Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin yap. org. az-a müsahibəsi
- Faiq müəllim, əvvəla Sizi və nazirliyin bütün kollektivini qarşıdan gələn 16 dekabr-Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə təbrik edir, işlərinizdə uğurlar arzulayırıq. Milli sərvətimiz olan Azərbaycan dövlət müstəqilliyinin 20-ci ildönümündə peşə bayramınızı necə qarşılayırsınız?
- Təbrikə görə çox sağ olun. Ümummilli liderimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası son 20 il ərzində əsrə bərabər inkişaf yolu keçərək güclü, qüdrətli dövlətə çevrilmişdir. Yerləşdiyi bölgədə və dünyada baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan müasir Azərbaycan müstəqillik yollarında inamlı, qətiyyətli addımlarını atır.
Ulu öndərin müdrik siyasətinin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərliyinin elə ilk dövrlərindən cəmiyyətin təhlükəsizliyinin qorunması və mülki müdafiənin təşkili işinə müasir standartlar prizmasından yanaşaraq fəlakətlərə qarşı hazırolmanı, effektiv mübarizəni, ərazilərin, təhlükə potensiallı müəssisələrin, təbii fəlakət və texnogen qəzaların mənbələrinin vəziyyətinin sistemli təhlilinin aparılmasını gündəliyə gətirdi. 2005-ci il dekabrın 16-da ölkə başçısının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam təbii və texnogen fəlakətlərin xəbərdar edilməsi, nəticələrinin aradan qaldırılması və bu işlərin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsasını qoydu. Bununla Azərbaycanın mülki fövqəladə planlaşdırma sisteminin tamamilə yenilənməsinə start verildi. Təbii ki, əvvəllər pərakəndə şəkildə fəaliyyət göstərən, baş vermiş hadisələrə xaotik reaksiya verən ayrı-ayrı qurumların vahid bir mərkəzdən idarə edilməsi, Nazirliyin fəaliyyətinin təşkili və strukturunun təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, eyni zamanda, bu sahəyə göstərdiyi xüsusi tələbkarlıq, diqqət və qayğı qısa vaxtda əsaslı irəliləyişlərə təkan verdi.
Nazirliyin hüquqi bazasının təkmilləşdirilməsi üçün onlarca normativ hüquqi sənədlər hazırlandı, qüvvədə olan qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edildi, nazirliyin strukturuna daxil olan dövlət agentlikləri və xidmətlərin əsasnamələri, nazirliyin və onun müvafiq qurumlarının rəmzləri, eləcə də hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların geyim forması və fərqləndirmə nişanları öz təsdiqini tapdı.
Fövqəladə Hallar Nazirliyi ilk günlərdən etibarən tabeliyinə verilən və yeni yaradılan qurumlarında işin daha səmərəli, operativ və çevik olması üçün islahatlara, quruculuq işlərinə başladı.
Bu gün Fövqəladə Hallar Nazirliyinin təkcə Bakı şəhərində deyil, regionlarda yerləşən qurumlarının da maddi-texniki bazası, texniki parkı dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilmiş, bu istiqamətdə işlər ardıcıl surətdə davam etdirilmişdir. Ötən dövr ərzində çoxlu sayda yanğınsöndürən avtomobilləri, hündürlük nərdivanları, yanğınsöndürənlər üçün xüsusi geyim və mühafizə avadanlıqları, xüsusi təyinatlı avtomobillər, qəza-xilasetmə avtomobilləri, xilasetmə əməliyyatlarının aparılmasında istifadə olunan müxtəlif adda xüsusi texnikalar, motosikletlər, bomba zərərsizləşdirici sistemləri, yüksək sürətli və çoxfunksiyalı katerlər, sularda xilasetmə işlərini həyata keçirmək üçün müxtəlif ölçülü katerlər, skuterlər, xilasedici qayıqlar, axtarış gəmiləri, eyni zamanda, Kür çayının deltasının dərinləşdirilməsində kompleks tədbirləri həyata keçirmək üçün torpaqsovuran və yedək təchizat gəmiləri, kiçik həcmli qayıqlar, helikopterlər, "BE-200" amfibiya tipli təyyarə, xüsusi naviqasiya avadanlıqları, tikintilərin mövcud texniki təhlükəsizlik normaları və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyalar, səyyar hospitallar, poliklinika üçün müxtəlif adda tibbi avadanlıqlar və təcili yardım avtomobilləri, mobil tibbi diaqnostika nəqliyyat vasitəsi, digər zəruri texniki vasitə və avadanlıqlar alınaraq istismara qəbul edilmişdir Xilasedicilərimiz xüsusi geyim və avadanlıqlarla, habelə nazirliyin hərbi və xüsusi rütbəsi olan bütün əməkdaşları mütəmadi olaraq, xüsusi geyim forması ilə təchiz olunurlar.
Nazirlikdə informasiya texnologiyalarının tətbiqi geniş vüsət almış, ötən dövr ərzində informasiya texnologiyaları infrastrukturu yaradılmış, respublika üzrə nazirliyin struktur bölmələrini özündə birləşdirən qlobal kompüter şəbəkəsi qurulmuş, struktur bölmələrinin fəaliyyət sahələrinə uyğun avtomatlaşdırılmış informasiya sistemləri hazırlanmışdır. Bu sahədə görülən işlər nəticəsində ölkə ərazisində baş vermiş təbii və texnogen hadisələrin mövcud statistikasını əks etdirən vahid məlumat bazası formalaşdırılmış, yanğın, partlayış və qəza hadisələrinə dair onlayn rejimdə ətraflı məlumatların əldə edilməsi təmin edilmişdir.
Bu gün ölkənin iri şəhərlərində şəhər ATS abonentləri, həmçinin, respublika ərazisindəki bütün mobil operator abonentləri 24 saat ərzində "112" qaynar xəttinə müraciət edə bilərlər. Nazirliyin bütün qurumları ilə naqilli və radio-rabitə əlaqəsi yaradılmış, əməliyyat və xilasetmə qurumları ilə peyk rabitəsi əlaqəsi qurulmuşdur. Müasir texnologiyanın tələblərini, elm və texnikanın ən yeni nailiyyətlərini və onların inkişaf perspektivlərini nəzərə almaqla kadrların ixtisaslarının artırılması işi davam etdirilmişdir.
- Əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və təhlükəsizliyin təmin olunması istiqamətində FHN əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirməkdədirlər. Ötən dövr ərzində Nazirlik fəaliyyətində fövqəladə halların qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında hansı nailiyyətlər qazanmışdır?
- Qeyd etmək istərdim ki, əhalinin mülki mühafizəsinin etibarlı təminatında fövqəladə halların proqnozlaşdırılmasının, vaxtında xəbərdar edilməsinin, qabaqlayıcı tədbirlərin görülməsinin və digər kompleks tədbirlərin həyata keçirilməsinin böyük rolu vardır.
Təcrübə göstərir ki, baş verən irimiqyaslı təbii və ya texnogen fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında müvafiq dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi öz səmərəsini verir. Bunu rəhbər tutaraq, Fövqəladə Hallar Nazirliyi Müdafiə, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, habelə digər dövlət qurumları ilə birgə təlimlər həyata keçirmişdir.
Mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın təhlükəsizliyinin və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması məqsədilə ardıcıl olaraq həyata keçirilən xüsusi taktiki təlimlər fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı nazirliyin struktur qurumları, eyni zamanda, müvafiq dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, komandir-rəis heyətinin idarəetmə qabiliyyətinin yüksəldilməsi, axtarış, qəza-xilasetmə işlərində iştirak edən şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynamışdır. Bundan başqa, Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, 185 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının və Bakı-Sumqayıt şosesində yerləşən "Neapol" istirahət mərkəzinin həyətindəki ikimərtəbəli binanın uçması nəticəsində əmələ gəlmiş dağıntıların altından insanların xilas edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsi, həmçinin, həlak olanların cəsədlərinin çıxarılması, "Azərneftyağ" Neft Emalı Zavodunda yanğının söndürülməsi və onlarla digər belə əməliyyatlar da Fövqəladə Hallar Nazirliyinin xilasetmə qurumları tərəfindən uğurla yerinə yetirilmişdir.
Belə çətin sınaqlardan biri 2010-cu ilin yazında olmuşdur. Kür və Araz çaylarının səbəb olduğu daşqınlar böyük itkilərə səbəb ola bilərdi. Cənab Prezident İlham Əliyevin göstərişi əsasında Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti dövlət orqanlarının qüvvə və vasitələrinin səfərbər olunması hesabına təbii fəlakətin miqyasının genişlənməsinin qarşısı alındı. Müqayisə üçün deyim ki, bəzi qabaqcıl Avropa ölkələrində, təxminən, eyni vaxta təsadüf edən daşqınlar zamanı insan tələfatının olmasına baxmayaraq, Azərbaycanda bu fəlakət tamamilə itkisiz ötüşdü.
O günlərdə Nazirliyin fəlakət zonasında olan 4000 nəfərlik şəxsi heyəti, 160 ədəd xüsusi texnikası, həmçinin, 4 helikopteri, xeyli sayda xilasetmə qayığı fasiləsiz olaraq xilasetmə, bəndbərkitmə əməliyyatlarını həyata keçirmişlər.
Cənab Prezidentin müvafiq tapşırıq və sərəncamlarına əsasən, 2010-cu ilin sentyabr ayından başlayaraq, ziyan çəkmiş və bərpası mümkün olmayan fərdi yaşayış evlərinin əvəzinə, həmin evlərin sakinlərinə Saatlı, Salyan, İmişli və Zərdab rayonlarında zəruri və sosial infrastruktur obyektləri - məktəb, uşaq baxçası, tibb və poçt məntəqələri, elektrik, su və təbii qaz təchizatı, avtomobil yolları və s. olan müasir standartlara uyğun yeni 4 qəsəbə salınmış, habelə zərərçəkmiş digər rayonların ərazisini də əhatə etməklə minlərlə fərdi yaşayış evi tikilib istifadəyə verilmiş, bu iş bu gün də davam etdirilir.
Gələcəkdə bu kimi halların qarşısını almaq məqsədilə ölkədə suların səmərəli idarə edilməsi sisteminin yaradılması üçün Fövqəladə Hallar Nazirliyində aidiyyəti dövlət orqanlarının və Niderlandın bu sahədə ixtisaslaşmış şirkətlərinin mütəxəssislərindən ibarət yaradılmış işçi qrupu tərəfindən kompleks tədbirlər planı layihəsi işlənib hazırlanmaqdadır. Həmçinin, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin yaradılması problemlərin kompleks həllində irəliyə doğru atılan növbəti ciddi addımlardan oldu.
- Faiq müəllim, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətində beynəlxalq təcrübəyə və əlaqələrə xüsusi əhəmiyyət verir. Bu baxımdan, fövqəladə halların idarə olunması üzrə böyük təcrübəyə malik dövlətlərlə əməkdaşlıq münasibətləri hansı səviyyədədir?
- Azərbaycan Fövqəladə Hallar Nazirliyi yarandığı ilk gündən beynəlxalq əməkdaşlıq və tərəfdaşlığı öz fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirmişdir. Nazirliyin yaranmasından ötən müddət ərzində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, kadr hazırlığı sahəsində birgə tədbirlərin həyata keçirilməsi, fövqəladə halların səmərəli idarə edilməsi, habelə fəlakətlər zamanı qarşılıqlı yardımın təmin edilməsi məqsədilə artıq bir çox xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq haqqında müxtəlif beynəlxalq sənədlər imzalanmış, müxtəlif səviyyəli qarşılıqlı səfərlər həyata keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyi BMT, NATO, ATƏT, MDB, GUAM, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq Cəmiyyəti, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq və regional təşkilatlarla işgüzar əməkdaşlıq əlaqələri qurmuşdur.
Əməkdaşlıq çərçivəsində, xarici ölkələrin müvafiq dövlət qurumları, beynəlxalq və regional təşkilatlar tərəfindən keçirilən müxtəlif beynəlxalq konfrans, treninq, seminar, yarış və təlimlərdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə yanaşı, Nazirliyin təşkilatçılığı və ev sahibliyi ilə Bakı şəhərində bir sıra müxtəlif tədbirlər keçirilmişdir. Bu kimi tədbirlər fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində nazirliyin əməkdaşlarının bilik və bacarıqlarının, peşə hazırlıqlarının daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
- Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünyanın bir sıra ölkələrində baş verən təbii fəlakətlərin qarşısının alınmasında, eləcə də xilasetmə əməliyyatlarında iştirak edərək əsl fədakarlıq nümunələri göstərmişlər. Bütün bunlar həmin ölkələrin cəmiyyəti tərəfindən necə qiymətləndirilir?
- Beynəlxalq xilasetmə işlərində dərhal və çevik fəaliyyət göstərmək üçün Nazirliyin beynəlxalq axtarış-xilasetmə dəstəsi yaradılmışdır. Hazırda həmin dəstənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində NATO və digər müvafiq qurumlarla məsləhətləşmələrimiz davam etdirilir. Eyni zamanda, bu gün aviasiya, müvafiq avadanlıq, yanğınsöndürmə texnikası, mobil hospital və digər zəruri texniki vasitələrlə təchiz olunmuş Nazirliyin xilasediciləri hər an xarici ölkələrdə xilasetmə işlərində yaxından iştirak etmək üçün hazır vəziyyətdədir.
Fövqəladə Hallar Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən bir sıra beynəlxalq xilasetmə əməliyyatlarında, humanitar yüklərin ünvanına çatdırılmasında yaxından iştirak etmiş, İranda baş verən zəlzələdən, Pakistanda daşqın sularından əziyyət çəkən insanlara və digər ölkələrə humanitar yardımlar göndərmiş, xilasedicilərimiz xarici ölkələrdə iki irimiqyaslı təbii fəlakətin qarşısının alınmasında peşəkarlıq nümunəsi göstərmişlər. Nazirliyin Aviasiya dəstəsinə məxsus iki helikopter 19 nəfərlik heyətlə ötən ilin avqust ayında Rusiya Federasiyasının ərazisində tüğyan edən irimiqyaslı meşə yanğınlarının söndürülməsinə cəlb olunmuşdur.
Həmçinin, ölkə başçısının tapşırığına əsasən, ötən ilin dekabr ayında Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus iki helikopter 16 nəfərdən ibarət heyətlə İsrailin Hayfa şəhəri ətrafında baş vermiş yanğınların söndürülməsində fəal iştirak etmişdir.
Baş vermiş yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə xilasedicilərimiz Rusiya və İsrail dövlətlərinin orden və medalları ilə təltif olunmuşlar.
Məlum olduğu kimi, bu il oktyabrın 23-də Türkiyənin Van vilayətində güclü zəlzələ baş vermişdir. Bölgədə axtarış-xilasetmə işlərinə başlanılan andan bu faciəyə kədərlənən, ilk yardımını təklif edən və zəlzələ bölgəsinə ilk xarici yardım çatdıran ölkə məhz Azərbaycan olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii fəlakət zonasına 213 nəfər xilasedici, 1400 ədəd çadır, 2300 ədəd yataq ləvazimatı, 4500 ədəd ədyal, 700 ədəd yataq kisəsi, 40 ədəd mətbəx dəsti və 40 ədəd elektrogenerator göndərilmişdir. Fəlakət zonasına yetişən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasediciləri apardıqları axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 12 nəfərin sağ çıxarılmasına nail olmuş, eyni zamanda, 60 cəsəd çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.