Azərbaycanın səmərəli beynəlxalq inteqrasiya siyasəti uğurlu nəticələr verməkdə davam edir. Beynəlxalq təşkilatlardakı mövqelərini sürətlə möhkəmləndirməkdə olan ölkəmiz bütün sülhsevər və tərəqqipərvər təşkilatlarla əlaqələr qurmağa maraq göstərir. İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) da Azərbaycanın təmsil olunduğu qurumlardandır. İƏT-in Mədəniyyət İnstitutunun direktoru Höccətullah Əyyubi AzərTAc-a müsahibəsində Azərbaycanın İƏT-dəki yeri və rolu barədə danışıb:
- Cənab Əyyubi, rəhbərlik etdiyiniz institutun perspektivləri barədə nə deyə bilərsiniz?
- Perspektivdən danışmaq üçün təbii ki, əvvəlcə görülən işlər barədə məlumat vermək düzgün olardı. Ömrümün əsas hissəsi mədəniyyətlə bağlıdır. Bu sahədə təhsil almışam və düşüncəmdəki elmi ideyaların tətbiqinə çalışıram. Başa düşürəm ki, çətinliklər çoxdur və bundan sonra da olacaqdır. Lakin geriyə yol yoxdur. İƏT-in coğrafiyasını "Günəş yurdu" adlandırıram. Çünki bu coğrafi ərazinin dahi şəxsiyyətləri öz möhtəşəm əsərləri ilə dünya mədəniyyətinin inkişafına Günəş şöləsi saçmışlar.
Ötən dövrdə Əfqanıstanda və Tacikistanda rəsm sərgiləri təşkil olunmuşdur. Bu sahədəki növbəti tədbirimiz Qırğız Respublikasında olacaqdır. Bundan başqa, İƏT-in üzvü olmayan Gürcüstanda və Ukrayna rəssamlarının Tehranda sərgilərini keçirmişik. Gürcüstanda "İqtisadi Əməkdaşlıq Təşkilatı həftəsi" təşkil olunmuşdur. Artıq İƏT-in üzvü olan səkkiz ölkəni təmsil edən görkəmli rəssamlar institutumuzun xüsusi mükafatı ilə təltif edilmişlər. Ən yaxın vaxtda Azərbaycan Respublikasının rəssamlarının əsərlərindən ibarət sərgi təşkil etmək niyyətindəyik.
Rəssamlar arasında növbəti mükafatı da məhz sizin ölkənin ən layiqli təmsilçisinə təqdim etmək arzusundayıq. Bu, həm də 2012-ci ildə İƏT dövlət başçılarının Azərbaycanda keçiriləcək Zirvə Toplantısına hazırlıq tədbirlərindən biridir. Zirvə Toplantısına qədər mükafat alan rəssamlar barədə nəfis kitab hazırlaya bilərik. Perspektivlər genişdir. İƏT-in üzvü ola ölkələr arasında idmanın müxtəlif növləri üzrə çempionatlar təşkil etmək fikrindəyik. Bundan başqa, təşkilatın üzvü olan dövlətlərin və digər ölkələri təmsil edən görkəmli musiqiçilərin müştərək konsertlərini keçirəcəyik. İstəyirik ki, hər bir ölkənin klassiklərinin əsərləri yenidən ifa olunsun və qaliblər mükafatlandırılsın. Simfonik əsərləri Avropa ölkələrinin səhnələrinə çıxaraq.
- Digər beynəlxalq təşkilatlarla əlaqələriniz necədir?
- İƏT-in Mədəniyyət İnstitutu artıq UNESCO-nun müşahidəçi üzvüdür. Düşünürəm ki, bu mötəbər təşkilatla əməkdaşlıq institutumuza olan ümid və inamı daha da artıracaqdır.
- Azərbaycanın təşkilatdakı yerini və rolunu necə görürsünüz?
- Mən Avropada təhsil alıb, uzun illər orada yaşamışam. Lakin doğma Azərbaycana yalnız ötən il gedə bilmişəm. Mən Azərbaycanda özümü bir baba evimdən gedib o biri babamın evindəki kimi rahat və sərbəst hiss etdim. Azərbaycan çox böyük sürətlə inkişaf edən ölkədir. Biz Azərbaycanda rəsmi səfərdə olanda Bakıda növbəti böyük festival - İranın mədəniyyət həftəsi keçirilirdi. Mən də özümlə muğam qrupu aparmışdım. İnsanlar yüksək mədəniyyətlə və son dərəcə diqqətlə ifaları dinləyir və səhnəni tükənməz maraqla seyr edirdilər. Bakı musiqi mədəniyyətinin inkişafında sanki Şərqin Vyanasıdır.
Avropada məni festival adamı kimi tanıyırlar. Orada mədəniyyət ona görə irəli gedir ki, bütün şəhərlərdə illik festivallar təşkil olunur. Mən çox arzu edirəm ki, İƏT-in illik musiqi festivalları Azərbaycanda - Bakıda keçirilsin. Necə ki, illik rəsm festivalları İranda, teatr festivalları Türkiyədə təşkil olunur. Azərbaycanın beynəlxalq musiqi festivallarının təşkilində böyük təcrübəsi və hərtərəfli potensialı vardır. İƏT-in üzvü olan on ölkə Şərq mədəniyyətinin tarixində vahid ailədir. Onlardan heç birini digərindən ayırmaq olmaz. Nizami, Mövlanə, Sədi və başqa korifeylər dünya üçün yazıb yaradıblar. Onların heç birinin yaradıcılığında sərhəd olmamışdır. Bu şəxsiyyətlər dünyaya uzaqgörənliklə, açıq gözlə baxmışlar.
Avropa İttifaqı yarananda mən tələbə idim. O vaxt mətbuat nümayəndələri belə bir ittifaqın yaradılmasında ictimai rəyi öyrənirdilər. Bir nəfər görkəmli şəxsiyyət demişdir ki, belə təşkilatları çox yaratmaq olar, lakin əsas odur ki, insanların qəlbinə yol açan birliklər yaradılsın. Bax, bizim də məqsədimiz odur ki, heç bir siyasi məqsəd güdmədən təşkilatın üzvü olan ölkələrin xalqlarının qəlbinə yol aça bilən mədəniyyət birliyinin formulunu yaradaq.
Bunun üçün əsas məsələlərdən biri İƏT-in üzvü olan ölkələrin mədəniyyət sahəsi üzrə rəsmilərini qeyd etdiyimiz ideyalara inandırmaqdır. Məsələn, bir nəfər görkəmli azərbaycanlı, yaxud iranlı və yaxud qırğız musiqiçi solo konsertində təşkilatın üzvü olan ölkələrin xalqlarının mahnılarını ifa edir və yaxud müştərək simfonik orkestr həmin rəngarəng musiqilərlə tamaşaçıların qarşısına çıxır.