PDF Oxu

Müsahibə

  • 135

ATƏT-in Minsk Qrupunun fransalı həmsədrinin dəyişməsi ...

ATƏT-in Minsk Qrupunun fransalı həmsədrinin dəyişməsi ...

- Elman müəllim, ATƏT-in Minsk Qrupunun fransalı həmsədirinin yenisi ilə əvəz olunması Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı əlavə yeniliklər gətirə bilər?

- Fikrimcə, ATƏT-in Minisk Qrupunun fransalı həmsədrinin dəyişilməsi Dağlıq Qarabağ probleminin həllinə yardımçı olmaq baxımından yenilik ola bilər. Yəni, fransalı həmsədrin yenisi ilə əvəz olunması forma baxımından yenilik deməkdir. Amma burada bizi daha çox maraqlandıran məzmundur. Belə ki, yeni həmsədrin gəlməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyə qədər aparılmış proseslərə bir dinamizm gətirilməsi və yeni təkliflərin yaranması baxımından ciddi yeniliyin olacağını gözləmirəm. Çünki istənilən halda, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri də Fransa dövlətinin siyasətini həyata keçirirdi. İndiki həmsədr də həmin siyasəti davam etdirəcək. Bir sözlə, 2011-ci ilin sonunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmsədrlərdən nə isə gözləməyin mənası yoxdur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, gələn il Rusiya, Fransa və ABŞ-da prezident seçkiləri keçiriləcək. Bu baxımdan, düşünmək olar ki, Dağlıq Qarabağ probleminin həlli bir qədər kölgədə qala bilər. Yəni, belə bir versiyanı da nəzərdən qaçırmaq olmaz.

- Ermənistana bacısı gözü ilə baxan Fransadan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində hansısa ümidləri gözləmək olarmı?

- Bildiyiniz kimi, Fransada güclü erməni lobbisi və diasporası fəaliyyət göstərir. Yəni, onların ölkə siyasətinə təsir imkanları var. Bu baxımda, Fransa prezidenti Nikolya Sarkozi ikinci dəfə prezident seçilmək üçün heç şübəsiz ki, erməni lobisinin xoşuna gələn müəyyən bəyanatlar verəcək. Bu baxımdan, hesab edirəm ki, Fransada 2012-ci ilin prezident seçkilərinə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində Azərbaycanı razı sala biləcək addımların atılmasını gözləməyə dəyməz. Yəni, Fransa prezidenti daha çox ikinci dəfə prezident seçilmək üçün ermənipərəst mövqeli bəyanatlarla çıxış edəcək. Bu da daxili auditoriyaya və erməni lobbisinə ünvanlanmış bəyanatlar olacaqdır. Fikrimcə, rəsmi Parisin sözügedən münaqişənin həllində xüsusi bir obyektiv rol oynayacağına da böyük ümidlər bəsləməyin mənası yoxdur. Biz elə etməliyik ki, Fransanın Dağlıq Qarabağ münaqişəsinin mövqeyində bir qədər neytrallığa nail ola bilək. Bildiyiniz kimi, Fransa və Ermənistan özlərini dost dövlətlər elan ediblər. Bu baxımdan, biz elə etməliyik ki, Fransa həm də Azərbaycanın dostu olsun. Yəni, bu dövlətin neytral mövqeyini qazanmalıyıq. Təsadüfi deyildir ki, Ümumilli Lider Heydər Əliyev də Prezident seçildikdən sonra, ilk rəsmi səfərini məhz Fransaya etmişdir. Cənab İlham Əliyev də 2003-cü ildə prezident seçildikdən sonra, ilk rəsmi səfərini məhz Fransaya etmişdir. Bununda səbəbi yuxarda qeyd etdiyim məsələ ilə bağlıdır. Bir sözlə, rəsmi Bakının seçdiyi taktika budu.

GÜLYANƏ

Digər xəbərlər