PDF Oxu

Müsahibə

  • 65

Novruz Məmmədov: “Həmsədrlər yeni və ciddi    addımların atılması istiqamətində işlər görməlidirlər”

Novruz Məmmədov: “Həmsədrlər yeni və ciddi addımların atılması istiqamətində işlər görməlidirlər”

Artıq bu ilin sonuna yaxınlaşırıq. İl ərzində Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan addımlar və regionda gedən proseslərlə bağlı Prezident Adminstrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdan müsahibə aldıq.

- Novruz müəllim, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərin yekunu ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bu bəyanatın münaqişənin həlli istiqamətində atılan addımlara töhfə verəcəyinə ümid bəsləmək nə dərəcədə real görünür?

- ATƏT-in tərkibində yaranmış Minsk Qrupunun həmsədrləri də bugünkü vəziyyəti başa düşürlər ki , aparılan danışıqlar və atılan addımlar bizim istədiyimiz nəticəni vermir. Artıq 7 ildən çoxdur əvvəlcə Praqa prosesi, sonralar isə Madrid prinsipi əsasında danışıqlar getdi. Bu ilin iyun ayında münaqişənin həlli istiqamətində əsaslı addım atılacağına böyük ümid vardı. Lakin danışıqlar zamanı bir daha bütün beynəlxalq ictimaiyyət, həmsədrlərin özləri, hətta orada iştirak edən Rusiyanın prezidenti də gördü ki, Ermənistan tərəfi danışıqları uzatmaq üçün daima bəhanələr axtarır. Ermənistanın hakimiyyətdə qalmaq uğrunda irəli sürdüyü bütün bəhanələr isə beynəlxalq aləmdə qəbulolunmazdır. Bildiyiniz kimi, bu il ərzində Minsk Qrupuna daxil olan həmsədr dövlətlərin rəhbərlərinin bəyanatları oldu və biz də həmin bəyanatlara uyğun olaraq Madrid prinsiplərini qəbul etmişik və problemin həlli istiqamətində bütün iradəmizi ortaya qoymuşuq. Ona görə də bu gün Minsk qrupunun həmsədrləri də başa düşürlər ki, ciddi addım atmağın vaxtı çoxdan çatıb. Artıq 20 ilə yaxın müddətdir ki, həmsədrlər bölgəyə nəticəsiz səfərlər edirlər. Əgər hər ölkədən bir peşəkar siyasətçi bu prosesə qoşulub məhsuldar addım ata bilmirsə, onda bu qrupun fəaliyyətini davam etdirməsinə ehtiyac varmı?! Mən düşünürəm ki, bütün bunları nəzərə alaraq həmsədrlər yeni və ciddi addımların atılması istiqamətində işlər görməlidirlər.

- Nalbandyan Vilnüsdə Azərbaycan tərəfinin bölgədə monitorinq keçirilməsinə problem yaratdığını bəyan edib. Bununla yanaşı, status-kvonun saxlanılmasının vacibliyini bildirib. Sizcə, Nalbandyanın mövqeyi Ermənistanı kompromisə gətirmək üçün problem olmayacaq ki?

- Əslində, Ermənistan tərəfinin belə bir fikir irəli sürməsi adi haldır. Çünki onlar adətən danışıqlar prosesini uzatmaq üçün tez-tez bu cür addımlar atırlar. Bəli, ortada bir monitorinq söhbəti gedib və bu, tamamilə yalandır. Beynəlxalq ictimaiyyət də yaxşı bilir ki, Ermənistan tərəfi zaman-zaman problemin həlli prosesinin uzadılması və pozulması üçün bu cür yalan məlumatlar verir, qəbulolunmaz təkliflər irəli sürür. Ermənistan dəfələrlə münaqişənin həll olunmasını nəzərdə tutan bəyanatlar qəbul etsələr də, bu istiqamətdə heç bir addım atmırlar. Çünki bunu istəmirlər. Onlar addım atmağa da qorxurlar, çünki erməni xislətində xəyanət var, hiyləgərlik var. Ona görə də, onlar hər yerdə bütün imkanlarından istifadə edərək müxtəlif bəyanatlarla öz hakimiyyətlərinin ömrünü uzatmağa çalışırlar. Ermənistan tərəfi vaxtaşırı bu cür məlumatlarla çıxış etməklə özlərinə xeyir gətirdiklərini düşünsələr də yanılırlar. Çünki, ola bilər ki, erməni hakimiyyətinin bir neçə üzvü bu cür üsullardan istifadə edib yerlərini qorusunlar, ümumilikdə isə bu erməni xalqı üçün böyük faciədir. Ən gülünc və acınacaqlı tərəfi də budur ki, onlar özlərinin faciələrini anladıqları halda buna boyun əyirlər.

- Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bir sıra bəyanatlar eşitmişik. Sizcə, bu bəyanatların icra olunması üçün həmsədrlərin tərkibi, yoxsa münaqişəyə ümumi mövqe dəyişməlidir?

- İlk olaraq qeyd edim ki, bu çox aktual və maraqdoğuran, eyni zmanda düşündürücü sualdır. Mən şəxsən düşünürəm ki, beynəlxalq birlik, xüsusilə də Minsk Qrupunda təmsil olunan həmsədr dövlətlərin rəhbərləri Dağlıq Qarabağ məsələsinə münasibətlərini və mövqelərini dəyişməlidirlər. Bu münaqişədə baş verən bütün proseslər - Azərbaycan ərazilərinin işğalı göz qabağındadır. Bunu görə-görə Qərb deyir ki, siz gedin aranızda razılaşın biz sizi dəstəkləyərik. Bu isə ümümilikdə beynəlxalq münasibətlər sistemində gülünc görünür. Bu cür davam edə bilməz. Onlar konkret mövqe ortaya qoymalı və bu ərazilərdə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən çıxarmalıdırlar. Beynəlxalq hüquq varsa onu tətbiq etmək lazımdır. Belə olsa, həmsədrlər də nə etməli olduqlarını bilər və lazımi addımı atmalı olarlar.

Digər xəbərlər