- Aydın müəllim, niyə görə, "İctimai Palata" deyilən qondarma qurumun mübarizə hədəfi iğtişaşlar və qarşıdurmalar törətməkdir?
- "İctimai Palata" deyilən qondarma qurum özünə çox ambisiyalı bir ad götürərək fəaliyyət proqramını demokratik dəyərlər üzərində qurduğunu bəyan etdi. Amma çox qısa bir müddətdən sonra məlum oldu ki, radikal müxalifətin nə ictimaiyyət, nə də demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu, belə də gözlənilirdi. Çünki həmin qondarma "palata"nın əsasını qoyanlar özləri rəhbərlik etdikləri təşkilatlarda heç bir halda demokratiyaya dəyər vermirlər. İlk gündən ictimaiyyətsiz palataya çevrilən "İctimai Palata" hər hansı bir demokratiya tribunasına deyil, qeyri-qanuni mintiqlərin təşkili komitəsi rolunu oynamağa başladı. Cəmiyyətdə toqquşma, gərginlik yaratmaq, xarici ölkələrin müəyyən dairələrində Azərbaycan maraqlarını güdmək siyasətini yeridən "İctimai Palata" qısa bir müddətdən sonra böhrana uğradı. "İctimai Palata"da təmsil olunanlar qısa müddətdən sonra səhv yolda olduqlarını dərk edib istefa verdilər. Bu tendensiya bu gün də davam etməkdədir. İndi isə, "İctimai Palata"nı yaradanlar onu bağlamaq haqqında düşünürlər. Qeyd edim ki, "İctimai Palata" müxalifətin radikal qanadının birinci təşkilatçı forması deyildir. Bundan əvvəl də "DUH", "DUBB", "SİDSUH", "Müxalifətin Koordinasiya Mərkəzi", "Azadlıq" və s. birliklər yaratmışlar. Amma hamısının adamları, təşkilatçıları eynidir. Strategiya və taktika eyni olduğuna görə, bütün bu "təşkilat"ların sonu böyük bir iflasla qurtarırdı. Ona görə də, "İctimai Palata" adlı qondarma qurumun da müəyyən bir vaxtdan sonra sonunun o biriləri kimi qurtaracağına heç bir şübhə yoxdur. Bizim qarşımızda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ kimi çox ciddi bir məsələnin həlli dayanıb. Ərazilərimizin 20 faizi erməni qoşunları tərəfindən işğal edilib, 1 milyondan artıq əhalimiz öz doğma yurd-yuvalarından didərgin düşüb, qaçqın və köçkün vəziyyətində yaşayırlar. Məhz hər birimiz mövcud münaqişənin həll olunmasına çalışmalıyıq. Radikal müxalifət özfəaliyyət formalarını seçərkən yalnız bütün diqqəti öz üzərinə cəlb etmək istəyir. Radikal müxalifət məhdud sosial dayağa malik olduqlarını və buna rəğmən də heç bir vəzifənin öhdəsindən gələ bilmədiklərini artıq çoxdan dərk edirlər.
- Məram və məqsədlərini anlamayan gənclərdən radikal müxalifət sui-istifadə edərək, onları hətta erməni gəncləri ilə belə əməkdaşlıq etməyə təhrik edirlər. Bu amil siyasətçiyə nə dərəcədə baş ucalığı gətirə bilər?
- Radikal müxalifət üçün milli və dövlətçilik maraqları deyil, özlərinin ambisiyaları daha öndə dayanır. Müxalifətin radikal qanadı üçün cəmiyyətin inkişafı, ölkəmizi irəliyə aparan strateji prinsip deyil, özlərini hakimiyyətə aparan yol önəmlidir. Bəzi gənclərin etimadından sui-istifadə etmək, onları öz maraqları üçün küçələrə göndərmək heç də siyasi liderə xas olan cəhət deyil. Çox maraqlıdır ki, özlərini "siyasət generalları" adlandırsalar da, bir dəfə də olsun özləri həmin aksiyalarda iştirak etmir, küçələrə göndərdikləri qrupların sıralarında qətiyyən görünmürlər. Məgər bu formada mübarizə aparılar? Bu, onu göstərir ki, radikalları gənclərin bu günü və sabahı maraqlandırmır. Ətraflarında heç bir güc, qüvvə, ictimai dəstək yoxdur. Bu gün Azərbaycanda sabitlik möhkəm əsaslar üzərində qurulub. Dövlətimizin beynəlxalq maliyyə institutlarının reytinqi getdikcə yüksəlməkdədir. Dövlətimizin dünyada yerinin və rolunun daha da möhkəmlənməsi üçün genişmiqyaslı dövlət proqramları həyata keçirilir. Çatışmazlıqların isə, aradan qaldırılması üçün ölkə rəhbəri İlham Əliyevin tapşırığı ilə xeyli sayda səmərəli işlər görülür. Radikal müxalifət qrupları xaricdə təhsil alan gənclərin bir çoxunu saxta şəbəkələrə daxil edərək, guya müxalif yönümlü qruplarla həmrəy olduğunu iddia edirlər. Əslində isə, bu, qətiyyən belə deyil. O ki qaldı, sosial şəbəkədə ermənilərlə işbirliyinə, bu, müxalifətin ilk dəfə atdığı addım deyil. Müxtəlif vaxtlarda radikal müxalifətçilərin bu cür sərsəm hərəkət etdiklərini görmüşük. Azərbaycan demokratik, müstəqil ölkədir. Müəyyən qüvvələrin təhriki ilə bəzi müxalif qüvvələr icazəsiz aksiyalar keçirməyə cəhd edirlər. Amma həmin müxalifətçilərin arxasında kimlərin dayanıb dayanmamasından asılı olmayaraq, bu cəhdlər qəti şəkildə heç bir nəticə verməyəcək. Azərbaycan vətəndaşları sabitliyi pozanların arxasınca heç vaxt getməyib. Gənclərimiz bu cür təxribat xarakterli çağırışlara heç zaman dəstək verməyib və verməyəcək.
AYLANA RZAYEVA