Müasir dövrümüzdə Azərbaycan gənclərinə dövlət səviyyəsində ayrılan böyük diqqət onların ölkənin sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakının təmin edilməsinə şərait yaradıb. Cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunması diqqətdə olan məsələlərdəndir. Gənclərin gələcəyin tələblərinə cavab verən təhsilə yiyələnmələri üçün imkanların yaradılması da dövlət gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan müasir dövrümüzdə ali məktəbdə təhsil alan gənclərin sosial vəziyyətini yaxşılaşdırılması istiqamətində kifayət qədər işlər görülmüş və bu proses davam etməkdədir. Bu sahələrdə müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Bütün bunlara baxmayaraq, müəyyən həlli olunmamış məsələlər də diqqətdədir. Yeni tədris ilində tələbələrin yataqxanalarla təmini əsas məsələ kimi narahatçılıq doğurur. Milli Məclisin Sosial Siyasət daimi Komitəsinin sədr müavini Musa Quliyev bu məsələyə belə münasibətini bildirdi:
- Gənclər siyasəti dövlətin prioritet məsələlərindən biri kimi diqqətdədir. Onların vətənpərvərlik tərbiyəsi sahəsində davamlı işlər görülür, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Bu baxımdan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin ölkə həyatında fəal iştirakına şərait yaratmaq və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi daşıyır. Tələbə yataqxanalarına gəlincə isə deyim ki, bu gün mövcud olan həmin məkanlar sovet dövründən qalıb və bərbad vəziyyətdədir. Həmin yataqxanalarda qaçqınlar yerləşdiriliblər. Azərbaycanın müxtəlif rayonlarında yaşayan və paytaxtımızda təhsil alan gənclərin yataqxana ilə təmin olunması vacib məsələlərdəndir. Tələbə yataqxanası deyərkən təkcə yaşayış üçün olan məkan nəzərdə tutulmur. Bu gün tələbə yataqxanasına tələbat var. Bura gənclik mühiti, mübadilə mühiti, gənclərin müasir düşüncə tərzinin formalaşması mühiti tək olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında bu gün hər bir şey müasir tələbatlara uyğun olaraq yeni tipdə inşa olunaraq istifadəyə verilir. Tələbə yataqxanaları da məhz bu prinsip əsasında inşa edilməlidir. Burada ictimai-mədəni tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait olmalı, bir növ tələbə şəhərciyi qurulmalıdır. Bunun üçün strateji plan hazırlanmalıdır. Bildiyiniz kimi, Gəncədə tələbə şəhərciyi üçün sahə ayrılıb. Təbii ki, bu, Dövlət Gənclər siyasətinin bir hissəsidir. Naxçıvan şəhərində isə bu məsələ çox gözəl bir şəkildə öz həllini tapıb. Artıq orada tələbə şəhərciyi - yataqxana istifadəyə verilmişdir. Bütün bunlar tələbələrin lazımi bir mühitdə formalaşmasına və müasir dövrün çərçivəsində təhsilini yüksək formada davam etdirilməsinə imkan yaradacaq.
- Musa müəllim, tələbə kreditləri ilə bağlı qanun layihəsinin Milli Məclisdə müzakirəsi nəzərdə tutulub. Bu qanun layihəsi tələbələrin sosial problemlərinin həllinə nə dərəcədə təsirini göstərəcək?
- Tələbə kreditlərinin verilməsi ilə bağlı qanun layihəsi hələ ideya şəklində mövcuddur. Belə bir layihənin Milli Məclisin müzakirəsinə çıxarılması əhəmiyyətli məsələdir. Bu məsələ mənim dəstəklədiyim və reallaşmasına cəhd edəcəyim layihədir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan gənclərinin inkişafı və onların yüksək bir səviyyədə təminatı ilə bağlı bir sıra rəsmi sənədlər mövcuddur. Bu yaxınlarda İlham Əliyevin imzaladığı "2011-2015-ci illər Gənclərin İnkişafı Dövlət Proqramı" məhz gənc nəslin inkişafına yönəlmiş bir Sərəncamdır. Gənclərin ali təhsil müəssisələrində təhsili, onlara təhsil haqqının ödənilməsi məqsədilə kreditlərin verilməsi bu gün diqqətdə olan məsələlərdən biridir. Azərbaycan gənclərinə tələbə təhsil kreditlərinin verilməsi qanuni bir şəkildə əksini tapmalıdır. Bu qanunda yaxşı olardı ki, gənclərin kredit haqlarının ödənilməsi təhsilini başa vurduqdan sonra işlədiyi müddət ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulsun. Buna da cüzi bir şəkildə faiz qoyulmalıdır ki, inflyasiyanın qarşısı alınsın. Təhsil xərclərinin azaldılması, gənclərin xaricdə təhsili, eləcə də, kreditlərin verilməsi ilə bağlı hüquqi baza yaradılmalıdır.
Ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır. Odur ki, gənclərin hərtərəfli inkişafı üçün şərait mövcuddur.
Ötən gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında imzaladığı Sərəncam Azərbaycan gəncliyinə, təhsilinə olan qayğıdır. Sərəncama əsasən, 2011-2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bütün bunlar ölkə başçısı tərəfindən gənclərə göstərilən diqqətdir, onların sosial-maddi təminatını möhkəmlənməsi məqsədi daşıyır. Gənclərin sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi məsələləri dövlətin diqqətindədir.
NƏZAKƏT ƏLƏDDİNQIZI