PDF Oxu

Müsahibə

  • 327

İran rəhbərliyində Azərbaycana münasibətdə müxtəlif fərqli fikirlər var

İran rəhbərliyində Azərbaycana münasibətdə müxtəlif fərqli fikirlər var

İranda Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələr son günlər yenidən xeyli aktivlik nümayiş etdirirlər. Onu da xatırlatmaq yerinə düşərdi ki, bu kimi münasibət zaman-zaman baş verməklə sanki fars molla rejiminin siyasi xətti qismində nümayiş olunur. Hətta anti-Azərbaycan mövqelər o qədər inkişaf edir ki, bu ilin fevralında ölkəmizin Təbrizdəki konsulluğu və Tehrandakı səfirliyi qarşısında keçirilən piketdə dövlətimiz əleyhinə həqarətlər səslənib, bayrağımız yandırılıb. Eyni zamanda, bu ölkənin ETTELAAT-a (İranın xüsusi xidmət orqanı) bağlı olduğu bildirilən "Səhər" telekanalı yayımladığı Azərbaycan dilində proqramında Azərbaycan hakimiyyətinə, onun rəhbərliyinə qarşı videoroliklər yayır, rəsmi Bakını sionizmə qucaq açmaqda ittiham edir. Həmçinin, Azərbaycanın cənubundakı milyonlarla soydaşımızın problemlərindən bəhs edən media quruluşları da molla rejimi tərəfindən davamlı olaraq, hədəfə alınır. Hər il azərbaycanlılara təzyiqlər daha da şiddətlənir, öz milli hüquqlarını tələb edən soydaşlarımız həbs olunur, onlar fiziki və mənəvi işgəncələrə məruz qalır, milli fəallara ədalətsiz həbs, sürgün və şallaq cəzaları kəsilir, hərəkatçılar müəmmalı şəkildə qətlə yetirilir. Əhalinin əksəriyyəti azərbaycanlı olsa da fars şovinizmi onlar üçün bir dənə də məktəb açılmasına imkan vermir. Bir çox hallarda türklərin öz ana dilində danışmaları belə yasaqlanır. Halbuki fars şovinist rejiminin mənafeyinə xidmət edən konstitusiyada belə vətəndaşların ana dilində təhsil almaq hüquqları təsbit olunub.Sözügedən mövzu ilə bağlı "Səs" qəzetinə açıqlama verən millət vəkili Musa Qasımlının fikrincə, cənub qonşumuz olan İranla münasibətlərin normal inkişafı həm Azərbaycanın, həm də İranın xeyirinə ola bilər: "Ancaq zaman-zaman bu münasibətlərin normallıqdan kənara çıxmasının səbəbləri İran tərəfi ilə bağlıdır".


Ölkəmiz heç vaxt İranın daxili işlərinə qarışmayıb

Millət vəkili hesab edir ki, bütün mənalarda ölkəmiz, ümumiyyətlə, heç bir vaxt qonşu İranın daxili işlərinə qarışmayıb. Eləcə də, digər xarici dövlətlərin yürütdükləri siyasətə bitərəf mövqe sərgiləyib. Azərbaycan barədə söylənilən fikirlər də bir çox hallarda İranın dövlət rəsmiləri tərəfindən eyniliklə qarşılanmır: "Azərbaycan heç bir zaman İranın daxili işlərinə qarışmayıb və ona qarşı digər dövlətlərin yürütdüyü siyasətdə iştirak etməyib. Ancaq nə etmək olar ki, İranda azərbaycanlıların hüquqları daima pozulur. İranda müəyyən şəxslər Azərbaycan əleyhinə bəyanatlar verirlər. İran rəhbərliyində Azərbaycana münasibətdə müxtəlif fərqli fikirlər var. Belə bəyanatlar, eyni zamanda, İran hakimiyyəti daxilində rəhbər şəxslər arasında da fikir ayrılığını göstərir".


İrandakı sabitlik Azərbaycanla normal münasibətlərin davam etdirilməsindən asılıdır

Musa Qasımlı digər maraqlı nüansa da toxunaraq bildirdi ki, əslində, İran dövlətində yaşanan qeyri-sabitlik müəyyən mənada qonşu Azərbaycanın mövqeyindən də asılı ola bilər. Yəni İran ən azından Azərbaycanla xoş münasibətlər üzərində əməkdaşlıq etməlidir. Lakin təəssüf ki, nə İranın rəhbərliyi, nə də müəyyən siyasi dairələri tərəfindən bu amil sərgilənməməkdədir: "Hesab edirəm ki, İrandakı sabitlik Azərbaycanla normal münasibətlərin davam etdirilməsindən asılıdır. İran prezidenti mehriban qonşu kimi daim Azərbaycanla normal münasibətlərin saxlanılmasında maraqlı olmalıdır. Amma təəssüf olsun ki, İran Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir və yerindəcə oturdulur".


Firuzabadinin açıqlaması da məhz İran hakimiyyəti daxilində fikir ayrılıqlarının göstəricisindən biridir

İranın Azərbaycanın güclü dövlət olmasında maraqlı olmadığını vurğulayan millət vəkili fars rejiminin generalı olan Firuzabadinin də heç bir məntiqə sığmayan bəyanatına münasibət bildirdi. Musa Qasımlı qeyd etdi ki, general Firuzabadinin açıqlaması da məhz İran hakimiyyəti daxilində fikir ayrılıqlarının göstəricisindən biridir: "Heç kimə sirr deyil ki, Azərbaycan müstəqil olandan bəri ötən bütün illər ərzində İranın hakimiyyət dairələri Azərbaycandakı mövcud rejimləri dəyişdirməyə və islamçı rejim yaratmağa çalışırdı. Bundan ötrü daim cəhdlər edilib, islam inqilabı, ixracı daim gündəlikdə olub. İran qonşuluğunda dünyəvi, demokratik bir ölkənin güclü bir Azərbaycanın Qərb ilə münasibətləri normal olan bir dövlətin olmasında maraqlı deyil".


İranın Ermənistanla münasibətləri daim həmin ölkənin strateji məqsədlərinə xidmət edir

Digər tərəfdən, Ermənistanın mütəmadi olaraq, Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə rəğmən İranın bu dövlətə qucaq açması tamamilə qonşuluq siyasətinə ziddir. Bu əsnada xatırlatmaq yerinə düşərdi ki, hələ bir müddət öncə, İranın Ermənistandakı səfiri sayıqlamalarında çox uzağa gedərək, İranın Dağlıq Qarabağla sərhədinin olduğunu iddia edib və bununla da ərazi bütövlüyümüzə sayğısız mövqe ortaya qoyub. Hər zaman Ermənistana dəstək olan İran bu dəfə də təcavüzkardan yardımını əsirgəməyib. Məlumata görə, İranla Ermənistan iqtisadi sahədə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindədir. Məsələn, İran-Ermənistan Dostluq Cəmiyyətinin katibi Mirqasım Momeni bildirib ki, Ermənistanda "İnvestisiya imkanları" mövzusunda keçirilən beynəlxalq konfransda iki ölkənin yüksək çinli məmurları arasında bir sıra investisiya layihələrinin həyata keçirilməsi üzrə artıq razılıq əldə olunub.


Bir sıra ölkələr Ermənistandan istifadə edərək, İran daxilində qarmaqarışıqlıq yaratmağa çalışırlar

Millət vəkili bildirib ki, İranın Ermənistanla münasibətləri daim həmin ölkənin strateji məqsədlərinə xidmət edir: "Bu, Ermənistan vasitəsilə Gürcüstan ərazisindən keçərək Qara dənizə çıxmaq niyyətlərini güdür. Qərb layihələrin əleyhinədir. İranda bəziləri belə hesab edir ki, Ermənistanla əməkdaşlıq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars-Ərzurum layihələrinin alternatividir. Və İran da daima buna can atır. İranın Ermənistanı müdafiə etməsi, güclü Azərbaycan dövləti görməmək istəyindən irəli gəlir. Sözsüz ki, bu istəkdə olan qüvvələr var. Eyni zamanda, bir sıra ölkələr Ermənistandan istifadə edərək, İran daxilində qarmaqarışıqlıq yaratmağa çalışırlar. Daha dəqiq desək, Ermənistandan İrana qarşı casusluq şəbəkəsi kimi istifadə edirlər. Ermənistanla İrana tək iqtisadi maraqlar baxımından deyil, eyni zamanda, siyasi və strateji maraqlar baxımından yanaşırlar".


RƏFİQƏ HÜSEYNOVA,

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər