PDF Oxu

Müsahibə

  • 175

2012-ci ilin yanvar ayına qədər respublika əhalisinin 85%-nin 10 TV proqramlı acıq paketli rəqəmli yayımla təmin edilməsi planlaşdırlır

2012-ci ilin yanvar ayına qədər respublika əhalisinin 85%-nin 10 TV proqramlı acıq paketli rəqəmli yayımla təmin edilməsi planlaşdırlır

- Elmir müəllim, son illər Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunda böyük inkişaf müşahidə olunmaqdadır. Bu baxımdan, 2011-ci ilin ötən dövrü ərzində bu sahədə baş verən yeniliklər və əldə olunan nəticələr haqqında məlumat verməyinizi xahiş edirik.

- Ölkəmizin informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorundakı dinamik inkişaf göz qabağındadır. Son illərdə ölkə iqtisadiyyatında uzunmüddətli iqtisadi artım fonunda İKT sektorunda da baş verən davamlı və sürətli tərəqqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inkişaf strategiyasının həyata keçirilməsinin nəticəsidir. Prezident İlham Əliyev tərəfindən İKT sektoruna ciddi diqqət göstərilir, onun tətbiqi prioritet elan edilmişdir, qeyri-neft sektorunun aparıcı iqtisadi sahəsi kimi inkişafı əhəmiyyətli sayılır. Bu məqsədlə şərti olaraq "Elektron Azərbaycan" adlandırılmış Dövlət proqramı, Elektron hökumətin formalaşdırılması üzrə Fəaliyyət Proqramı və çoxsaylı digər sənədlər qəbul edilmişdir. Ümumilikdə bu sahənin inkişafı qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq aparılır. Bunun nəticəsidir ki, son 6 il ərzində İKT sektoru 5 dəfə artmış, sektor üzrə orta illik artım tempi 30-32% təşkil etmişdir. Hətta dünyada maliyyə böhranın hökm sürdüyü bir zamanda ölkənin İKT sektorunda nəinki geriləmə baş verməmiş, əksinə əvvəlki illərin dinamikası saxlanılmaqla 2009-cu ildə 13,7%-lik, 2010-cu ildə isə 32%-lik artıma nail olunmuşdur. Cari ilin I yarımilliyinin nəticələri nikbin proqnozlar verməyə əsas verir. Belə ki, I yarımillik ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə İKT sektoru 15,8%, o cümlədən telekommunikasiya sektoru 10,6%, İT sektoru isə 2,0 dəfə artmışdır. Hazırda Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanına uyğun olaraq, ölkədə e-xidmətlərin tətbiqinin geniş vüsət alması istiqamətində müvafiq dövlət qurumları ilə birgə müvafiq tədbirlər görülməkdədir. Habelə ölkədə rəqəmli televiziya yayımının tətbiqi, ilk telekommunikasiya peykinin orbitə çıxarılması, qəbul olunmuş Dövlət Proqramlarının icrası və layihələrin həyata keçirilməsi üzrə işlər uğurla həyata keçirilməkdədir.

Ümidvarıq ki, 2010-cu ilin yekunlarında olduğu kimi, 2011-ci ildə də bu sektorun ilik artım tempi yüksək olacaqdır və nəzərdə tutular tədbirlər icra ediləcəkdir.

- İKT sahəsindən əldə olunan milli gəlirin ÜDM-də, qeyri-neft sektorunda çəkisi nə qədərdir? Yaxın perspektivdə bu sahədə hansı yeniliklər proqnozlaşdırılır?

- Son illər İKT-nin ölkəmizin sosial-iqtisadi həyatına geniş nüfuz etməsi İKT-nin həm iqtisadiyyat sahəsi kimi, həm də ölkənin ümumi inkişafına xidmət edən vasitə kimi əhəmiyyətini ilbəil artırır. 2010-cu ildə ölkə iqtisadiyyatı ÜDM-nin 5%, qeyri-neft ÜDM-in isə 7.9% real artım tempi ilə yadda qalsa da, diqqəti çəkən əsas məqamlardan biri İKT sektorunun əlavə dəyərinin 29.7%-artımla müşayiət olunması, ÜDM strukturuna daxil olan digər sahələrin yeni yaradılmış dəyərin artım tempini dəfələrlə qabaqlamasıdır.

Həmçinin qeyd edək ki, 2010-cu ildə İKT sektoru təkcə ÜDM-də yaratdığı əlavə dəyərin sürətli artımı ilə deyil, həm də sektorun ölkənin ÜDM və qeyri-neft ÜDM-də payının artması ilə yadda qalmışdır. Belə ki, 2009-cu illə müqayisədə 2010-cu ildə İKT sektorunun ÜDM-də payı 1.9%-dən 2.0%-ə, qeyri-neft ÜDM-də payı isə 4.0%-dən 4.3%-ə yüksəlmişdir.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişafın yekunlarına həsr edilmiş Nazirlər Kabinetinin iclaslarında İKT sektorunun inkişafının müsbət qiymətləndirilməsi, həmçinin bu sahənin böyük gələcəyinin olması ilə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətliliyi qarşıdakı illərdə də İKT sektorunun prioritet olmasından xəbər verir. Eyni zamanda, görülmüş tədbirlər nəticəsində informasiya infrastrukturu dəfələrlə genişləndirilmiş, müasir və yeni tipli xidmətlərin verilməsinə və hətta, bəzi İKT məhsullarının ixrac edilməsinə başlanılmışdır.

Azərbaycanda İKT sahəsində həyata keçirilən fəaliyyət daxili tələbatı ödəmək, milli məqsədləri təmin etmək xarakteri daşısa da, ölkəmizin regionda tutduğu coğrafi məkan, qazandığı nüfuz və iqtisadi-siyasi potensialı imkan verir ki, gələcək perspektivdə rabitə sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş məqsədlərə nail olunsun, yerli və regional əhəmiyyətli layihələri həyata keçirilsin. Belə layihələrə Regional İnnovasiya Zonasının yaradılması, "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın yaradılması, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, elektron hökumətin formalaşdırılmasını göstərmək olar. Əminik ki, qeyd olunan və olunmayan layihələr, qəbul olunmuş Dövlət Proqramları çərçivəsində həyata keçirilən tədbirlər sayəsində yaxın perspektivdə İKT-nin cəmiyyətdə, dövlət idarəetməsində və iqtisadiyyatda tətbiqi təmin ediləcək, ölkənin telekommunikasiya sektoru müasir texnologiyalarla yenidən qurulacaq, əhalinin keyfiyyətli telekommunikasiya və poçt xidmətlərinə çıxışı yaradılacaq, ölkənin informasiya təhlükəsizliyi etibarlı şəkildə qorunacaq, İKT üzrə yerli istehsal inkişaf edəcək və sektorun ixrac potensialı yüksələcəkdir.

- RİTN tərəfindən reallaşdırılması nəzərdə tutulan qlobal layihələrdən biri də ölkəmizdə kosmik sənayenin yaradılmasıdır. Azərbaycanın süni peykinin orbitə buraxılması istiqamətində görülən işlər hansı səviyyədədir? Bu layihənin həyata keçirilməsi ölkəmizə nə kimi dividendlər gətirəcək?

- Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" (04.11.2008, №27) və "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" (17.08.2009, №443) Sərəncamlarının icrası ilə əlaqədar olaraq ölkəmizdə məqsədyönlü işlər aparılmaqdadır. Ölkə Prezidentinin imzaladığı Dövlət Proqramı və sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinin üzvünə çevrilməsi və ölkəmizdə peyk texnologiyalarının istehsalı, tətbiqi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və informasiya təhlükəsizliyinin təmin olunması üçün geniş imkanlar açmışdır. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın qlobal informasiya məkanına inteqrasiyanın genişləndırılməsini, informasiya təhlükəsizliyinin gücləndirilməsini, yeni texnologiyaları istifadəsini, regional telekommunikasiyalar bazarına çıxışı, ən əsası isə dövlət orqanlarının, cəmiyyətin tələbatının ödənilməsi üçün peyk resurslarından istifadəni təmin edəcəkdir. Azərbaycan Respublikasının telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 3 may 2010-cu il tarixli 885 nömrəli Sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. İlk telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması məqsədilə ötən il müvafiq olaraq ABŞ-ın "Orbital Sciences Corporation" və Fransanın "Arianespace" şirkətləri ilə müqavilələr imzalanmışdır. Hazırda müqavilə şərtlərinə uyğun olaraq işlər yerinə yetirilir, istehsalçı şirkətlərin nümayəndələri ilə mütəxəssislərimiz arasında mütəmadi olaraq görüşlər keçirilir. "Azerspace" telekommunikasiya peykinin 2012-ci ilin sonuncu rübündə orbitə çıxarılması nəzərdə tutulur. Ölkəmizin əlverişli coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi, informasiya mübadiləsində xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın qlobal informasiya mübadiləsi məkanına çevrilməsi baxımından telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması böyük əhəmiyyət kəsb edir. Azərbaycanın telekommunikasiya peykinin əhatə zonasına Avropa, Asiya və Şimali Afrikanın bir hissəsi daxildir. Milli peykin ehtiyatlarından daxili tələbat və beynəlxalq bazarda xidmətlər üçün istifadə planlaşdırır. Peyk istifadəyə verildikdən sonra kosmik texnologiyalarla teleradio yayımı, diplomatik nümayəndəliklərimizlə birbaşa və etibarlı rabitənin yaradılması, ölkənin informasiya təhlükəsizliyinin mühafizəsinin gücləndirilməsi, yüksəksürətli peyk internet xidmətinin təşkili, kosmik sahə üzrə kadr hazırlığının təmin edilməsi və insan kapitalının inkişafı üçün yeni imkanların yaradılması və s. təmin ediləcəkdir. Kosmik texnika yeni elmi-texniki tədqiqatlara rəvac verəcəkdir və bu da öz növbəsində innovasiyalara yol açacaqdır.

- Bildiyimiz kimi ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələri, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsindəki inkişaf beynəlxalq miqyasda necə dəyərləndirilir?

- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz fəaliyyətində ikitərəfli, regional və beynəlxalq əlaqələr qurulması, sahə üzrə nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi və onların hesabat və reytinq cədvəllərində ölkəmizdə gedən inkişaf proseslərinin əksinin tapmasını mühüm hesab edir. Son illərdə ölkəmizdə, o cümlədən onun regionlarında İKT üzrə onlarla beynəlxalq əhəmiyyətli tədbirlər keçirilmiş, sektor üzrə dövlət və özəl sektor nümayəndələrinin, ictimai təşkilatlarının dəfələrlə xaricdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı təmin olunmuşdur eləcə də xarici ölkə dövlət və biznes qurumlarının ölkəmizə səfərləri təşkil olunmuşdur. "HP", "Microsoft", "Cisco", "Alcatel-Lucent", "Oracle" və s. kimi dünyanın qabaqcıl informasiya texnologiyaları və telekommunikasiya şirkətlərinin ölkə və hətta regional nümayəndəlikləri fəaliyyət göstərir. Son illərdə Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin "Microsoft", "Cisco", "Intel" və "Ericsson" kimi məşhur şirkətlərin rəhbərlərinin ilə görüşləri olmuş, bu şirkətlərin rəhbərləri Azərbaycana səfər etmiş, əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. İllik "BakuTel" sərgisi regionun ən nüfuzlu beynəlxalq İKT hadisələrindən biri kimi formalaşmışdır.

Bir sözlə, ölkəmiz regionun İKT mərkəzinə çevrilmişdir və bunun əyani təzahürünü nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında görmək olar. Davos Dünya İqtisadi Forumunun "Global İnformation Technologies 2010-2011" hesabatında Azərbaycan "Şəbəkə hazırlığı indeksinə" görə dünyanın 138 ölkəsi arasında 70-ci-ci yeri tutaraq Türkiyə, Rusiya Federasiyası, Meksika kimi ölkələri qabaqlamışdır. Beynəlxalq Telekommunikasiya İttifaqının "Measuring the Information Society - 2010" adlı hesabatında isə ölkəmiz "İKT İnkişaf İndeksi" üzrə 159 ölkə arasında 81-ci yerdə qərarlaşmışdır. BMT-nin "United Nations e-Government Survey 2010" hesabatına əsasən Azərbaycan "e-hökumətin inkişaf indeksi" üzrə 192 dövlət arasında 83-cu yeri tutmuşdur.

- Əhalinin xüsusi maraqla gözlədiyi layihələrdən biri də rəqəmli televiziya yayımı ilə bağlıdır. Bu istiqamətdə həyata keçirilən işlər hansı mərhələdədir?

- Ümumilikdə qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qərarına əsasən 2015-ci ilədək dünya ölkələri rəqəmli TV yayımına keçidi təmin etməlidirlər. Artıq bəzi ölkələr buna nail olmuşlar. Ölkəmizdə də bunu həyata keçirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli Sərəncamı ilə ölkə ərazisində rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı proqramı təsdiq edilmişdir. Bununla da, Azərbaycanda rəqəmli TV yayımına keçidlə əlaqədar indiyədək sınaq məqsədilə aparılan işlər genişləndirilmiş və əməli tədbirlər şəkilində vüsət almışdır. Artıq Bakı, Gəncə, Şirvan, Lerik, Lənkəran şəhərlərində və ətraf ərazilərdə MPEG-4 standartında rəqəmli TV yayımı həyata keçirilir. 2012-ci ilin yanvar ayına qədər respublika əhalisinin 85%-nin 10 TV proqramlı acıq paketli rəqəmli yayımla təmin edilməsi planlaşdırlır. Daha sonra kommersiya təyinatlı əlavə 50-60 TV proqramının yayımı da həyata keçiriləcəkdir. Rəqəmli TV yayımı tam təmin edildikdən sonra analoq televiziya yayımı dayandırılacaqdır.

- "Elektron Azərbaycan" Dövlət Proqramının icrası istiqamətində işlər nə yerdədir?

- Bildiyiniz kmi "Elektron Azərbaycan" Dövlət Proqramı Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyadan (2003-2012-ci illər)" irəli gələn vəzifələrin həyata keçirməsi üçün qəbul olunmuş ikinci dövlət proqramıdır və 2010-2012-ci illəri əhatə edir. Bu Dövlət Proqramı, həmçinin "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı" və Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci tarixli Fərmanı ölkəmizdə İKT sektorunun sürətli inkişafı ilə yanaşı, ölkəmizdə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi istiqamətində mühüm rol oynayır. Dövlət orqanlarında fəaliyyətin səmərəliyinin artırılması, vətəndaşlara və təşkilatlara xidmətlərin daha rahat və keyfiyyətli şəkildə göstərilməsi məqsədilə çoxsaylı elektron hökumət layihələri həyata keçirilir, müxtəlif təyinatlı informasiya sistemləri, reyestrlər və digər informasiya ehtiyatları yaradılır. RİTN tərəfindən elektron imzanın istifadəsi, dövlət orqanları arasında informasiya mübadiləsinin təşkili üzrə milli infrastrukturun qurulması işləri aparılır. Artıq elektron imzanın istifadəsinin təşkili üçün yaradılmış Milli Sertifikat Xidmətləri Mərkəzi, həmçinin dövlət orqanlarının informasiya mübadiləsi sistemi və istifadəçilərin elektron xidmətlərdən istifadəsini təmin edəcək "Elektron Hökumət Portalı" əsasən hazırdır və tezliklə istifadəyə verilməsi planlaşdırılır.

Digər xəbərlər