- Elman müəllim, Azərbaycan dövlətinin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı zəmin yaradacaq?
- Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi böyük tarixi qələbədir. Mötəbər qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmağımız 2012-ci il 1 yanvar tarixindən başlayaraq iki il müddətinə davam edəcək. Həmin ərəfədə Azərbaycan iki dəfə Təhlükəsizlik Şurasına sədrlik etmək imkanı əldə edəcək. Bu isə məsuliyyətli və şərəflidir. BMT-nin üzvü olan 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək o deməkdir ki, Azərbaycana beynəlxalq ictimaiyyət tərəfindən böyük bir etimad göstərilib. Əgər bu uğurları, nailiyyətləri qazana bilmişiksə, deməli, Azərbaycanın apardığı siyasət düzgün və dünya dövlətləri tərəfindən, qəbul olunan, dəstəklənən siyasətdir. Azərbaycan bir ölkə olaraq, ona yönəlmiş bütün ümidləri doğruldacaq. Bu mənada, demək olar ki, 2012 və 2013-cü illər Azərbaycan üçün çox əhəmiyyətli il olacaq. Bu gün dünya ictimaiyyətinin üzləşdiyi ən mühüm problemlərdən biri də sülhün və təhlükəsizliyin tam təmin olunmasıdır. Əlbəttə, bu sahədə Azərbaycan dünya ictimaiyyəti ilə bir yerdə bu tip məsələlərin həllində yaxından iştirak edəcək. Azərbaycan Ermənistanın işğalı ilə üz-üzədir. Bu, bizim ən mühüm və ümummilli bir problemimizdir. Bu məsələnin qaldırılması BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə əlaqələndirilmiş şəkildə baş verə biləcəkdir.
- Ayrı-ayrı xarici ölkələrin rəhbərləri, beynəlxalq qurumlar Dağlıq Qarabağda status-kvonun dəyişdirilməsinin zəruriliyini vurğulayırlar. Lakin öz əməli fəaliyyətlərində konkret addım atmırlar. Bu ziddiyyətli məqamı necə izah edərdiniz?
- Bu, doğrudur, beynəlxalq aləm, dünya ictimaiyyəti artıq status-kvonun qəbuledilməzliyini vurğulayır. Bu mövqe dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə də, ATƏT-in Minsk Qrupunun həmsədr ölkə rəhbərlərinin son Dovil bəyanatında bildirilib. Təbii ki, status-kvo vəziyyəti qəbuledilməzdir və Ermənistan bundan bir nəticə çıxarmalıdır. Çünki status-kvo işğal deməkdir, işğal olunan ərazilər isə, tarixən Azərbaycan torpaqlarıdır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən 1 milyondan çox soydaşımız məcburi qaçqın və köçkün vəziyyətinə düşüb. Status-kvonun dəyişdirilməsi işğalın aradan qaldırılması deməkdir. Bu faktoru aradan qaldırılmadan mövcud problemin həlli irəliyə doğru gedə bilməz. Konstruktiv addım atan dövlətimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu nümayiş etdirib. Dövlətimizin mövqeyi dünya ictimaiyyətinin mövqeyi ilə üst-üstə düşür. Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri mütləq azad edilməlidir. Ermənistanın işğalı faktoru, həmçinin, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı çıxardığı 4 qətnaməsində və beynəlxalq təşkilatların müxtəlif sənədlərində öz əksini aydın formada təzahür edir.
- BMT TŞ Liviyanın 42 il diktatoru olmuş M. Qəddafi rejiminə qarşı tez-tələsik qərar qəbul edib onu icraya yönəltdi. Lakin Dağlıq Qarabağla bağlı çıxardığı qətnamənin 20 ildir ki, rəsmi Yerevan tərəfindən yerinə yetirilməməsinə ciddi münasibət bildirmir. Bu məqam ikili standartların mövcudluğundan xəbər vermirki?
- 20 il bundan öncə BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğalı etməsi və bu işğalın aradan qaldırılması barədə dörd qətnamə qəbul etdi. Lakin Ermənistan çıxarılmış həmin qətnamələrə, qərarlara qətiyyən məhəl qoymur. Bu isə, onu göstərir ki, rəsmi Yerevan öz qeyri-konstruktiv və destruktiv mövqeyi ilə yenə də beynəlxalq hüququn norma və prinsiplərinə çox böyük hörmətsizlik nümayiş etdirir. Belə bir vəziyyətdə, əlbəttə ki, dünya ictimaiyyətinin fikri çox önəmlidir. Dünya ictimaiyyəti Ermənistana qarşı öz təzyiq və təsirini daha da artırmalıdır. Ən azından ona görə ki, təhlükəsizlik və sülhün qorunub saxlanılması məsələsi beynəlxalq aləm üçün çox mühüm və vacib məsələdir. Bu gün ortada Cənubi Qafqazın inkişafına mane olan böyük bir işğal faktoru var. Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasət nəinki Cənubi Qafqazda, eləcə də, bütün Avropada ictimai-siyasi sabitliyə təhlükə yaradır. Beynəlxalq təşkilatlar bunu çox yaxşı dərk etməlidir.
- İşğal yolu tutan Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmirsə, o zaman Azərbaycanın başqa yolu qalırmı?
- Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır. Güclü, nüfuzlu, dünya ictimaiyyəti etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın mövqeyini bilir. Dövlətimizin öz ərazi bütövlüyünü bərpa etmək hüququ hər zaman özündə qalır. Suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etmək bizim ən ümdə haqqımızdır. BMT nizamnaməsinə əsaslanan haqqımız və hüququmuzdur. Tutduğumuz mövqe beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanıb və hər zaman aydın, obyektiv olub. Azərbaycan öz ərazilərini müdafiə etməyə tam qadirdir. Bu gün Cənubi Qafqazın iqtisadiyyatının 75-80 faizi Azərbaycanda cəmlənib. Bu, artıq böyük bir göstəricidir və ölkəmizin dünyada söz, nüfuz sahibi olduğunu deməyə bir daha əsası var.
- Elman müəllim, bəs Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların aparılması nə dərəcədə mümkündür?
- Biz bu tip tədbirlərin keçirilməsinə etiraz etmirik. Hesab edirəm ki, tədbirlərin keçirilməsi hətta müsbət və önəmli haldır. Amma məsələ burasındadır ki, işğalçı qüvvələrin olduğu yerdə və silahların altında hər hansı bir etimad tədbirinin keçirilməsi nə dərəcədə mümkündür? Hər dəfə obyektivliyi, konstruktivliyi ilə seçilən Azərbaycan bu tədbirlərin aparılmasının tərəfdarıdır. Lakin Ermənistan isə, öz qeyri-konstruktiv vəziyyəti ilə beynəlxalq təşkilatları çaşdırmağa çalışır və status-kvonun saxlanılmasında maraqlı olduğunu nümayiş etdirir.
- Elman müəllim, yeri gəlmişkən, "Amnesty İnternational" Azərbaycanla bağlı reallığı əks etdirməyən növbəti qərəzli hesabat yayıb. Sizcə, ölkəmizə qarşı bu qərəzli yanaşmalar nədən qaynaqlanır?
- "Amnesty İnternational" təşkilatının hesabatı tamamilə qərəzli və qeyri-obyektiv şəkildə tərtib olunub. Həqiqətləri heç bir halda əks etdirmir. Azərbaycan dövlətinin son zamanlar əldə etdiyi böyük uğurlar, nailiyyətlər həmin hesabatda göstərilmir. Bu isə, artıq həmin təşkilatın neytrallığından və qərəzliliyindən xəbər verir. Çünki artıq belə bir hesabatla həmin qurum öz etibarını itirir. Dövlətimizin nüfuzu, hörməti artır, beynəlxalq aləmdə yeri və rolu getdikcə möhkəmlənir. Regionda layihələri Azərbaycanın iştirakı ilə həyata keçirilir. Azərbaycan güclü və həqiqətən müstəqil bir dövlətdir. Ölkəmiz yürütdüyü düşünülmüş və ağıllı siyasət nəticəsində çox qısa zaman kəsiyində öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
AYLANA RZAYEVA