- Şirzad müəllim, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun hazırkı fəaliyyətni necə xarakterizə edərdiniz?
- Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra yeni iqtisadi münasibətlərə keçidin əsası qoyuldu, ölkədə sahibkarlığın formalaşması və inkişaf etdirilməsi zərurətə çevrildi. Ümummilli Liderimiz Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə" və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları"nın təsdiq edilməsi özəl bölmənin inkişafı və sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin təmin edilməsi sahəsində atılmış mühüm addım oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, davamlı və dinamik inkişaf konsepsiyasına əsaslanan sosial-iqtisadi siyasət nəticəsində sərbəst bazar münasibətlərinə əsaslanan, sosial yönümlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunmuş milli iqtisadiyyatımızın uğurları daha da möhkəmləndirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşdırılmışdır. Dövlət başçısının diqqət və qayğısı sayəsində sahibkarlıq mühitinin inkişafı üçün yaradılan əlverişli şəraitə uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydalarının təkmilləşdirilməsi istiqamətində işlər növbəti illərdə də müvəffəqiyyətlə davam etdirilmişdir.
Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı üzrə tədbirləri iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Artıq ölkəmizdə sahibkarlara təkmil dövlət maliyyə dəstəyi sistemi formalaşdırılmış, sahibkarlara zəruri texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən strukturlar yaradılmışdır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu hazırda güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılmasında 38 müvəkkil kredit təşkilatı, o cümlədən 30 bank, 1 bank olmayan kredit təşkilatı və 7 kredit ittifaqı ilə əməkdaşlıq edir. Fondun fəaliyyəti dövründə 12500-dən çox sahibkarlıq subyektinə 720 milyon manatadək güzəştli kredit verilmişdir. Aqrar sahənin inkişafına yönəldilmiş güzəştli kreditlərin 80%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 20%-i aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinin (taxıl anbarları və soyuducu anbar komplekslərinin) yaradılmasına verilmişdir. Bu kreditlər hesabına maliyyəşdrilən layihələrin reallaşdırılması 95000-dən çox yeni iş yerinin açılmasına şərait yaratmışdır.
- Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətində şəffaflıq necə təmin olunur? Yəni, Fondun maliyyələşdirdiyi layihələr və sahibkarlığın inkişafı ilə bağlı gördüyü digər işlər barədə cəmiyyət necə məlumat əldə edir?
- İlk növbədə qeyd etmək istərdim ki, Fondun fəaliyyətində şəffaflığın təmin edilməsi, sahibkarlığın inkişafına verilən güzəştli kreditlər, ən son texnologiyaların tətbiqinə əsaslanan layihələr haqqında daha geniş məlumat əldə edilməsi məqsədi ilə hər il Sahibkarlığa Kömək Milli Fondunun Azərbaycan və ingilis dillərində illik hesabatları dərc olunur, beynəlxalq audit şirkəti tərəfindən maliyyə hesabatlarının auditi keçirilir, daim yeniləşdirilən veb-saytı (www.anfes.gov.az) fəaliyyət göstərir, eyni zamanda, Fondun keçirdiyi bütün tədbirlərdə kütləvi informasiya vasitələrinin iştirakı təmin edilir. Sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən mütəmadi olaraq regionlarda və Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyinə dair tədbirlər keçirilir. Həmin tədbirlərdə sahibkarlara güzəştli kreditlər verilir, maarifləndirici treninqlər təşkil olunur, nümunəvi investisiya layihələrinin təqdimatı keçirilir, həmçinin yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılır, tədbir keçirilmiş şəhər və rayonlar üzrə investisiya təkliflərinin qəbulu üçün elanlar verilir.
- Siz regionlarda və Bakı şəhərinin qəsəbələrində təşkil olunan tədbirlər və həmin tədbirlər çərçivəsində sahibkarlığın maarifləndirilməsi məsələlərini qeyd etdiniz. Ümumiyyətlə, bu tədbirlərin əsas mahiyyəti nədən ibarətdir?
- Sahibkarlığa Kömək Milli Fondu tərəfindən "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" və Bakı şəhərinin qəsəbələrində isə "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzularında silsilə tədbirlər keçirilir. Bu tədbirlərin əsas mahiyyəti regionlarda və Bakı şəhərinin qəsəbələrində mövcud iqtisadi potensialın reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələrin aparılması, onların təkliflərinin öyrənilməsi, güzəştli kreditlərin verilməsi mexanizminin izah olunması, o cümlədən investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninqin keçirilməsi və sahibkarlara güzəştli kreditlərin təqdim olunmasıdır. Bir məsələni də qeyd edim ki, bu tədbirlər çərçivəsində sahibkarlar ilə görüşlərin keçirilməsi, müzakirələrin aparılması ilə yanaşı, həmin qəsəbələrdə potensial biznes imkanları, reallaşdırılması məqsədəuyğun olan layihələr də müəyyən edilir. Başqa sözlə, dövlətin güzəştli kreditləri hesabına dəstəyə ehtiyacı olan real sahibkarlıq subyektləri, iş adamları üzə çıxarılır və Fond tərəfindən həmin layihələrin maliyyələşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Məlumat üçün bildirim ki 2011-ci ildə 34 belə tədbir keçirilmiş, tədbirlərin 24-ü regionlarda, 10-u isə Bakı qəsəbələrində olmuşdur. Həmin tədbirlərdə 7000-ə yaxın sahibkar iştirak etmişdir. Bu tədbirlərdən 5-i biləvasitə məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə (Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Ağcakənd (Xocalı məcburi köçkünləri), Ağdam rayonunun Quzanlı və Ağcabədi rayonunun Taxtakörpü (Laçın rayonundan olan məcburi köçkünlər üçün) qəsəbələrində və Biləsuvar rayonunun 4 saylı qəsəbəsi (Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün) keçirilmişdir.
2011-ci ildən "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri kənd yerlərində keçirilməsinə başlanılmışdır. Belə ki, Fond 2011-ci ildə Saatlı rayonunun Qıraqlı, Cəlilabad rayonunun Qarazəncir, Quba rayonun Ağbil, Ağdam rayonun Quzanlı, Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşdığı 4 saylı qəsəbədə və Qazax rayonun I Şıxlı kəndlərində keçirmişdir. Tədbirlərin kəndlərdə keçirilməsində məqsəd fermerlərin güzəştli kreditlərə olan ehtiyacına daha operativmünasibət göstərmək, fermerlərlə müvəkkil kredit təşkilatlarının işgüzar münasibətlərinindaha da genişləndirməsinə nail olmaq, hər bir kəndin mövcud potensialını yaxından öyrənmək, həmin yerin potensial və tələbatına uyğun olaraq sahələri müəyyənləşdirməkdir. Sahibkarların istəyinə əsasən, bu cür layihələrin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Yəni sahibkarın layihəni həyata keçirmək üçün ilkin kapitalı olmasa belə, əgər layihə iqtisadi cəhətdən əsaslandırılıbsa tam şəkildə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.
- Fondun vəsaitlərinin daha çox yönəldiyi sahələrdən biri də müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin reallaşdırılmasıdır.
- Tamamilə doğrudur. Qeyri-neft sektoru sahələrinin inkişafının sürətləndirilməsi və yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsinə xüsusilə diqqət göstərilir. Bu da əsasən, qabaqcıl texnologiyaların tətbiqi ilə rəqabət qabiliyyətli, idxalı əvəz edən və ixrac yönümlü məhsulların istehsalı və emalı, kənd təsərrüfatında infrastruktur obyektlərinin yaradılmasıdır. Fond tərəfindən son 3 ildə müasir texnologiyalara əsaslanan 185 layihəyə 313.3 mln. manat güzəştli kredit vəsaiti verilmişdir. Müəssisələrdən 88-i (48 %-i) istifadəyə verilmiş, digər 97-si üzrə tikinti-quraşdırma işləri aparılır. Bunlardan 34 müasir soyuducu və 19 taxıl anbarı kompleksləri, 11 çörək zavodu, 6 südlük istiqamətli müasir heyvandarlıq kompleksi, 4 ət emalı fabriki, 28 quşçuluq təsərrüfatı, 18 istixana kompleksi, 7 süd emalı və s. müəssisəsləridir.
Yeni texnologiyalara əsaslanan investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi sahəsində işlər ötən ildə də davam etdirilmiş və 85 investisiya layihəsinin maliyyələşdirilməsinə 116.5 milyon manat, 11 kənd təsərrüfatı müəssisəsinin maliyyələşdirilməsinə 1.9 milyon manat, digər sahələrin inkişafı ilə bağlı 3 layihənin maliyyələşdirilməsinə 0.3 milyon manat və kiçik sahibkarlığın dəstəklənməsi məqsədilə 1550 sahibkarlıq subyektinin investisya layihələrinin maliyyələşdirilməsinə 19.3 milyon manat güzəştli kreditlər verilmişdir.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bakı qəsəbələrinin inkişafının sürətləndirilməsi, qəsəbələrdə yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə xüsusi diqqət yetirilmiş, 210 sahibkara 35 mln. manat, bunlardan müasir texnologiyaların tətbiqinə əsaslanan 27 layihənin maliyyələşdirilməsinə 32.4 mln. manat, digər sahələrin inkişafı ilə bağlı 2 layihənin maliyyələşdirilməsinə 0.3 mln. manat, həmçinin 181 kiçik həcmli layihənin maliyyələşdirilməsinə 2.3 mln. manat güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 1500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulub.
2011-ci ildə Fond tərəfindən maliyyələşdirilımiş 33 istehsal, emal və infrastruktur müəssisəsi (7 soyuducu və 4 taxıl anbarı, 4 quşçuluq təsərrüfatı, 1 heyvandarlıq kompleksi, 4 müasir istixana, 1 meyvə-tərəvəz və 1 süd emalı zavodu, 3 çörək zavodu və s.) istifadəyə verilmişdir. 2012-ci ildə isə minimum 96 belə müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə 1643 sahibkarlıq subyektinə 138 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 25%-i dövlət büdcəsindən ayrılan və 75%-i isə qaytarılan vəsaitlər təşkil etmişdir. Bu kreditlər hesabına reallaşan layihələrin icrası 6500-dək yeni iş yerinin yaradılmasına imkan verəcəkdir. Verilən kreditlərin 75% regionların, 25%-i isə Bakı qəsəbələrin payına düşüb. 2010-cu illə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 15%, güzəştli kreditlərin həcmi 20% artmışdır.
- Bəs kiçik sahibkarlığın maliyyələşdirilməsi hansı səviyyədədir? Gənclər, məcburi köçkünlər, qadınlar və digər az təminatlı ailələr bu kreditlərdən necə bəhrələnirlər? Başqa sözlə, onların güzəştli kreditlərə çıxış imkanları necədir?
- Kiçik sahibkarlığın, o cümlədən ailə təsərrüfatlarının, gənc sahibkarların investisiya layıhələrinin maliyyələşdirilməsi Fondun əsas prioritetlərindəndir. Qeyd etmək lazımdır ki, 2011-ci ildə Fondun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş investisiya layihələrinin 94%-i kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanların payına düşmüşdür. Belə ki, 2011-ci ildə 1550 sahibkara 19.3 mln. manat kiçik həcmli güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 3300-dən çox yeni iş yerləri yaradılacaqdır. Bununla yanaşı, Fondun vəsaitlərinin yerləşdirilməsi məqsədli dövlət proqramlarının, o cümlədən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı" və "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" üzrə nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasına yönəldilir. Belə ki, Fondun fəaliyyəti dövründə respublikanın regionlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan 660 məcburi köçkünə 9.6 milyon manat güzəştli kredit verilmişdir. Ümumilikdə isə, məcburi köçkünlərin də sıx məskunlaşdığı Goranboy, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Ağdam və Tərtər rayonlarında fəaliyyət göstərən 2400-dən çox sahibkarın investisiya layihələrinin maliyyələşdirilməsinə 61.6 milyon manat güzəştli kredit verilmişdir.