PDF Oxu

Müsahibə

  • 373

“Bu gün Ermənistanla dostluq İranın özünə baha qiymətə başa gəlir”

“Bu gün Ermənistanla dostluq İranın özünə baha qiymətə başa gəlir”

- Aydın müəllim, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın gözlənilmədən İrana səfəri İran-Ermənistan dostluğunun təsadüf olmadığını deməyə əsas verirmi?

- Ermənistanla İran arasında çox sıx dostluq münasibətləri var. Əvvəla bu dostluq münasibətləri Ermənistanın bu gün mövcudluğuna, bir çox problemlərinin həllinə kifayət qədər kömək edir. Ermənistanın qonşu dövlətlərlə düşmənçilik siyasəti aparması, beynəlxalq hüquq normalarını nəzərə almamasının nəticəsidir ki, bu ölkə çox ciddi problemlər yaşayır. Bu dövlətçiliyin süqutu, iqtisadi problemlər, enerji təhlükəsizliyi problemi və s.-dir Məhz İranın dəstəyi nəticəsində Ermənistan bu problemləri həll edə bilir. Və çox qəribədir, onları nə din, nə siyasət, nə də dostluq əlaqələri bağlayır. İlk növbədə bu gün dünya siyasətinə qarşı aparılan təbliğatda Ermənistanın ağır durumu İrana sərf edir və o bundan istifadə edir. Şübhəsiz ki, səfər heç də təsadüfi deyil. Mümkündür ki, Ermənistan daxilində bir sıra ağır siyasi-iqtisadi problemlər yaşansın. Bu gün Ermənistanın yenidən İranın ciddi şəkildə dəstəyinə ehtiyac var.

- İranın Ermənistanla isti münasibətlər qurmasını rəsmi Tehranın anti-Azərbaycan siyasəti kimi dəyərləndirmək olar?

- Çox təəssüf ki, bu məsələyə İran ikili standartlarla yanaşır. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bir tərəfdən Azərbaycanla dostluq, qardaşlıq etmək istədiyini bildirir, digər tərəfdən isə torpaqlarımızı işğal edən Ermənistana hərtərəfli dəstək verir. İranın Ermənistana dəstəyi olmasaydı yaranmış vəziyyətdən istifadə edərək Azərbaycan çoxdan işğal edilmiş torpaqlarını işğaldan azad etmiş olardı. Bu isə baş vermir. İran daxilində müəyyən dairələr var ki, onlar anti-Azərbaycan istəklərini heç vaxt gizlətmirlər. Xüsusilə hərbi dairələrdə Azərbaycana hədə-qorxu gəlinməsi ictimaiyyətin nəzərindən qaçmır. Ölkəmizin apardığı müstəqil siyasət heç də İranın müəyyən dairələrinin maraqlarına cavab vermir. Amma Azərbaycan öz siyasətini digər dövlətlərin istəklərinə görə qurmaq fikrində deyil. Biz çox istərdik İranda olan müəyyən dairələr Azərbaycanın müstəqilliyinə hörmətlə yanaşsınlar və onlar Ermənistanın Azərbaycanın torpaqlarının bir hissəsinin işğal olunmasının fərqinə varsınlar. Ancaq bu, göründüyü kimi baş vermir. Biz təəssüf edirik ki, Ermənistan kimi işğalçı dövlət İranla dostluq əlaqələri qurur və İranın imkanlarından hərtərəfli istifadə edir.

- Hələ 1993-cü ildə, birinci Qarabağ müharibəsinin aktiv dönəmində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan belə bir ifadə işlətmişdi: "Əgər İran 3 gün Ermənistanla sərhədlərini bağlayarsa, ölkəmiz məhv olar". Ermənistanın bir dövlət kim i mövcud olmasında İranın xidmətləri nə dərəcədə önəmlidir?

- Ermənistan yalnız daxili resurslarına və apardığı siyasətlə heç bir zaman nəinki öz problemlərini həll edə bilməzdi, hətta müstəqilliyini belə qoruyub saxlaya bilməzdi. Bir qayda olaraq müstəqil dövlət o dövlətə deyilir ki, siyasətini müstəqil aparır, daxili resurslar hesabına öz problemini həll edir. Ermənistan burada istisnadır. Bir tərəfdən Rusiyanın hərtərəfli dəstəyi, digər tərəfdən İranın birbaşa dəstəyi Ermənistanın mövcudluğunun əsasıdır. Rusiyadan siyasi və hərbi dəstək var. Ancaq Rusiya ilə quru sərhədləri olmadığından Ermənistanın bir sıra iqtisadi layihələrində və yaxud enerji təhlükəsizliyində rol oynaya bilmir. Bu funksiyanı İran yerinə yetirir. Bu gün Ermənistanla dostluq İranın özünə baha qiymətə başa gəlir. Maliyyə, iqtisadi resursları gedir, siyasi dəstək verməklə dünyanın gözündən düşür. Ancaq Ermənistanı yaşatmaqla İranın nə əldə etdiyi məlum deyil. Ermənistan isə bundan sui-istifadə edir. Bu ölkəyə hərtərəfli dəstək onun qonşu dövlətlərə, Türkiyəyə, Azərbaycana, Gürcüstana qarşı hədə ilə çıxış etməsinə şərait yaradır.

Digər xəbərlər