- Valeh müəllim, Ulu Öndər Heydər Əliyevin neft strategiyası Azərbaycan dövlətinə və xalqına nələr verib?
- Neft strategiyasının uğurlarla həyata keçirilməsi nəticəsində qazanılan nailiyyətlərin nəticəsi bu gün göz önündədir. Azərbaycan xalqının sosial-rifah halının yaxşılaşması, dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, beynəlxalq aləmdə imicinin yüksəlməsi və digər uğurların əldə olunmasında Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının müsbət bəhrələri xüsusi rol oynayıb. Ümumiyyətlə, neft strategiyası dövlət strategiyasından ayrılmazdır. Çünki neft strategiyasının bünövrəsi qurulanda, bu, ümumdövlət strategiyasının bir hissəsi kimi qurulmuşdu. Ölkələr var ki, Azərbaycan dövlətindən də çox neft, qaz və təbii ehtiyatları var. Amma Azərbaycanda olan inkişaf və dirçəliş o ölkələrdə yoxdur. Ona görə də, xüsusilə, vurğulamaq istəyirəm ki, neft strategiyasını dövlətin inkişafı strategiyasından ayırmaq olmaz. Ulu Öndər Heydər Əliyevin aliliyi, müdrikliyi, dahiliyi ondan ibarət idi ki, neft strategiyasını ümumi dövlət strategiyasının bir hissəsi kimi qurub. Bununla belə, bütün qazandığımız uğurları tək neftə bağlamaq olmaz. Azərbaycanın bütün sahələrdə uğurları var.
- Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki yerini və rolunu necə xarakterzə edərdiniz?
- Avropa komissarı Joze Manuel Barrozonun Bakıya səfəri, imzalanmış sənədlər, cənub qaz dəhlizinin inkişafına dair bəyannamə, keçirilən görüşlərin hamısı göstərir ki, Avropa birliyinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın öz xüsusi yeri və rolu var. Ona görə də, beynəlxalq qurumlar Azərbaycanla əməkdaşlıqda əlbir olmalıdır. Artıq bunun özü böyük bir göstəricidir. Xəzər dənizinin təbii ehtiyatlarının Avropa bazarlarına çıxarılmasının Azərbaycan dövlətinin iştirakı və dəstəyi olmadan mümkün deyil. Bunu tək təbii səbəblərlə izah etmək yetərli deyil. Bunun bir səbəbi də odur ki, dövlətimiz bütün dünyaya isbat etdi ki, Azərbaycan bu cür qlobal məsələləri özü də təkbaşına həll edə bilər. Axı kim inanardı ki, Bakı-Tbilisi-Ceyhan layihəsi nə vaxtsa həyata keçə və öz gerçək həllini tapa bilər. Amma Ulu Öndərimiz Heydər Əliyevin strateji məsələlərinin həllində əsas hədəf nöqtələrindən biri də Bakı-Tbilisi-Ceyhan neft kəməri oldu. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşması ilə bütün dünyaya sübut edildi ki, Azərbaycan hakimiyyətinin apardığı siyasət düzgün və məqsədyönlüdür. Yəni, bu tip layihələrin həyata keçirilməsini və layihələrin necə dəstəklənməsini artıq Azərbaycan bütün dünyaya öz əməlləri ilə göstərib. Ona görə də, Azərbaycanın önəmi bu məsələlərdə çox böyük və vacibdir. Hər hansı bir layihədə iştirak etmək, onu dəstəkləmək çox asandır, lakin layihəni həyata keçirmək imkanları yoxdursa, o layihəni çox böyük çətinliklər gözləyir. Azərbaycan elə bir ölkə, elə bir məmləkətdir ki, regionda bütün prosesləri həm təbii sərvətlərlə, həm də öz təcrübəsi ilə dəstəkləyə bilər. Bu baxımdan Azərbaycanın nəinki regionda, ümumiyyətlə, bütün dünyada yeri və rolu çox böyükdür. Azərbaycan dövlətinin iştirakı olmadan hər hansı böyük layihəni həyata keçirmək mümkün deyil. Bunu artıq Avropa da başa düşür. Azərbaycanın önəmi, inkişafı gündən-günə artır və əminəm ki, gələcəkdə baş tutacaq bütün layihələrin icrası bu həqiqəti bir daha təsdiq edəcək.
- Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıq etsə də, bu quruma üzv olmağa çalışmır. Bunun səbəbi nə ilə izah oluna bilər?
- Müəyyən ölkələr var ki, illərlə səy göstərirlər ki, Avropa Birliyinə üzv olsunlar. Lakin buna nail ola bilmirlər. Azərbaycan isə, Avropa Birliyi ilə müəyyən sahələrdə əməkdaşlıq etməklə kifayətlənir. Bu quruma üzv olmağa isə, hələ ki, ehtiyac yoxdur.
- "Nabucco" layihəsinin hələ də reallaşmamasını Azərbaycanın bu layihəyə maraq göstərməməsi ilə əlaqələndirmək olarmı?
- Azərbaycan bütün layihələrlə maraqlanır və layihələrin hamısında iştirak edir. "Nabucco"nun uzun illərdir həyata keçməməsinin səbəbini axtardıqda, bunun günahını "Nabucco" üçün xüsusi çətinlik yaradan qurumlarda axtarmaq lazımdır. Avropa Birliyinə qaz göndərmək üçün "Şahdəniz" qaz layihəsinin ikinci mərhələsinə ən azı 20 milyard dollar vəsait qoymaq lazımdır. Sərmayəçilər və Azərbaycan üçün əlverişli şərtlərlə imzalanmış hüququ qüvvədə olan kontrakt lazımdır. Bu kontrakt olmayandan sonra 20 milyard dolları heç kim sərf etməz. Ona görə də, həm Azərbaycan, həm də sərmayəçilər tərəfindən müvafiq şərtlər olmalıdır. Beynəlxalq şərtlərə uyğun olan təhlükəsizliyi, stabilliyi təmin olunmuş kontraktlar əsasında sərmayə qoymaq olar. "Nabucco" yaranan zaman düşünürdülər ki, Azərbaycanın başqa əlacı yoxdur, kimdənsə kömək umacaq. Həmin o neft strategiyasının uğurlarından biri də ondan ibarətdir ki, bu gün Azərbaycan istədiyi istiqamətdə, uyğun bildiyi şərtlərlə qazını və neftini ixrac edə bilər. Ölkə Prezidenti İlham Əliyev bir neçə dəfə çıxışında deyib ki, Azərbaycanın 7 ixrac kəməri var. Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Ceyhan neft kəməri, Qərb istiqamətində iki kəmərlə qazı cənuba və şimala ixrac edə bilirik.
- Azərbaycan öz resurslarını dünya xalqlarının mənafeyinə sərf etsə də, beynəlxalq təşkilatlar Azərbaycana bəzən ikili standartlardan yanaşaraq, xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində ikili mövqe sərgiləyirlər. Bu ədalətsiz və haqsız mövqe nə ilə bağlıdır?
- Azərbaycan dövləti öz resurslarını heç bir millətə, xalqa deyil, özünə sərf edir. Ulu Öndərimiz Heydər Əliyev siyasətini ölkə Prezidenti İlham Əliyev çox layiqli formada uğurla davam etdirir. Cənab Prezident İlham Əliyevin apardığı siyasət yalnız və yalnız Azərbaycan xalqının daha yaxşı və firavan yaşamasına hesablanıb. Xalqımız hələ uzun illər Prezident İlham Əliyevin rəhbərliyi ilə çox uğurlara, qələbələrə imza atacaq. O ki qaldı ikili standartlara... Bəli, söhbət Gürcüstandan, Moldovadan gedəndə, fərqlər var. Suverenliyin əsas göstəricisi ərazi üzərindəki suverenlikdir. Beynəlxalq hüquqda bu tanınmış bir aksiomadır ki, əgər bir dövləti dövlət olaraq tanıyırlarsa, deməli, onun ərazi bütövlüyünü də tanıyırlar. İkili standartların da səbəbi başqa mənbədən gəlir. Müsəlman ölkəyik, neftimiz, qazımız var və heç kimə ehtiyacımız yoxdur. Əminəm ki, Azərbaycanın haqq işi qalib gələcək və cənab Prezident İlham Əliyevin apardığı düzgün, məqsədyönlü siyasət nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi həll olunacaq. Azərbaycanın çox güclü monolit milli vətənpərvərlik ruhunda olan milli ordusu var. Hansı ki, bu ordu istənilən vaxt Ali Baş Komandan İlham Əliyevin əmrini yerinə yetirərək, Ermənistanın havadarlarının yardımı ilə işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə qadirdir.
- Cənab Prezident İlham Əliyevin "Dağlıq Qarabağı ya sülh, ya da hərb yolu ilə işğaldan azad edəcəyik" bəyanatı niyə Ermənistanı və ona havadarlıq edən dövlətləri bu qədər narahat edir?
- Narahat edən səbəblər çoxdur. Postsovet məkanında olan bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan dövləti problemlərini özü həll edən bir dövlətdir. Bütün problemlərimizi heç kimdən dəstək, kömək gözləmədən həll edirik. Siyasətdə yol göstərmək, diqtə etməklə yaşamağı öyrənmiş olan dövlətlər üçün, əlbəttə ki, bu, ağırdır. Azərbaycanın bugünkü inkişafı xarici antiAzərbaycan mövqeli qüvvələrə öz siyasi oyunlarını oynamağa imkan vermir. Azərbaycan dövləti beynəlxalq hüquqa, sazişlərə, razılaşmalara öz sadiqliyini göstərərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini mümkün qədər sülh yolu ilə həll etməyə çalışır. Amma sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan dövləti nə yolla olursa-olsun işğal altında olan torpaqlarımızı geri qaytaracağıq.
Bu gün Ulu Öndərimiz Heydər Əliyevin qurub-yaratdığı Azərbaycan dövləti həm sosial-iqtisadi, həm də ordu quruculuğu sahəsində dünyanın ən aparıcı dövlətləri sırasındadır. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan dövləti sülh danışıqlarına Ermənistanın ciddi münasibət sərgiləyib, masa arxasına oturmaqdan imtina etdiyinin real olduğunu gördüyü zaman Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğaldan azad etmək üçün ciddi addımlar atacaq. Bunun acısını isə, işğalçı Ermənistanla yanaşı, ona havadarlıq edən məlum dövlətlər çəkəcək. Ən böyük zərbəni isə, erməni xalqı alacaq. Çünki Sarkisyan hakimiyyəti və onun klanı yığdıqları var-dövləti xarici ölkələrdə gözəl həyat yaşamaq üçün sərf edəcəklər. Bu realdır və bu reallığı Ermənistan hakimiyyəti dərk etməsə də erməni xalqı başa düşsə, onlara daha yaxşı olardı.
AYLANA RZAYEVA