- Başa çatmaqda olan 2011-ci il Azərbaycanın siyasəti baxımından hansı hadisələrlə yadda qaldı?
- Həqiqətən də 2011-ci il Azərbaycanın siyasi, iqtisadi, sosial həyatında əlamətdar bir ildir. Öncə iki beynəlxalq miqyaslı hadisəni qeyd etmək lazımdır. Azərbaycan incəsənət xadimləri olan iki gəncin Eldar Qasımov və Nigar Camalın "Eurovision 2011" mahnı müsabiqəsində qalib gəlmələri və bunun nəticəsi olaraq "Eurovision 2012" mahnı müsabiqəsinin Azərbaycanın paytaxtı Bakıda keçirilməsidir. Siyasi baxımdan digər çox mühüm bir hadisə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daim üzv seçilməsidir. 2011-ci il o cümlədən önəmlidir ki, müstəqilliyimizin 20 illiyini qeyd edirik. Bu keçmişimizi təhlil etmək üçün və gələcək perspektivlərimizi müəyyənləşdirmək üçün çox önəmli bir zaman kəsiyidir. Bu baxımdan iki qələbənin müstəqilliyimizin 20-ci ildönümündə əldə edilməsi həm əlamətdar, həm də yadda qalan hadisədir. Təbbi ki, il bitir, yekunlaşır. Keçmişi təhlil etməklə yanaşı eyni zamanda gələcəyi düşünməliyik. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasəti də ondan ibarətdir ki, Azərbaycanın gələcək perspektivlərini 30, 40 il sonra Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatında nələrin baş verdiyini artıq bu gündən etibarən müəyyən bir baxışını ortaya qoysun. Bu baxımdan məhz 2011-ci ildə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının qəbul edilməsi və bunun üzərində bilavasitə beynəlxalq təşkilatların, xüsusən də Birləşmiş Millətlər Təşkilatının birgə fəaliyyətə başlaması çox önəmli bir hadisədir. Azərbaycan bu gün inkişafda olan ölkədir və inkişaf etmiş ölkələrin sırasına daxil olmaq bizim xarici siyasətimizin prioritetidir. Bizim iqtisadi uğurlarımızı nəzərə alsaq, sadəcə onu demək kifayət edər ki, 90-cı illərin əvvəlindən bu günə qədər Azərbaycanın büdcəsi min dəfə artıb və bunun nəticəsi olaraq iqtisadi güc olduğu yerdə həm siyasi sabitlik, həm demokratik inkişaf həm də dövlətin digər sahələrinin inkişafı göz önündə olur. Azərbaycan müxtəlif sahələr üzrə 2011-ci ildə yadda qalan hadisələri geridə buraxdı. "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə işə başlayan Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi Azərbaycanı bir tərəfdən dinlərin digər tərəfdən sivilizasiya dialoqunun intellektual disskusiyası məkanına çevirir. Eyni zamanda 2011-ci ildə Azərbaycan xalq diplomatiyası istiqamətinə çox uğurlu addımlar atdı. Bir çox xarici jurnalist qruplarının, alimlərin Azərbaycana gəlməsi gənclər üçün yeni bir inkişaf meyillərinin istiqamətələrini müəyyənləşdirən bir amildir. Gənclər haqqında danışarkən isə 2011-ci il həqiqətən də Azərbaycanda gənclər siyasətinin inkişafı üçün çox önəmli bir il oldu. Çünki aprel ayında Azərbaycan gənclərinin bir qrupu ilə görüşən prezident İlham Əliyev çox önəmli qərarlar və mövzular haqqında danışdı. Bu həm peşə hazırlığı mövzusu, həm də Azərbaycanda gənclər mərkəzinin bölgələrdə yaradılması və onların inkişaf etdirilməsi idi. Etiraf etməliyik ki, söhbət çox səmimi idi. Həm problemlərdən danışırdıq, həm uğurları qeyd edirdik, həm də cənab prezident çox səmimi olaraq bu gün Azərbaycan gənclərinin inkişafı üçün hansı istiqamətdə fəaliyyətin göstərilməsi ətrafında çox açıq və qeyd etdiyim kimi, səmimi bir fikir mübadiləsi apardı. Bunun nəticəsi olaraq "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı qəbul edildi. Bu dövlət proqramına əsasən çox böyük sahələrdə Azərbaycan gənclər siyasəti təkminləşəcək, onu yeni bir mərhələyə keçirilməsi istiqamətində bir çox işlər görüləcək. İlin sonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev həmin dövlət proqramına uyğun olaraq Azərbaycan Gənclər Fondunu yaratdı. Azərbaycan Gənclər Fondunun yaradılması da Azərbaycan gənclər siyasətinin və inkişafı üçün çox önəmli bir addımdır. Çünki 2012-ci ildən etibarən artıq Azərbaycan gəncliyi müxtəlif layihələrin həyata keçirilməsində, gənclər təşkilatlarının maddi resurslarının təkminləşdirilməsi istiqamətində, müxtəlif sahələrdə gənclər siyasətinə yardım olub və onlara dəstək ola biləcək. Artıq layihələrin həyata keçirilməsi üçün bir zəmin yaradılıb. İndi Gənclər Fondunun maliyyə resurslarının artırılması üçün müxtəlif qanunlara müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur və güman edirik ki, Azərbaycan Gənclər Fondu ən qabaqcıl dövlətlərin təcrübəsinə əsaslanaraq Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi üçün öncül qurumlardan birinə çevriləcəkdir.
- 2012-ci ildə Azərbaycanın daxili siyasətinin əsas prioritetləri nədən ibarət olacaq?
- Təbii ki, daxili siyasət daim dinamika içərisində yaşayan bir sahədir və daxili siyasət haqqında danışdığımız zaman biz 2011-ci ildə bütün sahələrdə əldə etdiyimiz uğurlardan danışıb həmin uğurların 2012-ci ildə davam etdirilməsini göz önündə saxlamalıyıq. İlk öncə olaraq əsas məqsəd Azərbaycanda yeni kreativ gənclər təbəqəsinin formalaşdırılması və həmin gənclərin Azərbaycan dövlətçiliyinə xidmət etməsidir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bu gün uğurla davam edir. Artıq 10 minə yaxın Azərbaycan gənci xarici ölkələrdə təhsil alır. Proqrama əsasən bu gün mindən artıq gənc xarici ölkələdə təhsil alır və bu say daim olaraq artır. Bu gənclər Azərbaycana qayıdırlar. Əlbətdə əsas məqsədmiz həmin gənclərin işlə təmin olunmasıdır. Azərbaycan dövlətçiliyində onların intellektual potensialından istifadə etməmiz bizim üçün ən öndə və prioritet olan bir məsələlərdən biridir. Bu baxımdan 2012-ci il üçün əsas istiqamətimiz təbii ki, gənclərin inkişafı, onların intellektual potensialının artırılmasıdır. Bu həm təhsil sahəsində, həm də gənclər siyasəti sahəsində öz əksini göstərəcək.
- 2015-ci ildə Azərbaycanın Avropanın gənclər paytaxtı elan edilməsi təklifinin mövcud olması ilə bağlı açıqlama vermişdiniz. Bununla bağlı hazırda vəziyyət nə yerdədir?
- 2015-ci ildə Azərbaycanın Avropanın gənclər paytaxtı elan edilməsi istiqamətində iş gedir. Bu təklif "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının tərkib hissəsinə daxil olub və həmin dövlət proqramına əsasən eyni zamanda Azərbaycanın müxtəlif bölgələrində gənclər şəhəri, gənclər bölgələri elan olunacaq. Bununla bağlı biz öz işimizi dayandırmırıq. Azərbaycanın gənclər paytaxtı elan olunması və ümumiyyətlə ölkəmizdə aparılan gənclər siyasəti bir Avropa məkanında nümunəvi gənclər siyasəti olması üçün təbii ki, işlərimizi davam etdiririk.
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından bu ilə ümidlər daha çox idi. Amma bu il də hər hansı nəticə əldə olunmadı. Siz vəziyyəti necə dəyərləndirirsiniz?
- Müsahibənin əvvəlində qeyd etdiyim kimi, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daim üzv seçilməsi çox əlamatdar bir hadisədir. Birləşmiş Millətlər Təşkilatı hərbi gücdən istifadə etmək inhisarına malik olan siyasi və legitim qurumdur. Qurumun qəbul etdiyi qərarlar təbii ki, dərhal icra edilməlidir. Çox təəssüflər olsun ki, illərdir Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycanla bağlı qəbul olunan qətnamələr, qərarlar icra olunmamış qalır. Bu təəssüfləndirici amildir. Amma bununla yanaşı bu gün erməni tərəfinin tutduğu qeyri-konstruktiv mövqe göz önündədir. Bu gün Ermənistan bölgədə sülhün bərqarar olmasında maraqlıdırmı. Bunu etiraf etmək lazımdır ki, deyil. Çünki, Ermənistan bunda maraqlı olsaydı, həqiqətən də bölgədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə daha konstruktiv mövqe tutardı. Bu gün Ermənistanın iqtisadi, siyasi potensialı onu göstərir ki, işğalçı dövlət günbəgün zəifləyən və siyasi çəkisini bölgədə tam itirən qüvvədir. Amma bununla yanaşı erməni lobbisi, diasporu adlı struktur mövcuddur. Və həmin diasporal fəaliyyət Ermənistanda yaşayan insanların baxışları ilə o insanların güzaranlarının tam olaraq əks bir yanaşma təşkil edir. Bu gün Ermənistanın tutduğu mövqe sadəcə qeyri-konstruktivlikdən ibarət deyil. Bu gün Ermənistanın tutduğu mövqe status-kvonu saxlamaqla bölgədə sülhün və əminamanlığın yaranmasına manelər törətməkdir. Təəssüflər olsun ki, biz gözləyirik ki, buna daha da ciddi mövqe ilə yanaşıb, daha təsirləndirici addımlar atsınlar. Keçmiş illər ərzində bunun şahidi ola bilmədik. Güman edirik ki, 2012-ci ildə istər Avropada yerləşən beynəlxalq təşkilatlar, istər universal qurum olan Birləşmiş Millətlər Təşkilatı daha sərt mövqe tutub Ermənistanın bölgədə sülhün və sabitliyin yaranmasına vadar edəcəkdir.
- Elnur müəllim, biz diaspor baxımından Ermənistana cavab verə bilirikmi?
- Bu çox maraqlı sualdır. Tarixi baxımdan baxdığımız zaman erməni lobbisi və Azərbaycan diasporu arasında çox böyük bir zaman kəsiyi var. Amma söhbət tək erməni disporundan getmir. Söhbət eyni zamanda ermənilərin müxtəlif mövqelərini ifadə edən və müxtəlif subyektiv, konyuktur eyni zamanda merkantil maraqlardan çıxış edən qruplardan gedir. Hansı maraqlardan çıxış edir həmin qruplar. Regional siyasətləri təhlil etsək, biz bunu çox açıq aşkar görərik. Bir dövlət səs qazanmaq üçün eyni zamanda bəzi senatorlar səslərini qorumaq üçün hansısa qərarlar qəbul edirlər. Burada artıq starteji maraqlar deyil merkantil və konyuktur maraqlar önə çıxır. Bu baxımdan təbii ki, Azərbaycan diasporunun və xaricdə yaşayan Azərbaycanlıların boynuna çox böyük missiya düşür. Çünki, biz bir tərəfdən 20 yaşı olan ölkəmizi tanıtmalıyıq, digər tərəfdən düşmənimizlə daimi olaraq mübarizəmizi aparmalıyıq. Söhbət yalnız informasiya müharibəsindən getmir. Söhbət yeni intellektual və düşüncəli azərbaycanlıların formalaşmasından gedir. Bizim istəyimiz beynəlxalq səviyyələrdə azərbaycanlıların təmsil olunması və azərbaycanlı olaraq öz fikir, öz düşüncələri ilə ölkəmizi təbliğ etmələridir. Belə olan halda təbii ki, qələbəmiz, uğrumuz artıq tam olaraq bizim əlimizdə olacaq.
- Fransa parlamentində qondarma "erməni soyqırımı"nın inkar edilməsinin cinayət sayılması barədə qərar qəbul edildi. Açıq şəkildə erməni yönümlü olduğunu nümayiş etdirən Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində necə ədalətli mövqedə dura bilər?
- Prosedur qaydalarına görə, qanun Fransa parlamentində qəbul edildikdən sonra Senatda təsdiq olunmalıdır və sonda prezident ona qol çəkməldir. Bu baxımdan bu müəyyən zaman alacaq. Son qərarın nədən ibarət olmasını təbii ki, zaman göstərəcək. Eyni zamanda Türkiyə bu istiqamətdə müəyyən işlər aparır. Azərbaycan tərəfi də təbii ki, öz mövqeyini ortaya qoyur. Çünki əldə edilən nailiyyətlər, uğurlar zamanı həm də problemlərin yaşandığı, acıların ağrılığı olan bir vaxt biz Türkiyənin hər zaman yanındayıq. Bu bir daha Vanda baş verən zəlzələdə, Türkiyənin müxtəlif beynəlxalq səviyyələrdə qələbələri zamanı özünü göstərdi.
Sualınıza qaytıdığımız zaman - Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkar edilməsinin cinayət sayılması barədə qərar qəbul etməsi xoşagəlməz hadisədir. Fransa həqiqətən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir və bu baxımdan istəyimiz bu məsələdə bütün tərəflərin daha rasional mövqedən çıxış etməsidir. Xüsusən də müxtəlif qrupların fikirləri üzərində qurulan siyasətin yürüdülməsi deyil, daha strateji düşünülən və uzun müddətli bir perspektivlərə ünvanlanan addımların atılmasıdır.
- Qarabağ məsələsinin Təhlükəsizlik Şurasının gündəliyinə salınması ehtimalı nə qədərdir?
- Dağlıq Qarabağ məsələsi daim olaraq Azərbaycan nümayəndə heyətinin və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daim üzv olduğu iki il ərzində diqqət mərkəzində olacaqdır. Söhbət Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün dünya birliyinə yenidən nəzərinə çatdıraraq bu münaqişənin ədalətli həllinə çalışmaqdır. Bu həm Təhlüsizlik Şurası divarlarında olacaq, həm də digər beynəlxql məkanlarada baş verəcək. Yəni proses daimidir və bu proses yalnız Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daim üzvlüyümüzlə bağlı deyil. Biz Təhlükəsizlik Şurasının məkanından istifadə edərək bu məsələni daha da intensivləşdirəcəyik.
- Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri gələn il qurumun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daha aktiv dəstək verəcəyini bəyan edib. Sizcə, bu dəstək münaqişənin həllinə necə təsir edə bilər?
- Avropa İttifaqının Azərbaycanla münasibəti çox intensiv inkişaf edir. Avropanın enerjiyə artan təlabatını və Azərbaycanda 2011-ci ildə əlamatdar olan "Ümid" və "Abşeron" qaz yataqlarının kəşf edilməsi və işlənməsini nəzərə alsaq, Avropa İttifaqı üçün Azərbaycan önəmli tərəfdaşa çevrilir. Siyasi baxımdan Azərbaycan Avropanın Şərqlə Qərb arasında bağlayan həm tranzit bir zona kimi həm də geoiqtisadi və geostrateji bir zona kimi çox önəmli bir məkandır. Bu baxımdan Avropa Birliyi Azərbaycanda maraqlıdır. Azərbaycanda maraqlı olduğu kimi Azərbaycanın acınacaqlı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz səylərini əsirgəməməlidir. Çox təəssüflər olsun ki, Avropa Birliyi bu günə qədər passiv, bəzi hallarda isə həddən ziyada passiv bir mövqe tutub. Mənə elə gəlir ki, bu məsələlərdə müəyyən bir fikir dəyişməsinə biz ümid edə bilərik. Avropa Birliyi anlamalıdır ki, Azərbaycan regionun lideridir. Həm iqtisadi, siyasi həm də demoqrafik cəhətdən Azərbaycan bölgənin aparıcı dövlətidir və Azərbaycansız bölgənin inkişafı, iqtisadi tərəqqisi qeyri-mümkündür. Bunlara nail olmaq üçünsə təbii ki, Avropa və Dünya Birliyi anlayır ki ilk öncə bölgədə sülh, sabitlik, əmin-amanlıq yaranmalıdır. Cənubi Qafqazda yaşayan hər bir vətəndaş anlamaldır ki, əgər regionda sülh sabitlik bərqarar olsa, vahid Cənubi Qafqaz iqtisadi, siyasi cəhətdən daha rentabelli olar və daha yeni perspektivlərə açılmağa tuşlanan bir məkana çevrilə bilər. Avropa Birliyi Azərbaycanda müxtəlif sülh təşşəbüsləri ilə çıxış edir. Bu qeyri-hökümət təşkilatları və müxtəlif qurumlar vasitəsi ilə baş verir. Amma bunların arxasında təbii ki, Ermənistana daha ciddi təzyiqlər durmalıdır. Çünki, Azərbaycandan nə isə gözləmək nəisə istəmək kifayət deyil. Bu gün Ermənistana təzyiqlər göstərilməlidir. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bu gün Azərbayanın 1 milyondan artıq məcburi köçkün və qaçqını öz dədə-baba yurdundan kənarda yaşamasına pis mənada şərait yaradan Ermənistandır. İyirmi faiz torpaqları işğal edən Ermənistandır. Başqa bir dövlət deyil. Azərbaycanın heç kəsin torpağında gözü yoxdur və istəmir. Bu gün Ermənistan başqa bir dövlətin ərazisinə daxil olub : Bir -Beynəlxalq prinsipləri pozub. İki - Bölgədə sülhün, əminamanlığın yaranmasına öz mövqeyi ilə şərait yaratmır. Biz istəyirik ki, Avropa Birliyi münaqişənin nizamlanmasında daha da fəal, daha aktiv rol oynasın. Amma nə ilə nəticələnəcək? Bunu təbii ki, zaman göstərəcək.