Bu gün 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür. Hazırda Azərbaycanda sözügedən xəstəliyə qarşı ciddi mübarizə aparılır. Xəstəliyin yaranması və yoluxması üsulları ilə bağlı məlumat almaq üçün Sabunçu rayon 12 saylı şəhər poliklinikasının baş həkimi Lətif Əsgərovdan müsahibə aldıq. Müsahibimiz bu xəstəliyə yoluxmağın nə qədər xoşagəlməz olduğunu desə də, müalicəyə gecikməyin çox ağır nəticələr verə biləcəyini də diqqətə çatdırdı.
-Lətif müəllim ümumiyyətlə, QİÇS xəstəliyi nədir və necə yoluxur?
-QİÇS qazanılmış immun çatışmazlığı sindromu xəstəliyidir. Bu xəstəlik 1987-ci ildən başlayaraq pandemiya halında yayılmağa başlayıb. Dünya ölkələrində bu xəstəliklə ciddi mübarizə aparılsa da qarşısının tam alınması mümkün olmayıb. Bütün qabaqlayıcı və profilaktik tədbirlərə baxmayaraq bu gün dünyada 40 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəlik yarandığı ilk vaxtdan bu günə kimi 1,2 milyon insan dərmanla təmin oluna bilirdisə, bu gün isə bu rəqəm 5, 2 milyona qədər artıb. Bu da təbii ki, birbaşa görülən tədbirlərin nəticəsidir. Xəstəlik venadaxili narkomaniya ilə məşğul olmaq, seksual biznes, homoseksuallıq, qorunmamış cinsi əlaqə kimi üsullarla yoluxsa da, bir sıra köməkçi yolların olduğunu da qeyd etməliyik. Məsələn, stomotoloji klinikalarda alətlərin sterilizə edilməməsi, gözəllik salonlarında manikür, pedikür zamanı və s. Bütün bunlar da o deməkdir ki, insanlar özləri hər addımda diqqətli olmalıdırlar.
-Xəstəliyə yoluxanların ən böyük problemi müalicəyə cəlb olunmaqdır. Sizcə müəyyən səbəblərə görə bu məsələdə cəmiyyət də günahkar deyilmi?
-Bəli, mən bu sualla tam razılaşıram. Cəmiyyətin bu məsələdə kifayət qədər günahı var. Çünki insanlar bu xəstəliyə yoluxan zaman özlərinə qapanırlar. Bunda da əsasən cəmiyyət günahkardır. QİÇS-dən əziyyət çəkən insanlar əsasən anonimliyin saxlanılmasına əmin olmaq istəyirlər. Biz xəstələri müalicəyə cəlb etməkdə əziyyət çəkirik. Çünki cəmiyyətdə belə xəstələri təcridetmə, damğalama kimi bir hal formalaşıb. Bu da insanları müalicədən yayındırır. Ona görə də bizim əsas işimiz ilk olaraq insanları anonimliyin saxlanılmasına inandırmaqdan ibarətdir. Çünki ictimai qınaqdan uzaq tutulmaq belə xəstələr üçün çox vacibdir. Biz xəstələri müalicəyə cəlb etmək üçün ilk növbədə onların ailələri, valideynləri, birlikdə yaşadıqları insanları psixoloji müalicə edirik. Hamımız bilməliyik ki, bu xəstəliyin müxtəlif yollarla müalicəsi mümkündür. Amma mən düşünürəm ki, elə həkimlərin də bu işdə günahı var. Çünki bu cür xəstələrlə münasibət qurmaq üçün ilk növbədə psixoloji yanaşma düzgün olmalıdır. Məsələn, xəstəxanalarda QİÇS-lə bağlı xüsusi məlumat kitabçaları olsa və bu kitabçalarda xəstəliyin müalicəsinin mümkün olduğuna inandıran bir sıra məlumatlara yer verilsə müsbət nəticələr əldə etmək olar.
-Azərbaycanda QİÇS-lə mübarizə tədbirləri sizcə, necə gedir?
-Ümumilikdə nəzər salsaq, dünyada bu xəstəlik 1987, Azərbaycanda isə 1988-ci ildən yayılıb. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda bu xəstəlik dünya ölkələrinə nisbətən 25 faiz az yayılıb. Bu bir yandan xalqımızın mentalitetindən irəli gərsə, digər tərəfdən isə əsasən, görülən tədbirlərin nəticəsidir. 20 iyun 2010-cu ildə "İnsanın immun çatmazlığı virusuna qarşı mübarizə tədbirləri" ilə bağlı ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman da görülən tədbirlərin əyani sübutudur. Azərbaycanda QİÇS-lə mübarizə işinə son bir ildə 25 milyon manat pul ayrılıb. Son 5 ildə isə xəstəlikdən ölüm 20 faiz azalıb.