- Zöhrab müəllim, nəyə görə radikal müxalifət ağır böhranlı vəziyyətlərlə üzləşəndə, çıxış yolunu icazəsiz aksiyalar keçirməkdə görür?
- Ölkədəki ictimai-siyasi proseslər fəallıq göstərməyi kütləvi aksiyalar keçirməklə mümkün deyil. Yəni burada başqa tədbirlər keçirmək mümkündür. Əslində, kütləvi aksiyaların keçirilməsinin əleyhinə deyilik. Amma sözügedən bu aksiyaların lazımi yerlərdə keçirilməsinin tərəfindəyik. Bu gün radikal müxalifət ictimai dəstəkdən məhrumdur. Bəziləri yalnız öz partiyalarında təmsil olunan şəxslərin iştirakı ilə kütləvi aksiyalar keçirməyə çalışırlar. Yəni, onların xalq tərəfindən dəstəyi yoxdur. Xalq tərəfindən dəstəyi olmayan hər hansı bir tədbirin uğuru ola bilməz.
- Radikal müxalifətin cəmiyyətdə uğursuzluğa düçar olmasını onların düzgün siyasət apara bilməmələri ilə əlaqələndirmək olarmı?
- Xalq tərəfindən dəstəyi olmayan siyasi təşkilatın hər hansı bir nailiyyətə çatması mümkün deyil. Demək olar ki, müxalifətlə xalq arasında olan təmas getdikcə daha da azalır. İqtidar tərəfi müəyyən vasitələrdən istifadə edərək, xalq ilə müəyyən dialoqlarda olur. Amma radikal müxalifətin hər hansı bir yerə gedərək, xalq ilə görüşdüyünü görməmişik. Arxasında xalq olmayan bir partiya heç bir işə qadir ola bilməz. Bu baxımdan, düşünürəm ki, onların bacarıqsızlığının ilkin əsası dialoqlardan yayınmalarıdır. Radikal müxalifət liderləri tərəfindən aparılan siyasət tam şəkildə yanlış yöndədir. Bildiyiniz kimi, bizim siyasi fikirlərimiz konstruktiv müxalifətçilikdir. Biz hakimiyyətin doğrusuna doğru, əyrisinə əyri deyirik. Yəni, hər hansı başqa bir formada nədənsə istifadə etmək məsələsi bizə yaddır. Amma radikal müxalifət başqa yol tutur. Hesab edirəm ki, dayanaqlı, davamlı bir siyasət apararaq, cəmiyyətdə olan prosesləri doğru və düzgün araşdırıb bu istiqamətdə işi mərhələ-mərhələ aparmaq lazımdır. Qeyd etdiyim kimi, burada xalqın istəyi və görmək istədiyi nədən ibarətdirsə, onları etmək lazımdı ki, xalqı öz ətrafında toplaya biləsən. Yenə də o fikrimdə qalıram ki, onların bütün uğursuzluqların əsas səbəbi xalqdan ayrı düşmələridir.
- Sizcə, kütləvi aksiyalar keçirməklə nəyəsə nail olmaq mümkündür?
- Kütləvi aksiyalar keçirməklə heç bir nəticəyə nail olmaq mümkün deyil. Sadəcə olaraq, radikal müxalifət bu cür aksiyalar keçirməklə gündəmdə qalmağa çalışır. Amma bununla bir nəticə əldə etmək mümkün deyil.
GÜLYANƏ