Müsahibimiz Azərbaycan Gəncliyinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərovadır
- Gülsel xanım, 12 Avqust - Beynəlxalq Gənclər Günüdür. Azərbaycan gəncləri ilə dünya ölkələrinin gəncləri arasında əlaqələri və əməkdaşlıq münasibətlərini yetərli saymaq olarmı?
- Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin artırılması məsələsi gənclərimiz qarşısında duran ən önəmli məsələlərdəndir. Azərbaycanla Avropa gəncləri arasında əməkdaşlığın olması ölkəmiz üçün çox vacibdir. Biz də Azərbaycanın Avropa İnteqrasiyası istiqamətində bütün səylərimizi göstəririk. Avropada gənclər təşkilatları azlıq təşkil edir. Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının sayı digər ölkələrdən olan gənclər təşkilatlarının sayından kifayət qədər çoxdur. Düşünürəm ki, Azərbaycanda gənclər təşkilatları, dünya ölkələrində öz sözünü demiş təşkilatlardı.
- Azərbaycanın taleyüklü məsələlərinin, xüsusilə də, Dağlıq Qarabağ probleminin dünya gənclərinin diqqətinə çatdırılması üçün Azərbaycan gənclərinin fəaliyyətlərini qənaətbəxş hesab etmək olarmı?
- Əlbəttə ki, Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ və 7 qəsb edilən rayonlarla bağlı həqiqətləri dünya xalqlarının diqqətinə çatdırılması istiqamətində yüksək fəallıq göstərilir. Bu görülən işlər istər dövlət, istərsə də QHT-lər səviyyəsindədir. Bununla yanaşı, deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadlarla bağlı daha geniş məlumatları dünya ölkələrinə yetərli qədər çatdıra bilmirik. Statistikaya nəzər salsaq, görərik ki, çox az gənc liderlər və təşkilatlar var ki, Avropa Təşkilatlarının İdarə Heyətində və Avropa təşkilatlarının işçi qrupunda təmsil olunurlar. Düşünürəm ki, Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılması məsələsi ictimai-siyasi həyatımızın bir rolu olmalıdır. Bu gün Azərbaycan gəncliyi Avropa məkanına inteqrasiya edir. Burada bizim gənclərimiz müxtəlif Avropa Birliyi və şurası layihələrində yaxından iştirak edərək, Azərbaycanı təmsil edir. Lakin həmin təmsilçilik 5-10 gündən ibarət olur. Əgər biz Azərbaycan həqiqətlərindən danışırıqsa, burada davamlı olan təbliğatdan danışmalıyıq. Davamlı təbliğat isə yalnız hədəf tutulmuş beynəlxalq bir təşkilatın və yaxud da hər hansı bir Avropada fəaliyyət göstərən təşkilatda təmsilçilikdən söhbət gedir. Düşünürəm ki, yalnız bu halda Azərbaycan həqiqətləri gənclərin iştirakı ilə tam məqsədinə çata bilər.
- İslam Konfransı Təşkilatında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya Ədalət" kampaniyası ilə Xocalı faciəsi tanındı. Bu, Azərbaycan gənclərinə örnək ola bilərmi?
- "Xocalıya Ədalət" kampaniyası özü-özlüyündə çox mütəşəkkil bir kampaniyadir. Bu kampaniya minlərlə insanları öz ətrafına yığa bildi. Burada təkcə Azərbaycan deyildi, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar bu kampaniyaya qoşulub. Erməni vəhşiliyini dünya xalqlarına çatdırılması baxımından bu kampaniya bu günə kimi keçirilmiş kampaniyalardan birincisidir. Növbəti illərdə kampaniyaya qoşulan insanları artıracaqdır. Nəzərə almaq lazımdır ki, digər xarici ölkələrdə yaşayan azərbaycanlıların bu kampaniyanın artırılmasında xüsusi rolları var.
- Azərbaycan gənclərinin ölkəmizin ictimai-siyasi həyatındakı fəallığını, demokratik proseslərdə aktivliyini yetərli saymaq olarmı?
- Bu gün gənclər təşkilatlarının fəaliyyətini, fəaliyyət planını və layihələrinin icrasının yüksək səviyyədə olduğunu görürük. Bu gün birmənalı şəkildə istər aktiv, istərsə də passiv gənclik Azərbaycanda, ölkəmizin müsbət imicinin artırılması istiqamətində bir çox işlər görməlidir. Demək olar ki, Azərbaycan gənclərinin beynəlxalq aləmdə rolu gündən-günə daha da artmaqda davam edir. Bu gün gənclər tam inkişaf etmiş formada öz iş fəaliyyətlərini açıq şəkildə göstərirlər. Azərbaycan dövləti gənclərin normal fəaliyyət göstərməsi üçün hər bir şəraiti yaradıb. Azərbaycanda gənclər üçün yaradılan şərait, dünyanın heç bir gəncləri üçün yaradılmayıb. Fikrimcə, gənclərimiz həm Azərbaycanda, həm də dünya ölkələrində ölkəmizin müsbət imicinin artırılmasında nə qədər çox iş görərsə, bu, bizim məmləkətimiz üçün bir o qədər yaxşıdır.
GÜLYANƏ AĞAKƏRİMOVA