PDF Oxu

Müsahibə

  • 354

Təcavüzkar adı ilə çağırılmalıdır

Təcavüzkar adı ilə çağırılmalıdır

- Musa müəllim, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri başlayıb. Bu səfər Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı səmərəni verə bilər?

- ATƏT-in Minsk Qrupu, bilavasitə, Ermənistanın təcavüzünün və davakar separatizminin aradan qaldırılması üçün yaradılıb. ATƏT-in Minsk Qrupu həmsədrləri regiona neçə dəfə səfər edirlər-etsinlər, amma bu məsələnin həllində, hələ ki, irəliləyişə nail olmayıblar. Əgər doğurdan da, həmsədrlər məsələnin tezliklə ədalətli həll etmək istəyirlərsə, onda konkret şəkildə təcavüzkar dövləti öz adı ilə çağırmalıdılar. Yəni, burada bildirməlidilər ki, Azərbaycan ermənilərin təcavüzünə məruz qalıb və Ermənistan təcavüzkar dövlətdir. Bu münaqişənin həllinin çıxış nöqtəsidir. Bu yanaşma ilə onlar münaqişənin həll edilməsi üçün müxtəlif variantlar əsaslandıra bilərlər. Hesab edirəm ki, Kazan görüşü bir daha göstərdi ki, Ermənistana təzyiqlər olmasa, işğalçı ölkə danışıqlar yolundan boyun qaçıracaq və onu daim uzatmaqla məşğul olacaq.

- İddialara görə, ATƏT-in Minsk Qrupu həmsədrləri yeni təkliflərlə çıxış edəcək. Sizcə, bu təkliflər Dağlıq Qarabağ münaqişəsinin həllində nəyi isə dəyişə bilər?

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən prinsiplər var. Bu da sözügedən münaqişənin mərhələli həllini nəzərdə tutur. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır. Gördüyünüz kimi, neçə illərdi ki, məsələnin həll edilməsi üçün danışıqlar gedir. Burada müzakirə olunan əsas məsələ də işğal olunan ərazilərin boşaldılmasıdır. Ermənistan danışıqları nə qədər uzatsa da, problemin həllindən axıra qədər boyun qaçıra bilməyəcək.

- Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün nəhayətdə Ermənistan sülh, yoxsa müharibə variantını seçəcək?

- İndiki şəraitdə, bəzi xarici qüvvələr var ki, onlar Azərbaycanın müharibəyə qoşulmasını istəyirlər. Hesab edirlər ki, Azərbaycan ərazilərinin bir qismi işğal altında qalmasına, məcburi köçkün və qaçqınların olmasına baxmayaraq, ölkə sürətlə inkişaf etməkdədir. Yəni, ölkənin büdcəsi, xüsusilə də, hərbi büdcəsi artıb, Azərbaycan iqtisadi inkişaf baxımından Ermənistanı dəfələrlə qabaqlayır. Belə şəraitdə müəyyən qüvvələr Azərbaycanın inkişafının qarşısını almaqdan ötrü hərbi əməliyyatların yenidən başlanmasında maraqlıdır. Amma düşünürəm ki, müharibə bütün hallarda Ermənistanın ağır məğlubiyyəti ilə başa çatar. Bunun baş verməməsi üçün işğalçı ölkə ordusu işğal altında olan Azərbaycan torpaqlarını tərk etməlidir.

- Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) arxalanması nə dərəcədə real görünür?

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı həmin müqavilədə iştirak edən ölkələrin, xarici sərhədlərinin və təhlükəsizliyinin qorunması ilə bağlıdır. Hesab edirəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı Ermənistanın uydurmaları real deyil. Heç kim düşünməsin ki, Ermənistan təcavüzünə qarşı, Azərbaycan hərbi əməliyyatlara başladıqda, KTMT üzvü olan ölkələrin hamısı Ermənistanın tərəfini saxlayacaq. Hesab edirəm ki, bu vəziyyət KTMT-yə daxil olan ölkələrin cərgəsini parçalaya bilər. Əgər burada müəyyən ölkələr Ermənistan adından vuruşmasalar və yardımlar etməsələr, heç vaxt Ermənistan Azərbaycan ərazilərini işğal edə və bu işğalı əlində saxlaya bilməzdi. Bu gün də Azərbaycan dövlətinin qüdrəti var ki, Ermənistanı məğlub etsin. Amma işğalçı ölkənin arxasında başqa ölkələr dayanır. Bunu da hər kəs çox gözəl bilir. Burada müəyyən ölkələr bizim ərazimizi işğal edərək, ermənilərə veriblər.


GÜLYANƏ

Digər xəbərlər