Elşad müəllim, ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən regiona səfər etdilər. Sizcə, onlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa yeni ideya və təkliflə çıxış edə bildilər?
- ATƏT-in Minsk Qrupunun həmsədrləri səfərləri zamanı hər hansı bir ciddi bəyanatla çıxış etmədilər. Demək olar ki, həmsədrlərin regiona səfərləri sıradan bir səfər oldu. Son vaxtlar ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsi ətrafında real addımların atılması ilə bağlı fikirlər səsləndirilməkdədir. Düzdür, bu illər ərzində sözügedən münaqişə ilə bağlı həmsədrlər tərəfindən bir çox fikirlər dəfələrlə səsləndirilib. Bildiyiniz kimi, həm ABŞ, həm də Rusiya tərəfindən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətinə real addımların atılmasının vacibliyi vurğulanmışdır. Bunun ardınca isə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri oldu. Bu baxımdan, demək olar ki, indiki məqamda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı istər ABŞ-da, istərsə də Rusiyada müəyyən istək müşahidə olunmaqdadır. Hesab edirəm ki, sözügedən münaqişənin tənzimlənməsi istiqamətində bizdə müəyyən ümidlər yaradır.
- Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya səfəri Dağlıq Qarabağ probleminin həllində Dmitri Medvedevin Ermənistan prezidentinə hansısa təsiri ilə yadda qala bilərmi?
- Bir müddət öncə, Rusiya tərəfindən fikir səslənmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində bir çox addımlar atılaraq, nəticə əldə olunmalıdır. Rusiya tərəfindən səslənən belə bir bəyanatın ardınca Ermənistan prezidetinin Rusiyaya səfər etməsi bizdə ümid yaradır ki, Dmitri Medvedevin Serj Sarkisyana hər hansı bir istiqamətdə təsiri ola bilər.
- Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilə bilərmi?
- Rusiya heç bir halda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı öz liderliyini əldən vermək niyyətində deyil. Yəni bu münaqişənin tənzimlənməsi istiqamətində Rusiya aparıcı qüvvə olaraq qalmaq istəyir. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prezidentlərin üçtərəfli görüşləri Rusiya prezidentinin təşəbbüsü ilə baş tutacaq. Çünki hər hansı bir real nəticənin əldə olunma ehtimalı az olsa belə, yenə də Rusiya tərəfi bu görüşləri təşkil etməyə çalışacaq. Ona görə ki, Rusiya bu istiqamətdə fəaliyyətsizlik göstərərsə, digər maraqlı tərəflərin aktivləşməsini şərtləndirə bilər. RF regionda öz nüfuzunu qoruyub saxlamaq üçün Dağlıq Qarabağ müaqişəsinin tənzimlənməsi ilə bağlı hər hansı bir nəticənin əldə olunmasına çalışacaqdır.
GÜLYANƏ AĞAKƏRİMOVA