PDF Oxu

Müsahibə

  • 10

“Uşaqlar bizim gələcəyimizdir”

“Uşaqlar bizim gələcəyimizdir”
- Sevinc xanım, uşaqların müdafiəsi, onların davamlı olaraq qayğı ilə əhatə olunmalarını qənaətbəxş hesab etmək olarmı?
- Biz hamımız vaxtı ilə uşaq olmuşuq, uşaq düşüncəsinin, arzularının, sevincinin insanın gələcək həyatında nə qədər böyük əhəmiyyət kəsb etdiyini yaxşı bilirik. Uşaqlar bizim həyatımızın mənası, ömrümüzün sevinci, gələcəyimizin təminatçısı, qürurumuz, səadətimiz, ümidimizdir. Biz uşaqların sevgi dolu qayğısız, təhlükəsiz həyat sürməsini və sülh içərisində yaşamasını istəyirik. Hamımız uşaqlara qarşı zorakılıq, ayrı-seçkilik, onların istismarı və hüquqlarının pozulmasını pisləyirik. Təbii ki, bizim istək və fikirlərimiz uşaqların inkişafı və mövcudluğu üçün kifayət deyil. Əsas məsələ istək deyil, hər bir cəmiyyət üzvünün öz həyatında və fəaliyyətində uşaqların inkişafını hər şeydən üstün tutmasıdı. Bunun üçün lazım olan normativ çərçivə kommunikasiya imkanları, texniki biliklər və maliyyə resursları mövcuddur. Bizim hər birimiz, hər bir cəmiyyət üzvü ən azından öz arzu və istəklərini həyata keçirməyə səy göstərməli, təşəbbüslə çıxış etməli, çalışmalı və töhfə verməlidir.
- Dünya liderləri səviyyəsində uşaqların müdafiəsi ilə bağlı tədbirlər keçirilibmi?
- Uşaqların mövcudluğu, müdafiəsi və inkişafı qlobal səviyyədə, ilk dəfə olaraq, 1990-cı ildə keçirilmiş Dünya Uşaq Sammitində dünya liderləri səviyyəsində müzakirəyə çıxarılmış və uşaqların rifahı ilə bağlı məsuliyyət müzakirə olunmuşdur. "Uşaqlar üçün daha yaxşı gələcəyin təmin edilməsi vəzifəsindən daha nəcib vəzifənin olmaması"nı bəyan etməklə 71 dövlət və hökumət başçısı, 88 digər yüksək vəzifəli dövlət məmuru söz verdilər ki, uşaqları qoruyacaq və onların əzablarını aradan qaldıracaqlar, hər bir uşağın insani potensialının tam inkişafına yardım edəcəklər, uşaqları öz ehtiyacları, hüquqları və imkanları ilə bağlı məlumatlandıracaqlar. Dünya Uşaq Sammitində keçən 10 il ərzində bütün uşaqların xoşbəxt gələcəyini təmin etmək üçün vacib, ümumbəşəri nailiyyətlər əldə olunmuşdur.
- 2009-cu il Prezident İlham Əliyevin Sərəncamı ilə "Uşaq ili" elan olunub. Bunu bir daha dövlətimizin uşaqların hərtərəfli inkişafı üçün göstərdiyi qayğı kimi qiymətləndirmək olarmı?
- Uşaqların inkişafı bizim dövlətimizin ən əsas prioritetlərindəndir. Yenicə müstəqillik əldə edildiyi illərdə Azərbaycanın Uşaq Hüquqları Konvensiyasını ratifikasiya etməsi və sonradan uşaq hüquqları üzrə milli qanunvericilik bazasının yaradılması, dövlət proqramlarının reallaşdırılması uşaqların inkişafı üçün daha yararlı mühitin formalaşdırılması üçün atılmış ən mühüm addımlardır. Azərbaycan uşaqların rifahına yönəlmiş bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Respublikamızda uşaqların hüquqlarının qorunmasının təminatçısı kimi dövlət başçısı çıxış edir. Prezident İlham Əliyev tərəfindən 2009-cu ilin "Uşaq ili" elan olunması uşaqların inkişafında çox mühüm tarixi hadisəyə çevrildi. Dövlət tərəfindən görülən işlər Azərbaycan uşaqlarının yaşaması, böyüməsi, təhsil alması, öz istedadlarını cəmiyyətə göstərməsi üçün lazım olan bütün imkanları, şəraiti yaratmaqdadır. Cənab Prezidentin təşəbbüsü ilə ölkəmizdə qeyd olunmuş "Uşaq ili" uşaqlarla bağlı yeni prioritetlərin və vəzifələrin müəyyən edilməsi, eləcə də, onların həyata keçirilməsinə yeni təkan oldu. Yeri gəlmişkən, "NUR" Uşaq və Gənclərin İctimai Birliyi də "Uşaq ili" çərçivəsində fəal olumuşdur. Qeyd etmək istəyirəm ki, "NUR" UGİB tərəfindən 2009-cu ildə Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda "Uşaq ili"nin yekunlarına həsr olunmuş Azərbaycan Uşaqlarının I Forumu keçirilmişdir. Azərbaycan Uşaqlarının I Forumu ölkəmizdə uşaqların iştirakı ilə bağlı ən böyük tədbir olmaqla, ictimaiyyətin diqqətini uşaqların mövcudluğuna cəlb etmiş, Azərbaycan Respublikası Prezidenti tərəfindən 2009-cu ilin "Uşaq ili" elan olunmasının vacibliyini və əhəmiyyətini vurğulamış, uşaqların mövcudluğu, müdafiəsi və inkişafına dair qazanılan ən yaxşı təcrübələri, qarşıya çıxan maneələri, mövcud problemləri və zəruri tədbirləri nəzərdən keçirmişdir. Azərbaycanın 56 rayon və şəhərlərindən nümayəndə seçilmiş 250 uşaq foruma arzuları, təklifləri və təşəbbüsləri ilə qatılmışdır.
- Ulu Öndər Heydər Əliyev hər zaman uşaqların sağlamlığı, onların yaxşı təlim və tərbiyə görməsi, vətənə və xalqa gərəkli övlad olaraq yetişməsi üçün böyük işlər görüb və dövlət proqramları təsdiqləyib. Bu gün bu kurs necə və hansı formada davam edir?
- Ulu Öndər Heydər Əliyev uşaqları əhatə edən bütün insanlara ən böyük nümunədir. Ümummilli Liderimizin uşaqlarla görüşləri, uşaqlara olan sevgisi, inamı, ümidi və əvəzsiz nəsihətləri uşaqların münasibət modelidir. İndi də uşaqlar Heydər Əliyevin qayğısını və istisini Heydər Əliyev Fondunun fəaliyyətində hiss edir, duyur və yaşayırlar. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə mövcud olan ən ciddi uşaq problemlərinin aradan qaldırılması istiqamətində misilsiz işlər görür. Bütün bu işlərin nəticəsində on minlərlə uşağın arzuları reallaşır. Ölkəmizdə uşaqların rifahı və gələcəklərinin təmin edilməsi istiqamətində əldə olunan inkişaf Heydər Əliyev Fondunun məqsədyönlü, uzunmüddətli, strateji və real fəaliyyəti nəticəsində əldə olunmuşdur. Tam məsuliyyətlə qeyd etməliyik ki, Azərbaycanda uşaqlarla bağlı istər hökumət qurumları, istərsə də beynəlxalq təşkilatlar tərəfindən hazırlanan sənədlər, əsasən, Heydər Əliyev Fondunun fəaliyyəti üzərində qurulur. Heydər Əliyev Fondunun fəaliyyəti uşaqlar üçün böyük qələbələrə nail olmaq üçün töhfələrlə dolu bir inkişaf yolu olmuşdur və uşaqlar üçün daha firavan həyatın təmin edilməsi üçün müstəsna imkanlar yaratmışdır. Uşaqların sosial müdafiəsi və xoşbəxt həyatı naminə fondun fəaliyyəti təkcə hazırkı yetişən nəsil üçün deyil, həm də gələcək nəsillərin həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin edəcək.

Digər xəbərlər