir. Dağlıq Qarabağ məsələsində haqqı pozulan, tapdalanan Azərbaycandır. Əgər ABŞ imzaladığı sənədlərə hörmət edirsə, o, mütləq Azərbaycanın maraqlarına hörmətlə yanaşmalıdır. Əgər ABŞ-ın maraqları tələb edəcəksə, onda amerikalılar üçün nəinki ikili standart, hətta çoxstandartlılıq da saxlanılacaq. Hər şeyi ABŞ-ın maraqları müəyyənləşdirəcək.

- Sizin fikrinizdən belə başa düşüldü ki, ABŞ bu məsələdə Azərbaycanın haqlı mövqeyini müdafiə etməli olacaq. Bu halda, Rusiya regionda ABŞ-ın möhkəmlənməsinə göz yumacaqmı?

- Regionda gedən proseslər təkcə region çərçivəsi ilə məhdudlaşmır. Bütün bunların hamısı böyük dövlətlər arasında gedən nüfuz müharibəsinin konkret nəticəsidir. Bugünkü günə qədər Dağlıq Qarabağ məsələsinin həll edilməməsinin başlıca səbəbi böyük dövlətlər arasında gedən mübarizədir. Rusiya bu regionu özünün arxa bağçası hesab edir, ABŞ-ı irəli buraxmaq istəmir. Adıçəkilən ölkə isə hər vəchlə bura girmək istəyir. Ona görə, ABŞ diplomatiyası Rusiyanın atacağı addımlardan asılı olacaq. Amma hər halda hesab edirəm ki, ABŞ bu regionda fəallaşacaq. Rusiyanın da ona reaksiyasını gözləməyə dəyər.

- Bildiyimiz kimi, Rusiya Ermənistana 800 mln dol dəyərində hərbi silah-sursat satıb. Sizcə, Rusiyanın Ermənistanı silahlandırmasının arxasında hansı maraqlar dayanır?

- Rusiyanın Ermənistana silah satması faktını Rusiya Xarici İşlər Nazirliyi təkzib etdi. Əgər bunu təsdiq etsəydi, o zaman Rusiyanın münaqişə bölgələrinə silah satışını təsdiqləyəcəkdir. Bu isə beynəlxalq hüquq normalarına ziddir. Amma ən mürəkkəb məsələ ondan ibarətdir ki, bu bəyanatdan az qala aydın olur ki, Rusiya rəsmi yolla silah satmayıb, kimlərsə silah satıb. Bu, o deməkdir ki, Rusiyada silah satışı ayrı-ayrı insanların əlindədir. Elə şərait ola bilər ki, hətta nüvə silahı terrorçu qrupların əlinə düşə bilər. Bu, daha pis nəticələrə gətirib çıxara bilər. Rusiyanın Ermənistanı silahlandırması təkcə Azərbaycana qarşı yönəlməyib. Bu silahlandırma Gürcüstana, Türkiyəyə qarşı da yönəlib. Ən geniş mənada isə, Türkiyə ərazisində olan NATO hərbi obyektlərinə və deməli, NATO-nun genişlənməsinə qarşı yönəlib. Rusiyanın Ermənistan silahlandırması, əslində, ABŞ başda olmaqla Qərb və NATO ölkələrinə qarşı yönəlib.

Digər xəbərlər