PDF Oxu

Müsahibə

  • 1 988

Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınıb

Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınıb

- Ülvi müəllim, məlum olduğu kimi bu il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyidir. Bu münasibətlə respublikamızın bütün guşələrində müxtəlif tədbirlər keçirilir, ötən dövr ərzində əldə edilmiş nailiyyətlər təhlil olunur. Bu mənada idman ictimaiyyətinin nümayəndəsi olaraq müstəqilliyimizin 20-ci ildönümünü yaşayan ölkəmizdə inkişafı istiqamətində həyata keçirilən siyasəti necə xarakterizə edərdiniz?

- Əlbəttə ki, ötən 20 il ərzində Azərbaycan xalqı çətin və şərəfli yol keçib. İstərdim ki, öncə mən müstəqillik tariximizlə bağlı ümumi fikirərimi bildirim. Məlumdur ki, Azərbaycanın tarixində taleyüklü dövrlər çox olub. Məsələn, 1920-ci ildə müstəqilliyimizin süqut etməsi məhz bu cür taleyüklü dövrlərdən biridir. Əsrin sonunda tarix yenidən xalqımıza müstəqlilik əldə etmək imkanı qazandırdı. Bu dövr istər siyasi, istərsə də iqtisadi cəhətdən olduqca çətin dövr idi. İnsanlar dilemma qarşısında qalmışdılar. Bir tərəfdən, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı, digər tərəfdən ölkədə gedən hakimiyyət savaşı-bunu hakimiyyətsizlik adlandırsaq daha doğru olar, özbaşınalıq, iqtisadiyyatın iflic duruma düşməsi və hakimiyyət başında dayanan şəxslərin səriştəsizliyi Azərbaycanın müstəqilliyini sual altına qoymuşdu. Məhz belə ağır bir zamanda xalqımız 1920-ci il analogiyasının təkrarlanmasına imkan vermədi. Xalq dərk etdi ki, ölkəni bu çətin durumdan yalnız bir zəka, bir düha xilas edə bilər-Ümummilli lider Heydər Əliyev dühası. 1993-cü ildə Ulu öndərin hakimiyyətə qayıdışı, xalqını, dövlətini xilas etməsi Azərbaycanın tarixində müstəqilliyin əbədiləşməsi mənasında yeni bir səhifə yazdı. Heydər Əliyevin yaratmış olduğu sabitlik və inkişaf erası Azərbaycanın möhkəm təməllər üzərində qurulmuş daxili və xarici siyasətinin uğurlarını dərinləşdirməyə, yeni əsrin başlanğıcında respublikamızın dünya miqyasında rolunun və əhəmiyyətinin güclənməsinə impuls vermiş oldu. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyası olmaqla bütün hüquq və azadlıqların təməl prinsiplərini şərtləndirdi. Ümmumilli lider Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, sosial, ictimai, mədəni həyatında gördüyü işlərin miqyası müqayisəolunmaz dərəcədədir. Onun Azərbaycanın inkişafı üçün əvəzsiz xidmətləri həm də məzmun etibarı ilə nəzərəçarpacaq dərəcədə təkrarolunmazdır. Tarixi dialektika və siyasi-ictimai qanunauyğunluq göstərir ki, Ümummilli lider Heydər Əliyevin mahir dövlətçilik idarəçiliyini, strategiyasını bütün komponentləri ilə əxz etmiş, bu böyük siyasi məktəbin davamçısı möhətərəm Prezidentimiz İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda görülən böyük işləri uğurla inkişaf etdirir.

Konkret sualınıza gəlincə, deyə bilərəm ki, bu gün ölkəmizdə bütün sahələr uğurla inkişaf etdirilir. Mən bir faktı xüsusi vurğulamaq istəyirəm ki, müstəqil Azərbaycan 20 illik tarixi baxımdan çox qısa bir müddətdə bütün sahələrdə böyük yol qət edib. İstər iqtisadi inkişaf, istər siyasi sabitlik, istər qazanılan beynəlxalq dəstək, istərsə də qlobal miqyaslı enerji layihələrinin reallaşdırılması və ölkəmizin bu layihələrlə təşəbbüskar və iştirakçı qismində yer alması müstəqilliyimizin və Ulu öndər Heydər Əliyev siyasi kursunun ölkəmizə qazandırdığı üstünlüklərdir. Bu mənada idman sahəsində də əldə olunan uğurlar olduqca böyükdür. Müstəqil Azərbaycan Respublikasının idmançılarının olimpiya oyunlarında, Dünya çempionatlarında, Avropa çempionatlarında qazandığı medallar keçmiş SSRİ dövründə yalnız xəyal oluna bilərdi. Şübhəsiz ki, bütün bu nailiyyətlərin hamısı dövlətimiz tərəfindən idmana böyük qayğı və diqqətin nəticəsidir. Bu ənənənin əsasını isə Ulu öndər Heydər Əliyev qoyub. 1994-cü ilin mart ayının 5-də ilk dəfə Əl Oyunları Sarayında idmançıları, idmansevərləri bir araya gətirən Ulu öndər bu gündən sonra idmana qayğını öz üzərinə götürdüyünü bəyan etdi. Məhz Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsləri və çoxspektrli fəaliyyətindən sonra bütün digər sahələrdə olduğu kimi, idmanda da böyük uğurlar əldə olunmağa başladı. 1996-cı ildə idmançılarımız müstəqil Azərbaycan bayrağı ilə Olimpiya oyunlarında çıxış etdilər. Düzdür, o vaxt bizim Olimpiya oyunlarında iştirak edən idmançılarımızın sayı az idi. Buna baxmayaraq, ilk olimpiya medalını qazanmağa nail olduq.

- Vurğulamaq yerinə düşər ki, ölkəmizin idman sahəsində böyük uğurları 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra daha yüksək vüsət aldı...

- Bəli, qeyd etdiyiniz kimi möhtərəm Prezidentimiz İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə idmanın inkişafına dövlət qayğısını daha da gücləndirdi. Prezident İlham Əliyev qeyd edib ki, "Bizim borcumuzdur ki, idmana və idmançılarımıza qayğı göstərək, onların da borcudur ki, bu etimadı doğrultsunlar". Həqiqətən də, ən böyük uğurlara məhz həmin dövrdən sonra imza atıldı. Cənab İlham Əliyev dövlət başçısı seçildikdən sonra da idman ictimaiyyəti ilə bütün görüşlərində idmanın inkişafı üçün lazımi şəraitin yaradılması, maddi - texniki bazanın formalaşdırılmasının vacibliyini önə çəkərək bunun üçün əlindən gələni edəcəyini söz verdi. Bakıda və regionlarda müasir standartlara uyğun olimpiya komplekslərinin inşa olunması və gənclərin, idman ictimaiyyətinin ixtiyarına verilməsi bu məqsədə xidmət edir. Bu gün ölkəmizin müxtəlif regionlarında onlarla olimpiya kompleksi fəaliyyət göstərir. Bu komplekslərdə demək olar ki, bütün idman sahələrinin inkişafı istiqamətində fəaliyyət göstərilir. Üzgüçülük hovuzları, voleybol meydançaları, bəzilərində hətta idmançıların orada yaşaması üçün şərait də var. Mən ölkəmizdə "karate-do"nun inkişafına toxunmaq istərdim. Bu idman sahəsi həmin dövr üçün regionda yeni sayılırdı və o qədər də populyar deyildi. Hətta sovet dövrünün müəyyən bir zamanında ölkəmizdə karate qadağan edilmişdi. Məhz, Prezidentimizin diqqəti və qayğısı bu idman növünün ölkəmizdə populyarlaşmasına, idmançılarımızın beynəlxalq arenada uğurlar əldə etməsinə imkan yaratdı. İdmançılarımız beynəlxalq statuslu yarışlarda qələbələr qazandılar və bu da sonrakı illərdə ölkəmizdə bu idman növünün populyarlaşmasına, gənclərimizin maraqla karate ilə məşğul olmasına yol açdı. Qeyd edim ki, bu qədim şərq döyüş növü artıq Azərbaycanın bütün regionlarında məşhurdur və valideynlər öz övladlarının bu döyüş növü ilə məşğul olmasında maraqlıdır.

- Artıq Azərbaycanda nüfuzlu beynəlxalq idman yarışları keçirilməkdədir. Sizcə, ölkəmizin qazandığı uğurlar bu amilə nə dərəcədə təsir göstərir? Bütün bunlar Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən idman ölkəsi kimi tanınmasında nə kimi rol oynayır?

- Bu gün Azərbaycan bayrağı dünyanın əksər ölkələrində və əksər idman növləri üzrə keçirilən yarışlarda ən yüksək zirvələrdə dalğalanır. Ölkəmizdə keçirilən yüksək səviyyəli yarışlar, idmançılarımızın bu yarışlarda uğurlu iştirakı Azərbaycanın beynəlxalq səviyyədə tanınmasında böyük əhəmiyyət daşıyır. Məsələn, ardıcıl olaraq Olimpiya oyunlarında qazanılan qələbələr istər yarışın keçirildiyi ölkədə, istərsə də həmin yarışlarda iştirak edən idmançılarda ölkəmiz haqqında böyük maraq oyadır. Biz Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində isə 7 medal qazanmışıq. 20 illik müstəqillik dövründə bu uğur olduqca təqdirəlayiq sayılmalıdır. Azərbaycanın 2016-cı il Olimpiya oyunlarına ev sahibliyi ilə bağlı müraciət etməsi faktı artıq ölkəmizdə yüksək səviyyəli infrastrukturların yaradıldığından xəbər verir.

- Millət vəkili olaraq idmanın inkişafı ilə bağlı qəbul olunan qanunvericilik aktlarını necə dəyərləndirərdiniz?

- Təbii ki, digər sahələr kimi, Azərbaycan idmanının inkişafı üçün müvafiq qanunlarımız olmalıdır. Hər bir istiqamət kimi idmanın inkişafı da ölkə qanunları çərçivəsində tənzimlənməlidir. Mövcud qanunlar zərurət yarandıqca yenilənməlidir. İdman təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibditai məktəb səviyyəsində də inkişaf etdirilir. "Bədən tərbiyəsi və idman haqqında" qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını təmin edir, həm də bu inkişafın sistematikliyini özündə ehtiva edir. Məsələn, "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsi bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinə həsr edilib. Burada göstərilir ki, bu istiqamətdə dövlət siyasəti bədən tərbiyəsi və idmanın hüquqi bazasını yaratmaqdan; bədən tərbiyəsi və idmanın inkişafının təmin etdirilməsi, yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi-idman təşkilatları, uşaq idman müəssisələri sistemini yaratmaqdan; bədən tərbiyəsi və idmanın inkişafı üçün zəruri maddi-texniki bazanı yaratmaqdan; bədən tərbiyəsi və idman sənayesini inkişaf etdirməkdən; tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün idman təşkilatları üçün bərabər imkanlar yaratmaqdan ibarətdir. Bu özü-özlüyündə həmin sahənin sistematik inkişafını təmin edir. Bundan başqa idmanın inkişafı həm də gənclərlə bağlı dövlət proqramında əks olunur. Azərbaycan gəncliyinin inkişafını özündə ehtiva edən bu sənəddə göstərilir ki, dövlət idmanın inkişafı ilə bağlı hansı perspektivləri öz qarışısına məqsəd qoyur. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında gənclərin sağlamlığının qorunması, gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi, sağlam həyat tərzi sahəsində maarifləndirmə işinin genişləndirilməsi kimi fəaliyyətlər yer alır. Burada əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ölkə rəhbərliyinin qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha onu deməyə əsas verir ki, ölkəmizdə idmanın inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin olunacaq.

- Ülvi müəllim, qeyd etdiyiniz kimi Azərbaycan dövləti idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir. Sizcə, göstərilən dövlət qayğısının qarşılığında əldə olunan nəticələr qənaətbəxşdirmi?

- Ölkəmizdə idmana göstərilən dövlət qayğısı əldə olunan nəticələrdə özünü göstərir. Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimizin gənclər və idman siyasəti Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında əsaslı təkan rolunu oynayıb. Son beş ildə Azərbaycan idmançıları tərəfindən müxtəlif beynəlxalq yarışlarda ümumilikdə 2583, o cümlədən 927 qızıl, 709 gümüş və 947 bürünc medal qazanılıb. 2010-cu ildə beynəlxalq turnirlərdə 206-sı olimpiya idman növləri üzrə olmaqla 675 medal əldə edilib və onların 85-i qadınlara məxsusdur. Medalların 182-si dünya çempionatlarında, 97-si Avropa çempionatlarında, 83-ü dünya kuboku yarışlarında qazanılıb. Gənc idmançılarımız Yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında böyük uğurla çıxış edib və 204 ölkə arasında 11-ci yeri tutub. 2011-ci ilin birinci yarısında idmançılarımız mühüm nailiyyətlər əldə edib və beynəlxalq yarışlarda 68-i Olimpiya idman növləri üzrə olmaqla 103 medal qazanıb. Onların 24-ü qızıl, 30-u gümüş, 49-u bürüncdür. Bu rəqəmlər ölkəmizdə gənclərin idmana olan marağının bariz nümunəsidir. Bir daha vurğulamaq istəyirəm ki, ölkəmizdə idmanın populyarlaşması, gənclərdə bu sahəyə diqqətin artması hörmətli Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Məhz Prezidentimizin şəxsi qayğısı sayəsində Azərbaycanda gənclərin sağlam ruhda tərbiyəsi, onların fiziki formalaşdırılması və ən əsası idmana olan marağının artması təmin olunub.

Digər xəbərlər