Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucovun "SƏS" qəzetinə müsahibəsi
- Seymur müəllim, "Yay məktəbi" kampaniyası hansı zərurətdən yarandı və bu prosesin gedişində gənclərlə daha çox hansı sahələr üzrə işlər aparıldı? Ümumiyyətlə, bunun müsbət nəticələrini necə xarakterizə edərdiniz?
- "Yay məktəbi" kampaniyası, ilk dəfə olaraq, Yeni Azərbaycan Partiyası tərəfindən təsis edilmişdir. Artıq bu proses bir neçə ildir ki, davam edir. Bunun yaranma zərurəti, əsasən, bundan ibarət olub ki, partiyamızın sırasında olan gənclərin birlikdə bir-birilərini yaxşı tanımaları, müəyyən proqramlar çərçivəsində təmsil olunmaları üçün ən yaxşı amil kimi qiymətləndirilə bilər. Çünki bu proqram çərçivəsində gənclərlə birlikdə Yeni Azərbaycan Partiyasının nüfuzlu nümayəndələri də proseslərdə iştirak edir, gənclərlə açıq diskussiyalar aparılır, onların dünya görüşünün və bilik səviyyələrinin daha da genişləndirilməsi üçün məsləhət və tövsiyələrlə çıxışlar olur. Beləliklə, gənclər bu cür proqramlar çərçivəsində ölkənin aparıcı siyasi partiyasının nümayəndələri ilə yaxından tanış olur, onlara öz fikir və rəylərini çatdırmağa fürsət qazanmış olurlar. Misal olaraq, bundan öncə Oğuz və Qəbələdə keçirilən "Yay məktəbi" kampaniyasında gənclik və müasirlik mövzusunda dəyirmi masa təşkil olunmuşdu. Bu, onunla əlaqəlidir ki, Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov da gənclərlə görüşlərdə iştirak etmiş, qarşılıqlı fikir mübadiləsi apararaq, rəy və təkliflər səsləndirmişdir. Bununla yanaşı, burada intellektual oyunlar, idman yarışları da təşkil olunmuş, gənclərdə böyük əhval-ruhiyyənin yaranması üçün bütün zəruri imkanlar yaradılmışdır. Bizim ən əsas nailiyyətimiz odur ki, bu kampaniya çərçivəsində paytaxt Bakıda yaşayan gənclərlə region gəncləri arasında səmimi və sıx münasibətin yaranmasına, onlar arasında qarşılıqlı fikir mübadiləsinin formalaşmasına nail olmuşuq. YAP-ın "Yay məktəbi" kampaniyasının əsas məqsədi də, məhz bütün ölkə gəncləri arasında sıx və səmimi münasibətin yaranmasına xidmət edir.
- "Yay məktəbi" kampaniyası nə vaxta qədər davam edəcək?
- Bu kampaniyada nəzərdə tutulub ki, Azərbaycanın ən gözəl guşələrində yerləşən ən müasir otel komplekslərində "Yay məktəbi" layihəsi çərçivəsində gənclərimiz üçün həm asudə vaxtlarının, həm də istirahətlərinin mənalı təşkilinə nail olaq. Lerik rayonu ərazisində olan "Relaks" istirahət və əyləncə mərkəzində, Qəbələnin "Qafqaz Rezors", Oğuz rayonunun "Af" otelində gənclərin bütün ehtiyaclarını ödəyə biləcək şəraitlər mövcuddur. Çünki burada gənclər üçün yaradılan bütün şərait Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunub. Eyni zamanda, gənclər bu otellərin bütün imkanlarından istifadə etmək imkanlarına da malikdirlər. Ümumiyyətlə, nəzərdə tutulub ki, 600 gənc iyul ayı ərzində hər qrupda 50 nəfər olmaqla, 40 faizi region gəncləri, 60 faizi isə Bakı və digər şəhərlərdən olan gənclər bu kampaniyada iştirak etsin.
- YAP-ın bu cür xoşməramlı addımı nəyə görə, müəyyən dairələrin narahatçılığına səbəb olub?
- Sizin qeyd etdiyiniz qüvvələri heç də müxalifət adlandırmaq olmaz. Çünki onlar Yeni Azərbaycan Partiyasının və iqtidarın gördüyü bütün işlərə qara yaxmağa çalışırlar. Amma onların nə deməsindən və harada nə yazmalarından asılı olmayaraq, YAP gəncləri olaraq, biz tutduğumuz yolda böyük əzmlə və həvəslə irəliləməkdəyik. Eyni zamanda, prosesdə iştirak edən gənclər də görürlər ki, YAP tərəfindən burada hər şey ən yüksək səviyyədə təşkil olunubdur. Çünki bu, sosial bir aksiyadır, bunun nəticəsində Azərbaycan gəncləri bu cür yüksək səviyyəli kampaniyalarda iştirak edərək, digər bölgələrdən olan gənclərlə səmimi münasibətə girirlər. Beləliklə, bu cür yüksək səviyyəli kampaniyaların nəticəsi onların intellektual biliklərin daha da güclənməsinə xidmət edir. Burada, həmçinin, sosial şəbəkələrlə bağlı, internet məkanındakı xidmətlərlə bağlı kurslar da təşkil olunur. Məhz bu cür yüksək səviyyəli aksiyanın içərisindən durub nəsə axtarmaq, müxalifətin doğru yolda olmadığını bir daha sübut etmiş olur.
- Sizin bu cür kampaniyalara qarşı qərəzli mövqe tutan şəxslərin də belə layihələrdə iştirakı nə dərəcədə mümkün olardı?
- Bu məsələ ilə bağlı əgər həmin gənclərdən bizlərə müraciət olsa, bununla bağlı addım atmaq olar. Bilirsiniz ki, bu aksiyanı Yeni Azərbaycan Partiyası həyata keçirir, biz də onlara müraciət edirik ki, Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmaqla, bu cür layihələrdə iştirak etmək imkanı əldə edə bilərlər. Bunlar gəlib bizə qoşulsunlar və görsünlər ki, YAP necə böyük işlər görür. Biz də onları maraqlandıran bu cür sosial aksiyalarda iştirakını təmin edək. Bizim qapımız hər kəsin üzünə daim açıqdır.
Tapdıq Qurbanlı