PDF Oxu

Müsahibə

  • 551

Azərbaycanın sürətli inkişafı 20 illik müstəqilliyimizin əsas hesabatıdır

Azərbaycanın sürətli inkişafı 20 illik müstəqilliyimizin əsas hesabatıdır

- Hüseynbala müəllim, bildiyimiz kimi, bu il Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasının 20-ci ildönümü qeyd edilir. İstərdik ilk olaraq, həmin tarixə nəzər salaq, sovet imperiyasının dağılmasını şərtləndirən amillərdən danışaq... Sizcə bu şərtlər nə idi?

-1991-ci ildə SSRİ-nin dağılması tarixi zərurət idi. Çünki elə bir əxlaqa, mənəviyyata malik quruluş 70 ildən artıq yaşaya bilməzdi. Düzdür, o quruluşun da özünə görə müəyyən müsbət cəhətləri vardı, amma həmin dövlət insanların azadlıqlarını əlindən almışdı, sərbəst şəkildə hərəkət etmək, hansısa müstəqil fikri söyləmək mümkün deyildi. Rejim totalitar, bürokratik rejim idi və ayrı-ayrı xalqlar faktiki əsarətdə saxlanırdı. Tarix də göstərir ki, belə rejimlərin ömrü uzun olmur, tez və ya gec SSRİ dağılmalı idi və dağıldı da. Azərbaycan da bütün respublikalar kimi müstəqillik əldə etdi. Bununla belə, təbii ki, müstəqilliyin əldə olunmasında xalqımızın mübarizəsi də öz rolunu oynadı.

- Digər sovet xalqlarından fərqli olaraq, Azərbaycan xalqı bu prosesi daha ağır və daha çox itkilərlə keçirdi. Bunun səbəbləri nə idi?

- Bəli, bu proses ağır oldu. Müstəqilliyə gedən yolda qanlar töküldü, xalqımızın başına faciələr gəldi. Əlbəttə, müəyyən qüvvələr bizim müstəqil olmağımızı istəmirdilər. Bunun əsas səbəblərindən biri böyük təbii sərvətlərimizin olması idi. Çünki hansı ölkədə neft var, o ölkənin sakit şəkildə inkişafına imkan vermirlər. Azərbaycanın neftinə, qazına göz dikən xarici qüvvələr istəmirdilər ki, Azərbaycan müstəqillik qazansın. Neftimiz, digər sərvətlərimiz SSRİ tərəfindən mənimsənildi və öz sərvətimizdən bizə pay düşmürdü. Ta ki, Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyinə gələnə qədər. Hesab edirəm ki, məhz o illərdən etibarən Azərbaycanın inkişafının əsası qoyuldu: Respublikmızın hər yerində quruculuq işləri başladı, sənaye inkişaf etdirildi, Azərbaycan sənaye respublikasına çevrilməyə başladı. Bu, Ulu öndər Heydər Əliyevin xidmətləri idi. Hesab edirəm ki, müstəqilliyə gedən yol da məhz elə o illərdən başlamışdı. Eyni zamanda, Azərbaycan dilinin, milli mədəniyyətinin və adət-ənələlərinin qorunması istiqamətində ciddi addımlar atıldı. Daha sonra Azərbaycan dili haqqında qanun qəbul edildi. Bu, böyük bir addım idi. Bu, həm də müstəqilliyimizin emblemi idi.

- Sizin də qeyd etdiyiniz kimi, məhz belə bir ağır şəraitdə xalqımız Ümummilli lider Heydər Əliyevə yenidən üz tutdu. Sonrakı mərhələlər də göstərdi ki, xalqımızın bu müdrik seçimi özünü doğrultdu. Ulu öndər Azərbaycan dövlətini süqut olmaq təhlükəsindən xilas etmək üçün hansı taleyüklü addımları atmışdır?

- Ümumiyyətlə, müstəqilliymizin ilk illəri olduqca ağır keçib. Bu illərdə Azərbaycan olduqca böyük təzyiqlər, zərbələr altında idi. Xüsusən, Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında Bakıya gəlişinə qədərki dövrdə ölkədə heç nə yerində deyildi.. Xalqımızın təkidli xahişilə Ulu öndərimiz Bakıya qayıtdı və 15 iyun tarixi sözün həqiqi mənasında Azərbaycanın müstəqilliyinin qurutuluşu oldu. Hesab edirəm ki, həqiqi müstəqillik tariximiz də məhz bu gündən başlayır. Həmin gündən sonrakı müəyyən dövr də çox ağır, çətin sıqarlarla keçdi. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin gələcək inkişafının təminatı idi. O vaxtlar bu müqaviləni gözü götürməyən qüvvələr-istər daxildə, istərsə də xaricdə çox idi. Ölkə daxilində də bəzi insanlar vardı ki, məhz həmin qüvvələrin təhriki ilə dövlətimizin, müstəqilliyimizin əleyhinə gedir, maraqlarımızı tapdayırdılar. İki dəfə ölkədə dövlət çevrilişinə cəhd göstərildi. Bu cəhdlər yalnız Ulu öndər Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmağa xidmət etmirdi, bu proses bütövlükdə dövlətimizin suverenliyinə qarşı yönəlmişdi. Həmin qüvvələrin əli ilə xarici qüvvələr Azərbaycanı parçalamaq, sərvətlərimizi talamaq, yenidən bizi əsarət altına almaq istəyirdi. Amma xalqımız bir daha öz rəhbərinin arxasında olduğunu nümayiş etdirdi, dövlətimizə qarşı çıxanlara öz yerlərini göstərdilər. Ümummilli liderimizin televiziya ilə müraciətindən sonra Prezident Sarayının qarşısına yüz minlərlə adam yığıldı. Bununla da, xalqımız Azərbaycanı hissələrə parçalamaq istəyən şəbəkəyə layiqli cavablarını verdi. O zaman müstəqilliyimizin düşməninə çevrilən hər bir şəxs eyni şəbəkəyə xidmət göstərirdi. Ulu öndərimizin səyi, qətiyyəti sayəsində həmin təxribatların qarşısı alındı və Azərbaycanın müstəqilliyinin əbədiliyi təmin olundu. Məhz bundan sonra ölkəmiz yavaş-yavaş ayağa qalxıb dirçəlməyə başladı.

- Ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsi bu gün ölkəmizə böyük nailiyyətlər qazandırır. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs ölkəmizin gələcəyi baxımından hansı perspektivləri vəd edir?

- Bu gün Azəbaycan dünyaya bütün istiqamətlər üzrə-istər inkişafı, istər iqtisadiyyatı, istər sabitliyi, istərsə də bütün sahələrin paralel yüksəldilməsi üzrə nümunədir. Azərbaycan dünyanın əsas tərəfdaş ölkələrindən birinə çevrilib, inamla, əzmlə dünyaya inteqrasiya edib. Hesab edirəm ki, bu inkişaf, bu qüdrət elə 20 illik müstəqilliyimizin əsas hesabatıdır. Bu inkişafın da arxasında bir insanın dühası dayanır-Ulu öndər Heydər Əliyevin dühası. Əsası Ulu öndər tərəfindən qoyulan və inkişafı hədəfləyən siyasi xətt bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hamımızın yadındadır, 2003-cü il oktyabrın 1-də Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət etmişdi. Ulu öndər o müraciətdə qeyd etmişdi ki, "mən İlham Əliyevə özüm qədər inanıram". Bəli, bu inam əsası Ulu öndər tərəfindən qoyulan işlərin davam etdirilməsinə zəmin yaratdı və bu gün möhtərəm Prezidentimiz bu yolu çox böyük əzmlə davam etdirir. Azərbaycan xalqı çox sağ olsun ki, böyük şəxsiyyətin inamına dayaq oldu. Bu, Azərbaycan dövlətçiliyinin tarixində yeni bir dövr, yeni bir eranın başlanğıcı idi. Bu dövr artıq müasir, qlobal dünyanın mühüm bir parçasına çevrilmiş Azərbaycanın inkişaf dövrü idi. Prezident İlham Əliyevin timsalında dünyada müasir, yeni bir lider formalaşdı. Bütün dünya bu lideri qəbul etdi və bu gün Bakıda, eləcə də regionlarımızda görülən işlər, aparılan abadlıq-quruculuq işləri olduqca yüksək səviyyədədir. 20 il elə də uzun bir dövr deyil, bu illərdə müəyyən çatışmazlıqlar da olub. Məhz bu çatışmazlıqları aradan qaldırmaq üçün cənab Prezidentimiz ayrı-ayrı sahələrin inkişafı istiqamətində dövlət proqramları təsdiq edib. Məsələn, 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Bu gün həmin rəqəm 7 faizdir. Artıq bir milyona yaxın yeni iş yerləri açılıb. Bu isə insanların həyat səviyyəsinin yüksəlməsi deməkdir. Bir sözlə, xalqımızın rifah halı yüksəkdir. Bütün bunların isə kökündə Ulu öndərimizin əsasını qoyduğu düzgün siyasi xətt dayanır.

20 il kiçik bir zaman kəsiyi olsa da, Azərbaycan uzun bir yol qət edib, təbii sərvətlərimiz xalqımızın, dövlətimizin inkişafına xidmət edir. Bilirsiniz ki, bu yaxınlarda böyük qaz yatağı aşkarlandı. Bu, Azərbaycanın gələcəyinin də nə qədər uğurlu olacağından xəbər verir. Bu gün dünyanın ən aparıcı ölkələri Azərbaycanla eyni layihələrdə yer almağa can atır, bizimlə tərədaşlıqda maraqlı olduqlarını göstərirlər. Bəzi dövlətlər çəkiləcək yeni kəmərlərin öz ərazilərindən keçməsinə can atırlar. Bütün bunlar bizim 20 ildə atdığımız cahanşümül addımlarımızdır.

- Neft strategiyasının əhəmiyyətini vurğuladınız. Sizcə, "Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin və bütövlükdə regionun gələcəyi üçün hansı mənanı ifadə edirdi?

-1994-cü ildə əsası qoyulan neft strategiyası olduqca dəqiq hesablamalara söykənirdi. Bu, xalqımızın bugünki inkişafının təməl prinsipidir. Əminliklə demək olar ki, neft kapitalı həqiqətən də insan kapitalına çevrilməkdədir. Hörmətli Prezidentimiz bəyan edib ki, neft bizim üçün məqsəd yox, vasitə olmalıdır. Həqiqətən də, bu gün neft amili ölkəmizin inkişafı üçün vasitəyə çevrilib və bütün sahələr eyni dərəcədə inkişaf edir. Bu baxımdan, mən 20 illik müstəqilliyin memarı, baş qəhrəmanı kimi Ulu öndərin ruhu qarşısında baş əyirəm. Möhtərəm Prezidentimiz İlham Əliyevə də Allah can sağlığı versin ki, Ulu öndərimizin yolunu şərəflə, uğurla davam etdirir. Məhz bu yol ölkəmizi yerləşdiyi Cənubi Qafqazın lider dövlətinə çevirdi.

Əlbəttə ki, bu müqavilələr, çəkilən neft-qaz kəmərləri, dəmir yolları ümumilikdə bölgənin inkişafını təmin edir. Məsələn, BTC istər Gürcüstanın, istərsə də Türkiyənin inkişafında mühüm amil kimi dəyərləndirilir, ildə onların dövlət büdcəsinə xeyli miqdarda pul qazandırır. Bu kəmər çəkiləndə bütün ölkələr bu kəmərin onların ərazilərindən keçməsinə can atırdı. Ulu öndər bütün amilləri nəzərə alaraq çox düzgün qərar qəbul etdi. Eyni zamanda, hazırda Bakını Türkiyə ilə birləşdirən dəmiryolu xəttinin çəkilməsi də inkişafımızın daha da güclənməsinə yol açacaq. Bu böyük işləri hamı görür. Türkiyə vasitəsilə çəkilən dəmiryolu Naxçıvana qədər uzanacaq. Bütün bu layihələr bölgə dövlətləri üçün maraqlıdır.

- Bildiyimiz kimi Azərbaycanda yeni qaz ehtiyatları aşkarlanıb. Bu amil perspektivdə ölkəmizə nə vəd edir?

- Yeni qaz yatağının aşkar olunması Azərbaycanın inkişafını istəməyən dövlətləri şoka saldı. Çünki bu gözlənilməz idi. Dostlarımız sevindi, düşmənlərimiz qəmə düçar oldu. Amma hələ bu xəttin haradan keçəcəyi, necə çəkiləcəyi və ya hansı layihə üzrə işlədiləcəyi məlum deyil. Möhtərəm Prezidentimiz uzun illər ARDNŞ-də fəaliyyət göstərib və bu işlərdə olduqca yüksək təcrübəyə malikdir. Şübhəsiz ki, bu məsələdə ölkəmizin milli maraqlarına cavab verən bir qərar qəbul olunacaq.

- Hüseynbala müəllim, siz yaradıcılıq işləri ilə də məşğul olursunuz. Bu mənada müstəqillik illərində mədəniyyət və incəsənətin inkişafı ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycanda mədəniyyət sahəsi də uğurla inkişaf edir. İncəsənətin bütün növləri inkişaf yolundadır. "Evrovision 2011"də qazandığımız qələbə ölkəmizin mədəniyyətinin və incəsənətinin ən böyük naliyyətlərindən biridir. Məlumat üçün bildirim ki, bu yaxınlarda Yaltada beynəlxalq teatr festivalı keçirilib. Eyni zamanda, keçirilən muğam müsabiqələri milli sənətimizin inkişafında dönüş yaratdı. O cümlədən də digər sahələrin inkişafı təmin olunub. Yeri gəlmişkən, qeyd edim ki, müəllifi olduğum "Xəcalət" tamaşası Akademik Milli Dram teatrının ifasında "Qran-pri" mükafatı qazanıb. Tamaşaçılar ayaq üstə bu tamaşanı alqışladılar.

- Müstəqillik illərində hansı əsərləriniz nəşr olunub? Sizcə, bu müstəqillik yaradıcı insanlara nə verdi?

- İndiyə qədər mənim xeyli əsərlərim nəşr olunub. Bu əsərlər sırasında mən bir neçəsini xüsusi vurğulamaq istəyirəm. Bildiyiniz kimi Moskvada fəaliyyət göstərən "Gənc qvardiya" nəşriyyatı "Görkəmli insanların həyatı" seriyasından kitablar nəşr edir. Burada dünyanın ən tanınmış insanları haqqında kitablar çap olunur. Bu seriyadan müstəqillik illərində üç kitabım çıxıb. "Heydər Əliyev" kitabı iki dəfə Moskvada nəşr olundu. Birincisi 2005-ci ildə, ikincisi isə 2006-cı ildə daha da təkmil formada nəşr edildi. Həmin kitab 13 xarici dildə tərcümə olunub, hazırda bu kitab İtaliyada italyan və ukrain dilinə tərcümə edilir. Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı nümayəndə heyətinin tərkibində mən də var idim. Səfər zamanı bu kitabın serb dilində də təqdimat mərasimi oldu. Mərasim zamanı hörmətli Prezidentimiz kitabın müəllifi kimi məni Serbiyanın dövlət başçısına təqdim etdi.

Hazırda yeni layihə həyata keçirilir. Mən bu layihə çərçivəsində "Gənc qvardiya" nəşriyyatında Prezidentimiz haqqında "İlham Əliyev:Tərcümeyi-hal davam edir" kitabımı nəşr etdirmişəm. Nəzərinizə çatdırım ki, bu layihə həyatda olan görkəmli insanlara həsr olunub. Layihə çərçivəsində yalnız cənab Prezident İlham Əliyev və Vladimir Putin haqqında kitab nəşr edilib. Bu kitabım da bir neçə dildə çap olunub. Üçüncü kitabım isə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva haqqındadır və bu kitab da "Görkəmli insanların həyatı" silsiləsindən çap olunub. Bu kitablar məhz müstəqillik dövrünün məhsulları sayılmalıdır.

Eyni zamanda, müstəqillik illərində başqa kitablarım da nəşr edilib. Doğurdan da, müstəqillik böyük nemətdir. Bir faktı deyim, sovet dövründə-1986-cı ildə cəmi bir kitabım nəşr olunub və bu kitab da nəşriyyatda 10 il növbə gözləyib. Bir kitabı nəşr etmək üçün 10 il növbə gözləmək nə deməkdir? Bu hadisələr yada düşəndə müstəqilliyin nə qədər lazım olduğunu bir daha dərk edirik. Müstəqillik yaradıcı insanlara öz əsərlərini çap etmək üçün bütün maneələri aradan qaldırdı. Oxucu ilə yazar açıq təmas qurub. Müstəqillik oxucularla təmas qurmaq üçün bizlərə açıq meydan verdi. Mənim Türkiyədə də 4 kitabım nəşr olunub. Bu yaxınlarda Şeyx həzrətlərinin başçılığı ilə Türkiyədə səfərdə oldum. Səfər çərçivəsində Türkiyədə nəşr edilmiş kitablarımdan bu ölkənin prezidenti və baş nazirinə də hədiyyə etdim. Yəni demək istəyirəm ki, müstəqilliyimiz olmasaydı bütün bunlar reallaşmazdı. Müstəqillik bizim üçün havadı, aldığımız nəfəsdir. Azadlıq insan üçün ən böyük nemətdir. Biz müstəqilliyimizi canımızla, qanımızla qorumalıyıq. Yaşasın azadlıq!!!

Digər xəbərlər