Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.2.17 və 2.6.14 bəndlərində işğal olunmuş ərazilərdə məhv edilmiş kitabxanalar haqqında məlumatların hazırlanması və onların beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulub.
Sözügedən Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi işğal nəticəsində məhv edilmiş kitabxanalar haqqında məlumatlar və fotoşəkillər əsasında "Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar" adlı kitab nəşr olunub. Nəşrdə Ermənistan silahlı birləşmələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycana qarşı aparılan işğalçı müharibə nəticəsində zəbt olunmuş Azərbaycan torpaqlarında dağıdılmış və talan edilmiş Azərbaycan kitabxanaları, onların fotoşəkilləri (işğaldan əvvəl və sonra), habelə, bir sıra statistik məlumatlar rayonlar üzrə sistemli şəkildə verilib.
Kitabçada erməni separatçıları tərəfindən işğal olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonda 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitabın talan və məhv edildiyi göstərilib.
Kitabçada dünyanın görkəmli alimlərinin təbii muzey adlandırdığı Azərbaycanın ən unikal guşəsi olan Qarabağda azərbaycanlılara məxsus milli-mədəniyyət nümunələrinin məhv edildiyi, Qarabağın mədəniyyət və təhsil mərkəzi sayılan Şuşa tarixi memarlıq qoruğunun ərazisində yerləşən Pənah xanın tarixi kitabxanasında, rəssam, görkəmli alim Mir Mövsüm Nəvvabın şəxsi kitabxanasında, Aşağı və Yuxarı Gövhərağa, cümə məscidlərində, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərində saxlanılan dəyərli kitabların erməni vandalları tərəfindən məhv edildiyi xüsusi qeyd olunub.
Kitabça Azərbaycan kitabxanalarına, xarici ölkələrin kitabxanalarına, habelə, Azərbaycanın xarici dövlətlərdəki səfirliklərinə göndəriləcək. Gələcəkdə "Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar" adlı kitabçanın rus və ingilis dillərində nəşr olunaraq yayılması nəzərdə tutulub.
ZÜMRÜD