PDF Oxu

Müsahibə

  • 14

Bakıətrafı kənd və qəsəbələr intensiv inkişaf mərhələsində

Bakıətrafı kənd və qəsəbələr intensiv inkişaf mərhələsində

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" paytaxtımızın və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına təkan verən əhəmiyyətli sənəddir. Dövlət Proqramından irəli gələrək əhalinin yaşayış səviyyəsinin yüksəlməsində elmin, təhsilin, səhiyyənin, idman və mədəni istirahət ocaqlarının keyfiyyətinin yüksəldilməsi məqsədi ilə tədbirlər həyata keçirilir. Görülən işlər və qarşıda duran vəzifələrlə bağlı iqtisadçı-ekspert Aydın Hüseynova müraciət etdik.

- Aydın müəllim, Dövlət Proqramından irəli gələn Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra layihələr həyata keçirilir. Bir iqtisadçı olaraq sosial-iqtisadi sahələrdə görülən işlərə münasibətinizi bilmək istərdik.

- Azərbaycan Prezidentinin qayğı və köməyi nəticəsində Bakı və şəhərətrafı ərazilərdə son vaxtlar xeyli iş görülmüşdür. Qəsəbələrdə müasir tələblərə cavab verən yeni təhsil və səhiyyə, idman obyektlərinin istifadəyə verilməsi bunun daha bir parlaq nümunəsidir. Bakı şəhəri və onun qəsəbələrində aparılan geniş quruculuq və abadlıq işləri geniş miqyasda həyata keçirilir. Azərbaycanda, bütün şəhər və rayonlarımızda görülən işləri nailiyyətlərimiz kimi qəbul edirik. Azərbaycanda aparılan islahatlar ölkəmizin hərtərəfli yüksəlişinə və inkişafına təsirin göstərməkdədir. Bu inkişafın təməlində ölkə Prezidenti tərəfindən həyata keçirilən uğurlu iqtisadi və siyasi islahatlar dayanır.

Paytaxtda aparılan abadlıq-quruculuq işləri, eləcə də, şəhərin sürətli inkişaf tempi fonunda Bakı şəhərinin kənd və qəsəbələrinin sosial-iqtisadi və mədəni inkişafı sahəsində əldə edilmiş uğurlar göz önündədir. Dövlət Proqramı Bakı şəhərinin kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, mövcud problemlərin həllinə əsaslı zəmin yaradır.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası uğurla reallaşır. Bütün ərazilərdə sürətli inkişaf diqqəti cəlb edir. Prezident İlham Əliyevin dediyi kimi, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və əlbəttə, Bakıya göstərilən diqqət və qoyulan vəsait şəhərimizin inkişafı üçün müsbət rol oynamışdır. Bakının ümumi mənzərəsi dəyişir. Şəhərimizdə abadlıq-quruculuq işləri aparılır, infrastruktur layihələr icra olunur. Son bir neçə il ərzində Bakıda 23 yol ötürücüsü, körpülər, tunellər istifadəyə verilmiş, 32 piyada keçidi tikilmiş, yolların genişləndirilməsi layihələri icra edilmiş, yeni yollar salınmışdır. Şəhərdə infrastruktur layihələrinin icrası böyük səmərə verir. Bakı qəsəbələrinin inkişafına bu gün xüsusi diqqət yetirilir. Qəsəbələrin inkişafına dair Dövlət Proqramına uyğun olaraq qəsəbələrdə məktəblər, tibb ocaqları inşa və bərpa edilir, yollar, qəsəbədaxili yollar çəkilir, qazlaşdırma, içməli su layihələri öz həllini tapır. Bakı qəsəbələrində bu istiqamətdə artıq bəzi işlər görülüb. Son bir neçə il ərzində 34 məktəb, 18 tibb müəssisəsi tikilib və təmir edilibdir. Qəsəbələrdə uşaq bağçası, mədəniyyət sarayı, kitabxana, xəstəxana binalarının təmir və inşası davam etdirilir.

- Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının həyata keçirilməsində işsizlik problemi və onun həlli yolları strateji, prioritet xarakter daşıyır. Bu istiqamətdə hansı işlər görülür?

- Əvvəllər bir sıra qəsəbələrdə əhalinin elektrik və qaz təchizatı sahəsində, xüsusilə də, qış aylarında müəyyən çətinliklər olurdu. Sevindirici haldır ki, bu problemlər aradan qaldırılıb. Qəsəbələrimizin kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar son illər xeyli işlər görülüb. Nəticədə Bakıətrafı kənd və qəsəbələr intensiv inkişaf mərhələsinə qədəm qoyur. Artıq bu gün böyük infrastruktur layihələri həyata keçirilir. Belə ki, sənaye, nəqliyyat, turizm sahəsində əsaslı uğurlar əldə edilib. Bütün bunlar işsizlik probleminin əsasən aradan qalxmasına, əhalinin rifah halının yaxşılaşmasına müsbət təsir göstərir. İşsizliyin aradan qaldırılması ilə bağlı ölkəmizdə kifayət qədər müsbət dəyişikliklər müşahidə edilir. Yeni iş yerlərinin açılması, eyni zamanda, sahibkarlığın inkişafı bu problemin aradan qaldırılmasına təkandır. Onu da deyim ki, Bakıətrafı qəsəbə və kəndlərdə yerli əhalinin özünün məşğulluq sahələri var ki, onların inkişafı da danılmazdır. Bu istiqamətdə hələ görüləcək işlər də az deyildir. Azərbaycan iqtisadiyyatının sürətli inkişafının sosial məsələlərinin həllinə də hərtərəfli şərait yaradılıb.

- Bakıətrafı kənd və qəsəbələrdə kifayət qədər tarixi-memarlıq abidələri mövcuddur ki, onların bir qisminin bərpasına ehtiyac duyulur. Bu problemin həlli istiqamətində hansı işlər görülür?

- Son illərdə şəhərimizin abadlaşdırılması istiqamətində bir sıra layihələr həllini tapır. Bakının mərkəzində, demək olar ki, milli kökə və tarixə malik binalar yüksək keyfiyyətlə, böyük zövqlə bərpa edilib, əsas parklar yenidən qurulub. Milli adət-ənənələrimizə, dilimizə, dinimizə yüksək səviyyədə hörmət olunaraq ziyarətgah və məscidlərimiz əsaslı təmir olunub, bəzi dini-tarixi memarlıq abidələrimiz yenidən qurulub. Əhalini sosial rifahının yüksəlməsi üçün gözəl lazımı şəraitin mövcudluğu şəhərimizin simasının müasir standartlara uyğun olaraq qurulduğunu göstərir. Bu görülən işlər davamlı olaraq həyata keçirilir. Şəhərimizdə, eləcə də, onun ətraf kənd və qəsəbələrində teatrlar, muzeylər əsaslı təmir və bərpa edilir, yeniləri inşa olunur. Paytaxtımızda memarlıq abidəsinə çevriləcək Xalça Muzeyi Prezident İlham Əliyevin Sərəncamı əsasında inşa olunur. Dövlət Proqramından irəli gələrək, növbəti illərdə təmirə ehtiyacı olan bütün şəhər mədəniyyət ocaqları da əsaslı təmir olunacaqdır.

Həyata keçirilən irimiqyaslı layihələrdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da fəaliyyətini qeyd etməliyik. Onun milli və vətəndaş təəssübkeşliyi, mədəni irsimizə göstərdiyi qayğı nəticəsində respublikamızın digər bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə də insanların dərin rəğbətini qazanmış, diqqətə və hörmətə layiq işlər görülmüşdür.

- "Eurovision-20011" Mahnı Müsabiqəsinin qələbəsi Avropanı Bakıya gətirdi. Bu müsabiqənin paytaxtımızda keçirilməsi Azərbaycan üçün nə deməkdir?

- 56-cı "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycan bayrağının dalğalanması xalqın tarixi qələbəsidir. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə yer tutan və yüksək səviyyədə təbliğ olunan Azərbaycan bu müsabiqədə nəyə qadir olduğunu sübuta yetirdi. Bu müsabiqədə qalibiyyət bütöv bir xalqın qələbəsinə çevrildi. Biz, dünya xalqlarına, Avropaya bir daha sübut etdik ki, Azərbaycan təkcə neft-qaz ölkəsi deyil, həm də zəngin mədəniyyətə malik dövlətdir. Azərbaycanın tarixi, coğrafi mövqeyi, iqtisadiyyatı, onun həqiqətən də, dünya xalqları içərisində seçilən bir xalq olduğunu sübut edən həqiqətdir. Dünyaya göstərdik ki, biz müstəqil, islam mədəniyyətinə malik dövlət kimi hər sahədə böyük layihələrin iştirakçısı və qalibi kimi çıxış etmək qüdrətindəyik. Müsabiqənin qalibləri "Eurovision-2012"-ni Azərbaycana gətirdilər. Bu böyük bir hadisədir. Artıq bu müsabiqəyə hazırlıq işləri görülür. Dünya ölkələrini Azərbaycana toplayacaq müsabiqədə iştirakçıları qarşılamağa və onlar üçün yüksək xidmətin yaradılmasına ölkəmizdə yüksək potensial mövcuddur. Buna Azərbaycanın iqtisadi potensialı, turizm imkanları yol verir. Avropa ölkələri Azərbaycanla daha yaxından tanış olub, onun müstəqil dövlət kimi iqtisadi inkişafının şahidinə çevriləcəklər.


ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər