- Azay müəllim, "VİKİLEAKS" saytında yayılan məlumata görə, 2008-ci ildə Ermənistanda keçirilən saxta seçkilərin tanınmasında və kütləvi insan qırğınının ört-basdır edilməsində ABŞ-ın müstəsna rolu olub. Sizcə, bu məsələdə ABŞ-ın marağı nədən ibarət olub?
- "VİKİLEAKS" saytında yayılan məlumata cəmiyyət tərəfindən müxtəlif münasibətlər mövcuddur. Bəziləri bu fikirlərin həqiqətə uğun olmadığını, digərləri isə, ABŞ barədə yazılan məlumatların reallığa əsaslandığını bildirirlər. Saytda yayılan məlumatlardan bəlli olur ki, ABŞ-ın Ermənistanın indiki prezidenti Serj Sarkisyanla bağlı müəyyən planları olub. S. Sarkisyanın 2008-ci il 1-2 mart qırğınından sonra hakimiyyətə gəlməsində müəyyən mənada Amerika Dövlət Departamentinin razılığı olub. Buradan da görünür ki, bəzi hallarda Amerika öz maraqlarını həyata keçirmək üçün hər şeydən istifadə edir. S. Sarkisyanın hakimiyyətə gəlməsi elə ABŞ-ın maraqları ilə tam uyğun gəlir. Sarkisyanı əllərində istədikləri kimi oynadır və çox kobudcasına istismar edirlər. Söhbət maraqlardan gedəndə ABŞ demokratiya, insan haqları, plüralizm haqqında verdiyi bəyanatları tam mənada unutmuş olur. Mənim üçün ən önəmli fakt təkcə bu deyil. Ən əhəmiyyətlisi odur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın oynadığı mənfi rol məhz "VİKİLEAKS" vasitəsilə ifşa olundu. ABŞ rəsmi Ankaraya təzyiq edərək və "futbol oyunu" siyasətini ortaya atmaqla, eləcə də, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması ilə bağlı protokolun imzalanmasına nail olmaqla müəyyən çirkin planların həyata keçirilməsinə çalışdı. Bununla ABŞ münaqişənin həlini istəmədiyi və danışıqların məcrasını öz militarist hərəkətləri tamamilə ilə pozmağa çalışdığı məlum olur. Bizi isə, ən narahat edən hal məhz budur. Bu məsələdə hətta ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də ikili standartlardan çıxış edir. Danışıqlar zamanı verdiyi bəyanatlarla real həyatda göstərdikləri iş prosesi Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ probleminin həllinə heç bir təkan vermir. Lakin özlərini mövcud münaqişənin həllində sırf maraqlı qrup kimi göstərirlər. Bizim ümid etdiyimiz və uğurlu tərəfdaş kimi baxdığımız Amerika Azərbaycanın maraqlarını tapdalayıb. "VİKİLEAKS" saytında yayılan məlumat bizim üçün çox üzücü xəbər oldu. Əslində, ABŞ-dan bunu gözləmirdik.
- Regionda baş verən proseslərin fonunda demək olarmı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Rusiyanın deyil, rəsmi Vaşinqtonun əlindədir?
- Təəssüflə etiraf etməliyik ki, Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəb bir münaqişədir. Burada bir çox ölkələr münaqişənin Ermənistanın xeyirinə həll olunmasını istəyir, çünki ortada maraqlar var. Vaxtilə Rusiya Qarabağ münaqişəsinin həllini öz oyun taktikası ilə pozub. 1999-cu ildə müəyyən razılaşma ərəfəsində, bilavasitə, rəsmi Moskvanın təhriki ilə Ermənistan parlamentində terror aktı törədildi. Ermənistanın bir neçə rəsmi və digər şəxsləri qətlə yetirildi. Bununla da, Rusiyanın oynadığı mənfi rol nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində həlli mümkün olan anlaşma pozuldu. İndi isə, oyun qaydalarını Rusiya ABŞ-a ötürüb. Müxtəlif güc mərkəzləri arasında həm gizli, həm də açıq şəkildə böyük bir rəqabət oyunu gedir. Həmin ölkələr üçün onların istəmədiyi təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi məqbul sayılmır. Saytda yayılan məlumatla bağlı Amerikanın Azərbaycandakı səfiri M.Brayza bildirib ki, protokolun imzalanması Ermənistanın mövqeyini daha da sərtləşdirəcək. Ən azı, səmimi mövqe gözlənilirdi. Bir həftədən sonra ATƏT Parlament Assambleyasının Xorvatiyada iclası keçiriləcək. Həmin iclasda ATƏT-in Minsk Qrupunun ölkələri də, ilk dəfə olaraq, iştirak edəcək. ATƏT-in Minsk Qrupu tarixində ilk dəfə olaraq, problemin həlli ilə bağlı hazırkı vəziyyət haqqında hesabat veriləcək. Azərbaycan təmsilçiləri olaraq, orada öz mövqetimizi bildirəcəyik. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan ABŞ-ın tutduğu mövqeyə və "VİKİLEAKS" saytında yayılan məlumata aydınlıq gətirməsini xahiş edəcəyik.
- Azay müəllim, bəs Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi nə dərəcədə mümkündür?
- Azərbaycan tərəfinin buna haqqı var. Dövlətimiz BMT-nin qeyri-daimi nümayəndəsi olması üçün bütün imkan və təcrübəyə malikdir. İlk dəfədir ki, Azərbaycan belə bir təşəbbüslə çıxış edir. Əgər bu dəfə də ikili standartlar prinsipi əsas götürülməsə, Azərbaycana qarşı açıq-aşkar haqsızlığa yol verilməzsə, hesab edirəm ki, növbəti ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü ola bilər. Tam əminliklə deyə bilərik ki, bu, BMT-nin işinin daha yaxşı qurulmasına və bütövlükdə, qurumun Avropada daha ciddi təmsilçi əldə etməsinə səbəb olacaq. Azərbaycan BMT-nin ümumi işinə, maraqlarına töhfə verə bilər. Bunun həm də siyasi tərəfi var. Azərbaycan bununla da, bu kimi ciddi qrumlarda söz deməyi, dünyada sülhə və təhlükəsizliyə töhfə verən bir ölkə olduğunu da möhkəmlətmiş olacaq.
- Sizcə, Ermənistan Dağlıq Qarabağla bağlı BMT-nin növbəti dəfə çıxardığı qətnaməsinin icrasını həyata keçirəcəkmi?
- Torpaqlarımızı zəbt etmiş təcavüzkar ölkə indiyə qədər çıxarılmış heç bir qətnamənin icrasını həyata keçirməyib. Ona görə də, BMT Təhlükəsizlik Şurasının çıxardığı növbəti qətnamənin də icrasına Ermənistanın əməl edəcəyinə inanmıram. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün variantlar var. Lakin qeyri-konstruktiv mövqelər buna mane olur. Ermənistan könüllü şəkildə BMT Təhlükəsizlik Şurasının qətnamələrini 20 ildir icra etmir. Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərini tələblərini unudaraq işğal etdiyi Azərbaycan ərazilərini boşaltmır. Əgər yerinə yetirmirsə, o zaman BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistan bu öhdəlikləri, birmənalı şəkildə, yerinə yetirməyə məcbur edilməlidir. Hüququn bütün norma və prinsiplərini Ermənistan çox kobud şəkildə pozur. İşğalçı ölkə yalnız beynəlxalq təşkilatlar tərəfindən onların qəbul etdiyi hüquq normalarına və prinsiplərinə riayət etməyə dəvət olunur. Əslində, Ermənistan iqtisadi, siyasi və mədəni sanksiya ilə üz-üzə dayanarsa, o zaman məcbur vəziyyətində qalaraq, dərhal işğalçı ölkənin əleyhinə çıxarılmış qətnamələrin icrasına başlayacaq.
AYLANA RZAYEVA