Ayaz Orucov: "Azərbaycanda məcburi köçkünlərə göstərilən qayğı və diqqət dünyanın heç bir ölkəsi ilə müqayisə oluna bilməz"
- Ayaz müəllim, bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısı istiqamətində hansı işlər görülür?
- Azərbaycan bu gün öz tarixinin ən uğurlu inkişafını yaşayır. Bu inkişaf bütün sahələri əhatə edir. Xüsusilə də, həyata keçirilən sosial-iqtisadi inkişaf nəticəsində erməni vəhşiləri tərəfindən öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın sosial problemlərinin həllinə dövlət səviyyəsində böyük qayğının göstərilməsidir. Azərbaycan dövləti bu insanlara həmişə böyük qayğı göstərmişdir. Ulu Öndər Heydər Əliyev deyirdi: "...İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir". Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı ölkə Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin olunması istiqamətində əsaslı tədbirlər həyata keçirməkdədir.
Ölkə Prezidenti İlham Əliyev dəfələrlə belə bir fikri vurğulamışdır ki, "...Qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri bizim üçün həmişə gündəlikdə bir nömrəli problemdir". Hələ, 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən Prezident İlham Əliyev "ölkədə bir dənə də çadır şəhərciyi qalmayacaq" fikrini söyləmişdir. Dövlət başçısının bu vədi vaxtından bir il əvvəl yerinə yetirildi və ağır şəraitdə yaşayan məcburi köçkünlərin çadır şəhərcikləri əsasən ləğv edildi, əvəzində yeni, yaraşıqlı qəsəbələr salındı. Dövlət başçısının yeni salınan qəsəbələrin açılışında şəxsən iştirakı, məcburi köçkünlərin evlərində qonaq olması, onlarla birbaşa təması Prezidentin bu insanlara xüsusi qayğısının real göstəricisidir. Ölkə Prezidenti son 7 ildə 17 dəfə, o cümlədən, 2010-cu ildə 4 dəfə məcburi köçkünlərlə şəxsən görüşüb. Bu görüşlərin hər biri yeni qəsəbələrin istifadəyə verilməsi, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bilavasitə bağlı olub.
- Ayaz müəllim, rəhbərlik etdiyiniz Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun bu günə kimi həyata keçirdiyi layihələr barədə nə deyə bilərsiniz?
- Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu fəaliyyət göstərdiyi 12 ilə yaxın dövr ərzində çox genişmiqyaslı layihələri reallaşdırmış, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında mühüm proqramları həyata keçirmiş və hazırda bu işləri davam etdirməkdədir. Onu da qeyd edim ki, bizim təşkilat bir neçə mənbədən maliyyələşir. Bu maliyyə mənbələrinə dövlət büdcəsindən ayırmalar, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Yaponiya Sosial İnkişaf Fondu və s. daxildir. Onu da vurğulayım ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2007-ci ildə möhtərəm Prezidentimizin Sərəncamı ilə əlavələr olunub. Buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirilib. Bu tədbirlərin böyük bir hissəsinin reallaşması Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna həvalə olunmuşdur. Belə bir fakta diqqət yetirək. 2005-2007-ci illər ərzində Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli və Sabirabad rayonlarının ərazilərində 26 qəsəbə salınıb və bu qəsəbələrdə 8 mindən artıq ev tikilibdir. Ən əhəmiyyətli olan budur ki, 2007-ci ilin sonunda ölkəmizdə son çadır düşərgəsi ləğv olunmuşdur. Beləliklə, Dövlət Proqramında nəzərdə tutulan əsas məsələ həll edilmişdir. Ümumiyyətlə qeyd edim ki, ölkəmizdə bu kateqoriyadan olan insanlara yüksək diqqət və qayğı beynəlxalq miqyasda da geniş təqdir olunur. Hətta ölkəmizin adı bu fondda nümunəvi bir dövlət kimi çəkilir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arun Salanqarmo bununla bağlı demişdir: "Qeyd etmək istərdim ki, Azərbaycan hökuməti məcburi köçkünlərə çox böyük diqqət göstərir və bu mənada bir çox ölkələr üçün nümunə ola bilər. Bu faktı hələ 2007-ci ildə Azərbaycanda səfərdə olmuş BMT-nin baş katibinin məcburi köçkünlərin hüquqları üzrə nümayəndəsi Valter Kalin hazırladığı hesabatda da qeyd etmişdi. Əminəm ki, bu hal 2011-ci ilin martında Azərbaycana dair dərc olunacaq yeni hesabatda da öz əksini tapacaq". Bu sözlər onu təsdiq edir ki, Azərbaycanda qaçqın və məcburi köçkünlər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmuşdur.
- Ölkə Prezidenti İlham Əliyevin imzaladığı "Məcburi köçkünlərin ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncamın həyata keçirilməsi üçün hansı işlər görülür?
- Ümumiyyətlə, qeyd edim ki, dövlət başçısının hər bir Sərəncamı, o cümlədən, cari ilin fevral ayının 21-də imzaladığı "Məcburi köçkünlərin ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncamı təkcə məcburi köçkünlər tərəfindən deyil, bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandı. Söz yox ki, bu əlavə tədbirlərin icrası 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitini, sosial vəziyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Həmçinin, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na edilən yeni əlavələr, ilk növbədə, yataqxanalarda yaşayan 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsini yeni və rahat mənzillərə qovuşduracaq. Bu məqsədlə 2011-2012-ci illərdə Abşeron rayonunun Masazır qəsəbəsində ayrılmış torpaq sahəsində Bakı Dövlət Universitetinin 7 yataqxanasından 2-sində müvəqqəti məskunlaşmış 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi təmin olunacaq. Bundan başqa, Təhsil Nazirliyinin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisələrinin inzibati binalarında və yataqxanalarda müvəqqəti məskunlaşmış 3901 nəfərdən ibarət 867 məcburi köçkün ailəsi üçün Bakı şəhəri və ya Abşeron rayonu ərazisində 2012-2015-ci illərdə çoxmərtəbəli yaşayış binalarının tikilməsi həyata keçiriləcək. Ümumiyyətlə, respublika ərazisində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün Bakı şəhəri, Abşeron rayonu və respublikanın digər ərazilərində çoxmərtəbəli yaşayış binalarının və fərdi evlərin tikilməsi prosesi 2012-2015-ci illərdə diqqət yetirilən əsas məsələlərdən biri olacaq. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na edilən yeni əlavələrə müvafiq olaraq 2012-2014-cü illər ərzində Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binaları tikiləcək və həmin ailələrin bu binalara köçürülməsi təmin olunacaq. Bu da 1210 nəfər insanın mənzil hüququnun təmin olunması deməkdir. 2011-2014-cü illərdə Ağcabədi rayonunun Taxta körpü ərazisində yeraltı qazma və daxmalarda xüsusilə ağır şəraitdə yaşayan 6300 nəfərdən ibarət 1500 məcburi köçkün ailəsinin müvəqqəti yerləşdirilməsi üçün ayrılmış torpaq sahələrində yaşayış evlərinin tikilməsi və ya qəsəbələrin salınması, eyni zamanda, Gəncə şəhərinin Kəpəz rayonunda, Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış 2595 nəfərdən ibarət 519 məcburi köçkün ailəsi (Xocalı rayonundan olan 1665 nəfərdən ibarət 333 ailə, Kəlbəcər rayonundan olan 930 nəfərdən ibarət 186 ailə) üçün Göygöl və Goranboy rayonları ərazilərində qəsəbələrin salınması və həmin ailələrin bu qəsəbələrə köçürülməsi reallaşacaq. Bütün bunlar təbii olaraq daha on minlərlə məcburi köçkünün mənzil-məişət şəraitini daha da yaxşılaşdıracaq, onların sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə imkan verəcək. Bu, həm də ölkə Prezidentinin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısının növbəti bariz təzahürüdür.
- Ayaz müəllim, xalqımız qarşıdan gələn 15 İyun Qurtuluş Gününü qeyd etməyə hazırlaşır...
- Bəli, Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə Azərbaycana ali siyasi hakimiyyətə qayıdışı ölkəmizi xaos və anarxiyadan xilas etdi, eyni zamanda, torpaqlarımızın işğalının qarşısını aldı. Həmçinin, Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə də çox ciddi diqqət və qayğı göstərməyə başladı. Belə ki, 1993-2003-cü illər arasında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırıldı. Bu insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçün də konkret addımlar atılırdı.
O da xüsusi qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursuna uyğun olaraq, qaçqın və məcburi köçkünlərin üzləşdiyi çoxsaylı problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və onların həlli istiqamətində Heydər Əliyev Fondu da misilsiz xidmətlər göstərməkdədir. Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına, erməni vəhşiliklərinə həsr edilən "Azərbaycan" internet portalı yaradılıbdır. Həmçinin, Heydər Əliyev Fondu tərəfindən məcburi köçkün uşaqların təhsil problemlərinin həllinə daim böyük qayğı göstərilir, müvəqqəti məskunlaşma obyektlərində mütəmadi olaraq məcburi köçkünlərlə görüşlər keçirilir. Bütün bunlar qaçqınların və məcburi köçkünlərin Azərbaycan Prezidentinin, Heydər Əliyev Fondunun daim xüsusi diqqət mərkəzində olduğunu aydın şəkildə nümayiş etdirir. Bu diqqət və qayğını daim öz üzərində hiss edən məcburi köçkünlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində doğma yurda qayıdacaqları günün uzaqda olmadığına əmindirlər.
RƏFİQƏ KAMALQIZI