PDF Oxu

Müsahibə

  • 1 242

Milli müstəqilliyi daimi və sarsılmaz edən mükəmməl siyasi strategiya

Milli müstəqilliyi daimi və sarsılmaz edən mükəmməl siyasi strategiya

- Nurlana xanım, müstəqil Azərbaycanın sivil, mütərəqqi və demokratik dəyərlərə söykənməsinin əsasında hansı mühüm amilləri görürsünüz?

- Müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası XXI yüzillikdə modern dövlətə çevrilmək istiqamətində ardıcıl, sistemli və məqsədyönlü siyasət yürüdür. Azərbaycan sivil demokratik dəyərlərə istinad edərək, mütərəqqi inkişaf yolu seçməsi həm də onun özünəməxsus milli inkişaf modelinin formalaşmasını təmin edib. Düşünürəm ki, biz ötən illərdə bu möhtəşəm sosial-mədəni təkamül və inkişaf prosesinin, sadəcə, şahidlərinə deyil, həm də bilavasitə iştirakçılarına çevrilmişik. Bütün sahələrdə dinamik inkişaf edən, hər addımda insan amilinin rifahını əsas tutaraq bu prioritet məqsədə doğru inamla irəliləyən bir dövlətin vətəndaşı olmağımızdan böyük qürur duyuruq. Bəli, xalqımız əsrlər boyu həsrətində olduğu müstəqilliyi 20 il əvvəl bərpa edib, qoruyub saxlayıb, möhkəmləndirib. Dövlət müstəqilliyinin 20-ci ildönümü də vətənini, xalqını sevən hər bir azərbaycanlı üçün möhtəşəm tarixdir. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Xalqımız üçün bu qürur hissini yaradan, bu iftixar hissini verən odur ki, o, artıq azad yaşayır, öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası var".

Xüsusi vurğulamaq istərdim ki, cənab İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Sərəncamı da keçilən yolun qiymətləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanın istiqlal tarixinə böyük ehtiramın təzahürü olan həmin Sərəncamda xüsusi vurğulandığı kimi, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Şübhəsiz, xalqımız öz müstəqilliyini çox ağır sınaqlardan, çətinliklərdən çıxaraq qoruyub. Dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi isə, istisnasız olaraq, Ümummilli Lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Hamımıza yaxşı məlumdur ki, müstəqilliyin ilk illərində hakimiyyətdə xalqın etimad göstərdiyi legitim komandanın, yüksək idarəetmə keyfiyyətlərinə malik rəhbərin olmaması yeni müstəqil dövlətin gələcəyi ilə bağlı ciddi tərəddüdlər doğurmuşdu. 1991-ci ildən 1993-cü ilin iyununadək ölkədə sosial-iqtisadi böhran dərinləşmiş, ölkənin zəngin təbii sərvətlərindən milli inkişaf naminə məqsədyönlü istifadə edilməsi sahəsində ciddi problemlər yaranmışdı. Bütövlükdə yeni müstəqil dövlətin taleyi ciddi sual altında idi. Əgər Azərbaycan Xalq Cümhuriyyəti əsrin əvvəllərində cəmi 23 ay yaşamışdısa, əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan cəmi 17-18 aya nəinki müstəqilliyini, bütövlükdə dövlətçiliyini itirmək, parçalanmaq, dövlət kimi siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşmişdi. Hesab edirəm ki, xalqın təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq mümkün olmayacaqdı.

- Sizcə, həmin dövrlərə təsadüf edən məqamlarda daha hansı zərurətlər meydana çıxdı və həmin zərurətin ən başlıca təzahürünü necə təsəvvür edərdiniz?

- Həmin dövrdə müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi. Azərbaycanın taleyini düşünən insanlar həmin dövrdə ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək xalqın sınanmış Lideri, Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Tarixi inkişafın gedişinə təsir göstərərək hadisələrin fövqündə dayanan böyük siyasi liderlər ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək, bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər. Bu gerçəklik fonunda deyə bilərəm ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqilliyimizin memarı, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkid və istəyinə səs verərək Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç, bir təhlükədən çəkinməyib dövlətinin taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Respublikada hərc-mərcliyin, dərəbəyliyin hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərinin işğahlının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycana qənim kəsildiyi, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişmək, normal məcrasına salmaq böyük siyasət və müdriklik tələb edirdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yarandı. Ölkə xaosdan, vətənəndaş müharibəsindən, hərc-mərclikdən, hüquqi nihilizmdən, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Ulu Öndər Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. Ümummilli Lider siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı. Bu bir reallıqdır ki, Ulu Öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan vermədi. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından son dərəcə vacib amil idi və ötən illərin reallıqları da bunu təsdiqlədi.

- Təbii ki, burada respublika iqtisadiyyatın təməlini təşkil edən neft amili barədə də vurğulamaq düzgün olardı...

- Bəli, tamamilə razıyam. Belə ki, 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ilə dünyanın aparıcı dövlətlərinin neft şirkətlərinin Xəzər hövzəsində külli miqdarda investisiya yatırması Azərbaycana həm də ən müasir innovasiya və informasiya texnologiyalarını gətirdi. Yeni neft strategiyasının əsas hədəflərindən biri də hərtərəfli iqtisadi inkişaf üçün zəruri maliyyə mənbələri formalaşdırmaq, iqtisadi dividendləri qeyri-neft sektoruna, istehsal sahələrinin yaradılmasına, bir sözlə, insan kapitalının forma-laşdırılmasına yönəltmək idi. Əminliklə demək olar ki, ötən illərdə bu məqsədə tam nail olunub, Azərbaycanın neft strategiyası ölkənin bütün həyati əhəmiyyətli sahələrində yüksəliş və tərəqqini təmin edib. Xüsusilə, vurğulamaq istərdim ki, Ulu Öndər Heydər Əliyev müstəqilliyi möhkəmləndirmək üçün sərt addımlara əl atmaqla yanaşı, siyasi və hüquqi liberallaşmanı da vacib sayır, demokratikləşmə istiqamətində davamlı tədbirlər həyata keçirirdi. 1995-ci ildə Azərbaycanın ilk Konstitusiyasının qəbulu ilə Azərbaycanda hakimiyyətlərin bölgüsü prinsipi tətbiq olundu. Bu, ölkənin demokratik yolla inkişaf edəcəyinə etibarlı hüquqi zəmin idi. Sonrakı mərhələdə məhkəmə, polis, prokurorluq, ədliyyə orqanlarında yeni dövrün tələbi ilə səsləşən islahatlar həyata keçirildi. 2002-ci ildə Konstitusiyaya referendum yolu ilə edilmiş dəyişikliklər də Azərbaycanda insan hüquq və azadlıqlarına etibarlı zəmin hazırlamaq məqsədi güdürdü.

- Nurlana xanım, müstəqilliyimiz bərpa edildikdən sonra, son 18 ildə Azərbaycan qadınının rolunu necə qiymətləndirirsiniz?

- Müstəqillik illərində Ulu Öndərin rəhbərliyi altında mülki cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü addımlar nəticəsində respublikada gender problemlərinin həllinə geniş imkanlar açıldı, qadınların üzləşdikləri iqtisadi, sosial və mənəvi sarsıntılar geridə qaldı. Mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını son 18 ildə müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı qazandı. Heydər Əliyev dühası Azərbaycan qadınına böyük hörmətlə yanaşdı, onun cəmiyyətdə layiqli yerini tutmasına çalışdı, bu zərif zümrənin YAP həyatında da fəal iştirakını təmin etdi. 1998-ci ilin 14 yanvarında isə Ulu Öndər Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzaladı, bu qurum geniş səlahiyyətlərlə təmin edildi. Həmin il, eyni zamanda, müstəqil Azərbaycan Respublikasında qadınların ilk qurultayı keçirildi. Ulu Öndərimiz öz çıxışında demişdir: "Qadınların adları və xidmətləri bizim tariximizin səhifələrində qızıl hərflərlə yazılmışdır. Ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər, həqiqətən, dünya miqyasında bizim üçün iftixar mənbəyinə çevrilmişdir. İndi biz hədsiz iftixar hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayır".

Ümummilli Lider Heydər Əliyevin həmin quultayda söylədiyi bu fikirlər qadınlarımıza verilən ən yüksək qiymətdir. Və bunun nəticəsi kimi son 18 ildə qadınların dövlət qurumlarında və ümumiyyətlə, ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi də məhz Ulu Öndərin əsasını qoyduğu liberal gender siyasəti nəticəsində mümkün oldu.

- Sizcə, Ulu Öndər dahi siyasətində milli özünüdərk hissinə böyük önəm verməklə daha hansı məqsədləri gerçəkliyə çevirib?

- Daha bir məqamı da xüsusi vurğulamaq istərdim ki, Ulu Öndər gənclərin təhsili ilə yanaşı, təlim-tərbiyəsinin düzgün təşkilini də vacib sayır, onlarda milli özünüdərk hissini gücləndirməyə çalışırdı. Xalqımızın görkəmli şəxsiyyətlərini gənc nəslə tanıtmaq böyük vətənpərvərlik hissinin, milli dəyərləri yaşatmağın parlaq təzahürü idi. Heydər Əliyevin təşəbbüsü ilə 90-cı illərdə Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Səməd Vurğunun, Əliağa Vahidin, Sara Aşurbəylinin, Yusif Məmmədəliyevin, Vəli Axundovun, Bəxtiyar Vahabzadənin, Əziz Əliyevin, Həsən Əliyevin, Mstislav Rostropoviçin, Mikayıl Müşfiqin, Aşıq Ələsgərin, Mir Cəlalın, Möhsün Sənaninin, Leyla Bədirbəylinin, Tofiq Kazımovun, Vaqif Mustafazadənin yubileylərinin yüksək səviyyədə keçirilməsi Azərbaycanın milli sərvətinin zənginliyini gənc nəslə göstərmək məqsədi daşıyırdı. Böyük Azərbaycan şairi Hüseyn Cavidin ev muzeyinin yaradılması da Ulu Öndərin milli-mənəvi irsə qayğısının bariz təcəssümü idi. 1982-ci ildə böyük səylər hesabına görkəmli dramaturqun nəşini uzaq Sibir çöllərindən doğulduğu Naxçıvana gətirən Ulu Öndər müstəqillik illərində onun üçün əzəmətli məqbərənin tikilməsinə nail oldu. Bundan başqa, böyük strateq gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə alması üçün xalqın milli-mənəvi dəyərlərini, düşüncə sistemini yaşadan, günümüzə gətirib çıxaran folklor nümunələrinə - qəhrəmanlıq eposlarına da daim xüsusi maraqla, diqqətlə yanaşırdı. Heydər Əliyevin fəal səyləri ilə türkdilli dövlətlər "Manas" dastanının 100 illiyini, Əmir Teymurun 660 illiyini qeyd etmişdilər. Ulu Öndərin 1997-ci il aprelin 20-də imzaladığı "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi haqqında Fərmanı isə milli-mənəvi irsin qorunması, yaşadılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması sahəsində əhəmiyyətli hadisə oldu. Ümumiyyətlə, Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf modeli spesifikliyi ilə fərqlənməklə, demokratik dəyərləri özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini müəyyənləşdirdi. Məhz bunun nəticəsidir ki, Azərbaycan cəmi 18 il müddətində inanılmaz yol qət edərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail oldu, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi uğurlar əldə etdi. Bu gün həmin uğurlar möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən mütərəqqi siyasətlə həyata keçirilməkdədir.

Azərbaycan Prezidenti müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü müəyyən edən başlıca amil kimi çıxış etdiyini haqlı olaraq ilk gündən önə çəkdi. Xüsusi vurğuladı ki, ölkənin və xalqın bütün problemlərinin sosial çətinliklərin aradan qaldırılmasından tutmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinədək, hər bir maneənin dəf edilməsinin ən başlıca yolu məhz iqtisadi tərəqqidən keçir. Dinamik inkişafda olan iqtisadiyyat sabitlik, əmin-amanlıq, demokratiya və vətəndaş cəmiyyəti, milli təhlükəsizlik, səmərəli xarici siyasət deməkdir. Təsadüfi deyildir ki, dövlət başçısı İlham Əliyevin ötən fəaliyyəti dövründə əsas ağırlıq mərkəzini bu sahənin üzərinə saldı.

Dövlət başçısı sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirdi. İlk növbədə, milli iqtisadiyyatda infrastruktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkdi. Azərbaycanı davamlı inkişafının təmin edilməsi baxımından strateji əhəmiyyətli dövlət proqramlarının qəbulunu və icrasını vacib saydı.

Sonda onu da bildirmək istərdim ki, cənab İlham Əliyevin qazandığı uğurların bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirdi. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadı, sevgini və rəğbəti daha da artırdı. Düşünürəm ki, İlham Əliyevin rəhbərliyi altında son illərdə qazandığımız minlərlə, on minlərlə uğurlu faktı sadalamağa lüzum yoxdur. Bu siyasətin ən böyük uğuru isə bütövlükdə Azərbaycan insanının təfəkkür və düşüncə baxımından müasirləşməsi, modern baxışlar sisteminə liberal yanaşması, mental və bəşəri dəyərləri uzlaşdıra bilməsidir. Bəli, 20 il bundan əvvəl dünyaya göz açan körpələr indi müstəqil Azərbaycanın 20 yaşlı, yetkin, müasir düşüncəli gəncləridir. Onlar tam olaraq müstəqillik dövründə yaşayıb, formalaşıb, bu nemətin şirinliyini dadıblar. Şəxsi qənaətim belədir ki, onlar yeni ictimai-iqtisadi formasiyada, azərbaycançılıq və müstəqillik ideologiyası ruhunda formalaşdıqları üçün müstəqilliyin qədrini, qiymətini orta və yaşlı nəsildən daha yaxşı bilirlər. Hər cür nostalgiyadan uzaq olan müasir düşüncəli, kreativ, yenilikçi ruhlu bu gənclik müstəqilliyimizin, Ulu Öndərin təbirincə desək, ədəbi, dönməz olmasının etibarlı təminatçısıdır.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər