PDF Oxu

Müsahibə

  • 361

“Bir az gözləmək lazımdır”

“Bir az gözləmək lazımdır”

- Bahar xanım, "İctimai Palata"nın "Yol xəritəsi" ideyasının ABŞ diplomatları ilə müzakirə edildiyi bildirilir. Hər zaman alət kimi istifadə edilən radikal müxalifətə xarici dairələrin yenidən müraciət etməsi nədən qaynaqlanır?

- Haqqında söhbət gedən "Yol xəritəsi" adlanan təkliflər paketinin istənilən şəxslə müzakirəsi onların öz işidir. Əgər ictimai maraq varsa, ona bu şəkildə münasibət bildirmək olar. ABŞ-ın və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri həm hakimiyyət orqanları ilə, həm də mövcud olan ictimai-siyasi qurumlarla münasibət qura və maraq doğuran məsələni müzakirə edə bilər. Və nəticəsini də özləri üçün çıxara bilər. Təbii ki, bütün bunları həyata keçirərkən də mövcud beynəlxalq münasibətləri, ölkələr arasındakı vəziyyəti və diplomatın fəaliyyət çərçivəsini nəzərə almalıdır. Ona görə də, ABŞ səfirliyinin hər hansı bir nümayəndəsinin bu məsələni müzakirə etməsi ilə bağlı heç bir fikir söyləmək istəmirəm. Əgər ABŞ-ın Azərbaycandakı səfirliyi bu barədə rəsmi bir açıqlama verər və bununla bağlı hansısa bir rəsmi mövqeyini ortaya qoyarsa, biz buna münasibət bildirərik. Amma ABŞ səfirliyinin nümayəndələri kiminlə görüşüb, o görüşdə nə müzakirə olunub, bununla bağlı hər hansı bir açıqlama verməyim düzgün olmazdı. Ən azından, söhbət çox qeyri-ciddi bir sənəddən və həyata keçirilməsi mümkün olmayan vəzifələri özü üçün müəyyənləşdirən bir qurumdan gedir. Radikal müxalifət öz fəaliyyət formalarını seçərkən yalnız diqqəti öz üzərinə cəlb etmək istəyir. Radikal müxalifət çox məhdud sosial dayağa malik olduqlarını və buna rəğmən də heç bir vəzifənin öhdəsindən gələ bilmədiklərini dərk edirlər.

- "Siyasi partiyalar haqqında" qanunun yenidən müzakirə edilməsi nəzərdə tutulur. Sizcə, siyasi partiyalar necə və hansı formada maliyyələşməlidir?

- Bu məsələ çoxdan Azərbaycanın ictimai-siyasi gündəmindədir. Dəfələrlə məlumat verilib ki, həm parlamentdə, həm də ayrı-ayrı ictimai və siyasi qurumlarda bununla bağlı fikir mübadiləsi aparılır. Təkliflər, tövsiyələr irəli sürülür və bu təbiidir. Çünki Azərbaycanda siyasi partiyalar haqqında qanun qəbulundan demək olar ki, çox vaxt keçir. Artıq həm ictimai- siyasi reallıqlar, həm də qüvvələr nisbəti dəyişib. Bununla bərabər, siyasi partiyalar zamana uyğun olaraq, fəaliyyətlərinə yeniliklər etməli və yeni dövrə uyğun şəkildə yenidən qurulmalıdır. Ona görə də, bu qanun yenilənməli və müzakirədən bir daha keçməlidir. Konkret olaraq, partiyaların necə müəyyənləşməsi ilə bağlı çox sayda fikirlər var. Əgər layihə komitələrdə, yaxud da parlamentin plenar iclasında müzakirə olunub hansısa bir ümumi qənaətə gəlinərsə, yalnız onda bu barədə konkret danışmaq olar. Bu gün bununla bağlı konkret fikir söyləmək çətindir. Çünki bu məsələ ilə bağlı müxtəlif təkliflər var. Bəziləri parlamentdə qazanılmış səslərin, bəzilər millət vəkillərinin, bir çoxları parlamentdə təmsil olunan partiyalara, bir qismi isə, bütövlükdə, partiyalara şamil olunmasını məqbul hesab edir. Ona görə də, çoxlu fikir mübadiləsi var. Sadəcə olaraq, bir az gözləmək lazımdır. Qanun layihəsi müzakirədən keçdikdən sonra nəyin daha üstün olduğunu yalnız müzakirə edib görəcəyik. Əgər "Siyasi partiyalar haqqında qanun" yenidən işlənərsə, düşünürəm ki, təkcə maliyyələşmə yox, elə partiyaların qeydiyyatı məsələsinə də yeni bir baxış ortada olacaq.

- Bahar xanım, bu gün iqtidar-müxalifət dialoqundan çox danışırlar. Amma təcrübə onu göstərir ki, dialoqlar baş tutan ərəfədə AXCP (i) və Müsavat kimi partiyalar bu dialoqda iştirak etmirlər. Bu nöqteyi-nəzərdən dialoq məsələsində radikal müxalifətə inanmaq olarmı?

- Mücərrəd iqtidar-müxalifət dialoqu sözü ətrafında danışmağın əleyhinəyəm. Hər zaman da bununla bağlı öz mövqeyimi ortaya qoymuşam. Azərbaycanda dialoq mühiti mövcuddur. Azərbaycan vətəndaşları mövcud iqtidarın yeritdiyi siyasətdən çox razıdır və bu siyasətə də dəstək verirlər. Və elə Azərbaycanda mövcud siyasi partiyaların bir çoxu da yenilənmiş mövcud siyasətlə razılaşır və bu siyasətə dəstək verirlər. Bir qrup şəxslər var ki, onlar bu və ya digər partiyalarda ictimai-siyasi təşkilatların birliyində daima iştirak edir. Və daim bu məsələnin gündəmdə qalması üçün çalışırlar. Mücərrəd iqtidar-müxalifət dialoqu adı ətrafında çoxsaylı fikir söyləmək olar. Bu gün Azərbaycanın iqtidar-müxalifət dialoqunu boykot edə bilən mühit, hər hansı bir şərait ortada yoxdur. Ümumiyyətlə, Azərbaycanda iqtidar-müxalifət dialoqu deyərkən bir qrup şəxs özlərinin siyasi mübarizə vasitəsilə əldə edə bilmədiyini hansısa danışıqlar nəticəsində almaq niyyətini ortaya qoyur. Bu isə, tamamilə başqa şeydir, iqtidar-müxalifət dialoqu demək deyil. Bu gün qarşımızda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ kimi çox ciddi və ümummilli bir məsələnin həlli dayanıb. Torpaqlarımızın 20 faizi erməni separatçıları tərəfindən işğala məruz qalıb, bir milyondan artıq vətəndaşımız öz doğma yurd-yuvalarından didərgin düşüb. Məcburi qaçqın və köçkün vəziyyətində yaşayırlar. Bu gün hər birimiz bu münaqişənin sülh yolu ilə tənzimlənməsinə çalışmalıyıq. Çünki Azərbaycanın ən ağrılı, ən böyük problemi məhz mövcud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. İradəmizi, gücümüzü ortaya qoyaraq münaqişənin həll olunmasına nail olmalıyıq. Hesab edirəm ki, ümummilli məsələlərdə, doğrudan da, bütün siyasi partiyalar öz mövqelərini ortaya qoymalıdır. Və belə məsələlər ətrafında istənilən vaxt dialoqa hazırıq. Yox, əgər kiminsə siyasi ambisiyaları, arzuları yalnız iqtidar-müxalifət dialoqunun predmeti kimi qələmə verilirsə, bu məlum dialoqun mövzusuna çevrilə bilməz. Çünki onlar yalnız öz şəxsi istəklərini, ambisiyalarını, hakimiyyətə gəlmək iddialarını irəli sürürlər. Hakimiyyətə gəlmək üçün istənilən ölkədə olduğu üçün Azərbaycanda da demokratik, müstəqil bir mühit, şərait var. Bunu seçkilər vasitəsilə, əhali, seçici, beynəlxalq təşkilatlar, QHT və dövlətlə konstruktiv əməkdaşlıq çərçivəsində həll etmək olar. Bütün bunlar növbəti seçkilərə hazırlıq məqsədi daşıyır. Və eyni zamanda, hakimiyyətə gəlməyin yeganə vasitəsidir. Bütün bu prosesləri uğurla keçmədən hansısa şərtləri qəbul etdirməklə və buna da səfirliklərin, beynəlxalq təşkilatların, maraqlı dairələrin dəstəyini əldə etməklə nail olmaq heç zaman bizim müxalifətə uğur gətirməyib. Bugünkü reallıq isə, onu göstərir ki, radikal müxalifət heç vaxt öz şəxsi istəklərini, arzularını reallaşdıra bilməyəcək. Ona görə də, düşünürəm ki, zaman dəyişir və zamanın tələblərini də nəzərə almaq lazımdır. Bu, həm müxalifət düşərgəsinə, həm də ona dəstək verən dairələrə aiddir.

AYLANA RZAYEVA

Digər xəbərlər