Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, politoloqlar Rüstəm Məmmədov və Cümşüd Nuriyev Dağlıq Qarabağ məsələsi ətrafında yaranan proseslərlə bağlı SİA-ya müsahibə veriblər
- Fazil bəy, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona yeni səfəri başlayıb. Bu səfər Kazan görüşündən sonra yaranmış gərginliyi aradan qaldırmaq məqsədi daşımır ki?
- Həmsədrlərin regiona səfərindən yeni nəsə gözləmək doğru olmazdı. Çünki onlar müəyyənləşmiş proqram əsasında regiona səfərlər edir, məsələ ətrafında fikir mübadilələri və tərəflərin mövqeyini öyrənməyə çalışırlar. Ona görə də, Minsk Qrupu üzvlərinin səfər müddətində ənənəvi formada görüşlər keçirib, müzakirələr aparacağı gözləniləndir.
- Kazan görüşündən sonra münaqişənin həlli istiqamətində hər hansı bir irəliləyişin olması nə dərəcədə mümkündür?
- Bu Kazan görüşündən sonra, ümumiyyətlə, daha böyük xəyal qırıqlığı yarandı və hər hansı bir şəkildə dəyişiklik nəzərdə tutulmur. Çünki Rusiya da bu məsələdə səmimi mövqe ortaya qoymadığına görə görüş də ən əhəmiyyətsiz görüş kimi yadda qalıb. Ona görə də burada yeni bir dəyişiklik, yeni bir işin sürətlənməsi müşahidə olunmur.
- ABŞ-ın bu məsələnin həlli istiqamətində göstərdiyi səylərin nəticəsiz qalması nə ilə əlaqəli idi?
- Çünki ABŞ bu məsələdə səmimi deyil. ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hazırda Rusiya ilə eyni mövqedən çıxış edir. Ona görə də, məsələnin həlli istiqamətində ABŞ-ın istəyinin diqtə olunmasını gözləmək mümkün olmur. Eyni zamanda, ABŞ Rusiyadan daha mürtəce mövqedə dayanır.
- Rusiya Ermənistanla hərbi silahların birgə istehsalı məsələsini həll etməyə çalışır. Bunun da keçirilən danışıqlara öz təsirini göstərdiyini söyləmək olarmı?
- Rusiya Ermənistanda 49 illik müqavilə bağlaması məsələsindən sonra bir daha öz forpostunun güclənməsinə maraqlıdır. Bu baxımdan da bizim bu məsələdə ancaq öz mövqelərimizi gücləndirməyimiz daha məqsədəuyğundur. Kim kimi silahlandırır, kim kimi gücləndirir, bu bizi qətiyyən maraqlandırmamalıdır.
- Sizcə, bundan sonra prosesin gedişi hansı istiqamətdə davam etdirilə bilər?
- Yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində nəsə konkert bir addımın atılacağını söyləmək çox çətindir. Çünki ABŞ və Rusiyanın mövqeyində hər hansı bir dəyişiklik olmadığı bir təqdirdə, məsələ ətrafında da bu cür vəziyyət davam edəcəkdir.
- Rüstəm müəllim, Kazan görüşünün nəticələrindən sonra Minsk Qrupunun həmsədrləri regiona növbəti səfər etdilər. Sizcə, bu görüşlərin yekunu nəyə işarə edir?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində Kazanda keçirilən görüş onu göstərdi ki, tərəflər kompromisə gələ bilmirlər. Yəni Minsk Qrupunun da fəaliyyəti bu mənada, hələlik, qənaətbəxş deyil. Eyni zamanda, bütün hallarda Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, o, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasına tərəfdardır. Amma hələlik, bu regional münaqişə işğalçı Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində öz həllini tapa bilmir.
- Ümumiyyətlə, ATƏT rəsmilərinin regiona budəfəki səfərində yeni layihə ilə çıxış edəcəkləri bildirilir. Sizcə, bu dəyişikliklər nədən ibarət ola bilər və danışıqlar prosesinə necə təsir göstərəcək?
- Hesab etmirəm ki, Minsk Qrupu hansısa bir yeni layihə ilə çıxış etsin və tərəflər də bunu qəbul etsin. Eyni zamanda, həmsədrlərin özləri də Ermənistan tərəfə daha çox meyillidirlər. Azərbaycan isə heç bir halda öz torpaqlarının itkisi ilə barışmayacaq.
- Fransanın xarici işlər naziri belə bir fikir səsləndirib ki, həm Ermənistana, həm də Azərbaycana yeni təkliflər təqdim olunacaq. Sizcə, burada hansısa yeni bir prinsiplərin olacağı gözləniləndirmi?
- Bu təkliflərin nədən ibarət olacağını və orada hansı prinsiplərin öz əksini tapacağı ilə bağlı, hələlik, dəqiq informasiyalar mövcud deyil. Amma hər bir halda beynəlxalq ictimaiyyət də 20 ildən artıqdır ki, uzanan bir münaqişənin tez bir zamanda həllində maraqlı görünür.
- Cümşüd müəllim, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sonuncu danışıqların ardınca Minsk Qrpunun həmsədləri regiona gəliblər. Ümumiyyətlə, bu səfərin məqsəd və prinsipləri barəsində gözləntilər nədən ibarət ola bilər?
- Qeyd edim ki, hazırda dövlətlərin iddiasının savaşı gedir. Burada məsələ ondan ibarətdir ki, Serj Sarkisyanın bu prosesi pozması yüzdə yüz Rusiyanın işi deyil. Əslində, bu, Rusiyanın iflası deməkdir. Daha doğrusu isə, Kazan görüşü Rusiyanın dövlət siyasətinin iflasının ilk addımı idi. Yəni bu dövlətin beynəlxalq aləmdə çökdürülməsinə yenə ermənilər başladı. Necə ki, sovet dövlətini ermənilər çökdürdü indi də Rusiya Federasiyasının dağılmasının başlanğıcını qoydular. Məsələ ondadır ki, bu, Sarkisyanın Avropadakı görüşlərindəki çıxışı onun həm Nikolya Sarkozi ilə, həm də Barak Obama ilə telefon danışıqlarından sonra, artıq Azərbaycanda bir sıra politoloqlar əvvəlcədən proqnozlaşdırmışdılar ki, ermənilər bu danışıqları pozacaqlar. Belə də oldu. Eyni zamanda, bu məsələnin ardınca ATƏT həmsədrlərinin yenidən bölgəyə gəlməsinin bir səbəbi də onunla bağlıdır ki, həm onların iddia davalarını ortaya qoymağa çalışırlar, həm də Azərbaycanı bu və ya digər şəkildə ram etmək iddiasındadırlar. Açığı, burada bir xristian həmrəyliyi məsələsi gündəmə gəlir. Çünki bunlar çalışırlar ki, Azərbaycan ram olunsun, hərbi əməliyyatlara girişməsin. Eyni zamanda, ötən ayın 26-da keçirilən möhtəşəm hərbi paraddan sonra da ermənilərin həddən artıq silahlanma meyili artıb. Bu isə Ermənistanın bir dövlət kimi çökməsinə başlıca işarə kimi qiymətləndirilir. Bundan əlavə, xristian həmrəyliyi ilə əlaqədar Qərb və ABŞ Azərbaycana öz istədiyini diqtə etməyə çalışır. ATƏT-in həmsədrlərinin regiona növbəti səfərləri də tamamilə bununla bağlı bir şeydir. Onlar yenə gəlib başımızın altına yastıq qoymağa çalışacaqlar. Bundan əlavə, həm Kazan görüşündən əvvəl, həm də ondan sonra beynəlxalq ictimaiyyət Azərbaycanın hərbi əməliyyatlar yolu ilə öz ərazi bütövlüyünü təmin etməsindən çox narahatdırlar. Çünki onlar bilirlər ki, Azərbaycan üç gün ərzində Dağlıq Qarabağı və onun ətrafında olan bütün rayonları işğaldan azad etməyə qadirdir. Biz belə bir gücdə olduğumuza görə, ATƏT-in nümayəndələri də bu addımdan hər vəchlə Azərbaycanı çəkindirməyə çalışacaqlar. ATƏT nümayəndələri də, həmişə olduğu kimi, bu dəfə də gəlib-gedəcəklər və onlara qarşı heç bir xüsusi diqqət və sevginin olmasından söhbət belə gedə bilməz.
Rəfiqə Kamalqızı,
Tapdıq Qurbanlı