Radikal müxalifətin cəmiyyətdə dəstəyi yoxdur
- Elşən müəllim, radikal müxalifət liderlərinin ölkədə inqilab edəcəkləri kimi qeyri-konstitusion çağırışlar etmələri xarici maraqlı qüvvələrin sifarişi ola bilərmi?
- Radikal müxalifət gündəmdə qalmaq və varlıqlarını nümayiş etdirmək üçün bu tipli qeyri-ciddi çıxışlar edirlər. "İctimai Palata"da təmsil olunan siyasi qüvvələr bir neçə dəfə bu cür aksiyalar keçirmək istəsə də, cəmiyyətdən rədd cavabı aldıqlarından, məqsədləri tamamilə iflasa uğrayıb. Bu da onu göstərir ki, "İctimai Palata"nın özünün ciddi sosial bazaya ehtiyacı var. "İctimai Palata"da təmsil olunan siyasi qüvvələrin irəli sürdükləri ideyalar daha çox konyuktur maraqlarından irəli gəlir. Milli Məclisin payız sessiyasında "Siyasi partiyalar haqqında" Qanuna əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Düşünürəm ki, bunun ardınca ölkə ictimaiyyətini düşündürən və narahat edən bir sıra digər vacib olan qanunların qəbul olunacağı istisna deyil. Bu baxımdan, "İctimai Palata"nın, məhz həmin kontekstdən çıxış etməsini, həmin palatada təmsil olunan siyasi qüvvələrin konyuktur maraqlarından və bölgədə maraqlı olan müəyyən dövlətlərin regional maraqlarından, yəni onların dəyirmana su tökmək istəyindən irəli gəlir.
- Sizcə, icazəsiz aksiyalarla və pozuculuq aktları törətməklə nəyə isə nail olmaq mümkündür?
- "İctimai Palata"da təmsil olunan qüvvələr də ölkədəki siyasi sistemin tərkib hissəsidir. Bunların islahatlar, təkliflər paketinə hakimiyyətin hansı münasibət sərgiləməsi ilə bağlı məsələni nəzərə almalıdırlar. Digər tərəfdən isə, hakimiyyət tərəfindən fərqli mövqe sərgiləndiyi təqdirdə, həmin siyasi qüvvələr "Yol xəritəsi" adlı konsepsiyanın həyata keçirilməsi ilə bağlı məsələlərə qanunvericilik çərçivəsində yanaşmalıdır. Düşünürəm ki, adıçəkilən siyasi qüvvələrin ciddi aksiyalar keçirmək imkanları yoxdur. Çünki onların sosial bazası məhduddur. Bu da ondan irəli gəlir ki, artıq ölkə müxalifətinin özündə yeniləşməyə çox ciddi ehtiyacı var. Ölkə müxalifətini təmsil edən siyasi qüvvələrin başında fərqli insanlar və fərqli dəyərlərlə baxışlarla durmalıdır.
- "6-lar", "İctimai Palata" və bu kimi qurumların yaradılmasını müxalifət liderlərinin yorğanı öz tərəflərinə çəkmək istəyi kimi dəyərləndirmək olarmı?
- "İctimai Palata"da təmsil olunan siyasi qüvvələr özlərini Azərbaycanın siyasi sistemində müxalifətin aparıcı qüvvələri kimi təqdim edirlər. Düşünürəm ki, bu kimi qüvvələrin maraqları konyuktur maraqlara xidmət etməməlidir. Burada "İctimai Palata"da olan siyasi qüvvələr ölkədəki mövcud ictimai-siyasi reallıqları nəzərə almalıdır. Onlar daha çox ölkədə hüquqi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin formalaşmasına necə töhfə verəcəyi ilə bağlı məsələlər ətrafında düşünməlidir. Bu gün bizim birgə ümumi problemimiz var. Bu da Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. "İctimai Palata" da, yaxşı olardı ki, bu kimi məsələlərə söykənsin. Bu kimi məsələlərin həlli, ilk növbədə, hakimiyyətlə konstruktiv əməkdaşlığı özündə ehtiva etməlidir.
GÜLYANƏ