- Elşad müəllim, İsveç parlamentində Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal faktı ilə bağlı qərarın qəbul olunması gözlənilir. Bundan sonra digər dövlətlər də bu tendensiyanı davam etdirə bilərmi?
- Bu gün Azərbaycan diplomatiyası imkan verir ki, Dağlıq Qarabağ münaqişəsi təkcə İsveçdə yox, o cümlədən, bir çox ölkələrdə parlamentar səviyyəsində müzakirə olunsun. Təbii ki, Dağlıq Qarabağ məsələsinin müzakirə olunması məsələsi digər dövlətlərdə də tendensiya halını ala bilər. Əgər işğalçı Ermənistana qarşı hər hansı bir qərar qəbul olunarsa, bu, Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsi olacaq.
- Ermənistanın xarici ölkə parlamentlərində işğalçı dövlət kimi tanınması onun hüquqi məsuliyyətə cəlb edilməsinə gətirib çıxara bilərmi?
- Bəli, bu, ardıcıl xarakter daşıyarsa, Ermənistana qarşı konkret təzyiqlərin, sanksiyaların və tələblərin irəli sürülməsinə gətirib çıxara bilər. Düşünürəm ki, BMT-nin Təhlükəsizlik Şurasında işğalçı Ermənistan üçün müvafiq qərarın qəbul olunması və yaxud da digər beynəlxalq qurumlar tərəfindən bu məsələyə münasibət bildirərək, Ermənistanı işğalçı tərəf kimi tanıması, işğalçı ölkəyə qarşı real təzyiq rıçaqlarının işə salınmasına imkan verəcəkdir. İşğalçı Ermənistana qarşı hər hansı sanksiyaların, eləcə də, hərbi təzyiqlərin göstərilməsi də baş verə bilər. Təbii ki, burada Ermənistan işğalçı tərəf kimi tanınarsa, işğalçı ölkənin Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün ardıcıl olaraq, digər vasitələrdən də istifadə olunacaqdır.
- Mümkündürmü ki, bizə yaxın olan qonşu dövlətlər İran və Rusiya da Ermənistanı işğalçı dövlət kimi tanısın?
- Hazırkı şəraitdə, konkret olaraq, İran və Rusiya kimi dövlətlərin Ermənistanı işğalçı dövlət kimi tanıması qeyri-mümkündür. Bildiyiniz kimi, sözügedən dövlətlər arasında münasibətlər hansı səviyyədədir. Eyni zamanda, Rusiya və İran dövlətləri işğalçı ölkə olan Ermənistanı dəstəkləyərək himayə edir. Rusiya Ermənistana bu gün hərtərəfli hərbi və siyasi dəstək verməklə bu ölkənin işğalçı siyasətini daha da dayanıqlı olmasına yardım göstərir. Bu baxımdan, düşünürəm ki, İran və Rusiya dövlətlərinin Ermənistanı işğalçı ölkə kimi tanıması qeyri-realdır. İran məsələsinə gəlincə, burada İran və Rusiyanın kifayət qədər təsir imkanları var ki, Ermənistanı tutduğu bu mövqedən çəkindirsinlər. Məhz Rusiyanın diqtəsi və təzyiqləri altında İran Ermənistanla hərtərəfli əməkdaşlığa gedir. Bu məqam da qeyd etməyə əsas verir ki, İranın da Ermənistanın işğalçılıq siyasətini etiraf etməsi və bu ölkəni işğalçı kimi tanıması hazırda qeyri-real görünür. Gələcəkdə ola bilsin ki, bu məsələ ilə bağlı hər hansı dəyişiklik olsun. Amma bu gün bu, mümkün deyil.
GÜLYANƏ