- Gülər xanım, Azərbaycanda uşaq hüquqlarının müdafiəsilə bağlı kifayət qədər qanunvericilik bazasının olduğunu söyləmək olarmı?
- Bu gün Azərbaycan müharibə vəziyyətindədir. Cəbhə xəttində yeniyetmə uşaqlarımız ermənilər tərəfindən terror qurbanları olur. Bu baxımdan, düşünürəm ki, sərhəd zonalarında yaşayan uşaqlarla bağlı hər hansı bir xüsusi normativ tədbirlərin keçirilməsi ilə bağlı müəyyən işləri diqqətə gətirməliyik. Terror törədən insanların əməlləri Cinayət Məcəlləsinin ən ağır cəzalarına layiq görülməlidir. Amma çox təəssüflər olsun ki, beynəlxalq təşkilatlar və beynəlxalq hüquq-mühafizə orqanları uşaq qatili olan terrorçuların nə şəxsiyyəti ilə məşğul olur, nə də onlar haqqında hər hansı bir axtarış verilməsi üçün müəyyən addımlar atırlar.
- Ulu Öndər Heydər Əliyev hər zaman uşaqlara qayğı ilə yanaşıb. Onların bilikli, savadlı və vətənpərvərlik ruhunda böyümələri üçün hər cür diqqət göstərib. Bu gün bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən hansı formada davam etdirilir?
- Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bütün sahələrdə atdığı addımlar, bu gün uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyev hər zaman gənclərə və uşaqlara qarşı öz diqqət və qayğısını göstərib. Heydər Əliyev Fondu həm Azərbaycanda, həm də ölkədən kənarda yaşayan qayğıya ehtiyacı olan uşaqlarla bağlı bir çox işlər görüb. Düşünürəm ki, ədalətli olardı ki, Prezident İlham Əliyev cənablarının isminin yanında Mehriban xanım Əliyevanın da adını çəkək. Çünki bu gün həm Prezident İlham Əliyev, həm də Mehriban xanım Əliyeva uşaqların təminatı üçün çox böyük işlər görübdür. Azərbaycanda uşaqlar üçün hər cür şərait yaradılıb. Azərbaycanın gələcəyi ilə bağlı siyasətinin ən bariz nümunəsini Prezident İlham Əliyevin çıxışlarında "biz neftdən alınan gəlirin insan resurslarına çevrilməsi, yəni neft kapitalının insan kapitalına çevrilməsi üçün bütün addımları atmalıyıq" - deyə bildirməsindən də görmək olar. İnsan kapitalı deyərkən, şübhəsiz ki, Azərbaycanın uşaqları və gəncləri nəzərdə tutulur. Bu gün bu sahədə işlər görülür. Düşünürəm ki, dövlət tərəfindən görülən bu işlərdə ən vacib məqam, birmənalı şəkildə, əmək bacarığına uyğunlaşma məsələsidir. Çünki xaricdə təhsil alan uşaqların, Azərbaycanda Dövlət Neft Şirkətini və Rabitə Nazirliyini çıxmaq şərti ilə, digər sahələrdə gənclərin təhsilə uyğun olaraq işlə təmin olunması məsələsi hələ də gecikməkdədir. Bu baxımdan, arzu edərdim ki, dövlət siyasətinin uğurlu davamı kimi yerlərdə də sözügedən məsələlərə ciddi diqqət versinlər. Çünki xaricdə təhsil alıb gələn uşaqların, şübhəsiz ki, həm təhsil səviyyəsi, həm də dünyagörüşü digər gənclərimizlə müqayisədə müəyyən qədər fərqlənir.
- Bəzən uşaqlar təhsildən yayınıb əməyə cəlb olunur. Bu cür arzuolunmaz halların aradan qaldırılması üçün hansı tədbirlərin görülməsini zəruri hesab edərdiniz?
- Azərbaycan Konstitusiyasına görə, 15 yaşına kimi uşaqların əməyə cəlb olunması qadağandır. Düşünürəm ki, burada uşaqları əməyə cəlb edənlərin əksəriyyəti onların valideynləridir. Burada valideynlərin uşaqlara qarşı olan məsuliyyət məsələsini çox ciddiləşdirmək lazımdır. Bu gün qanunlarımızda onlara qarşı həm inzibati, həm də cinayət məsuliyyəti məsələlərini bir qədər də sərtləşdirmək lazımdır.
GÜLYANƏ AĞAKƏRİMOVA