PDF Oxu

Müsahibə

  • 278

Zaman Azərbaycanın xeyirinə işləməkdədir

Zaman Azərbaycanın xeyirinə işləməkdədir

- Elşad müəllim, Soçidə keçirilən üçtərəfli danışıqların nəticələri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hansı imkanlar yarada bilər?

- Rusiya prezidentinin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin sülh həlli ilə bağlı yenidən prezidentlərin Soçidə görüşərək bir araya gəlməsi, danışıqların gündəmdə olduğunu sübut etməklə çox böyük əhəmiyyət kəsb edir. Soçi görüşündə prezidentlərin münaqişənin dinc vasitələr ilə tənzimlənməsi ilə bağlı arzularını ifadə etməsi, təbii ki, özü-özlüyündə müsbət bir haldır. Hesab edirəm ki, bu formatda görüşlərin keçirilməsi sözügedən münaqişənin tənzimlənməsi məsələsinin diqqət mərkəzində olduğunu təsdiq edir. Soçidə keçirilən görüşdə Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsinin davam etdirilməsilə bağlı bəyanat verməsini işğalçı ölkə olan Ermənistana növbəti dəfə verilən bir şans kimi qiymətləndirirəm. Çünki burada işğalçı ölkə yaxşı fikirləşməlidir ki, əgər Ermənistan konstruktiv yola gəlməsə Azərbaycan tərəfi hərbi vasitələrlə özünün ərazi bütövlüyünü təmin edəcəkdir. Təbii ki, bu da Ermənistan üçün açınacaqlı nəticələrə səbəb olacaq.

- Üçtərəfli görüşdə qəbul olunan bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamnaməsinin əsas prinsiplərinin razılaşdırılması istiqamətində irəliləyiş əldə olunub - fikri qeyd edilib. Burada söhbət hansı irəliləyişdən və razılaşmalardan gedir?

- Bildiyiniz kimi, yenilənmiş Madrid prinsipləri var idi. Burada Azərbaycan tərəfi də həmin prinsipləri qəbul etdiyini bəyan etmişdir. Ermənistan tərəfi isə məsələyə bu və ya digər formada münasibət bildirməmişdir. Təbii ki, əsas prinsiplər Azərbaycanın ərazi bütövlüyü prinsipidir. Burada Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli vasitəsilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsidir. Bəli, bu prinsiplərə ölkəmiz özünün razılığını veribdir. Amma Ermənistan tərəfinin bu məsələyə öz münasibətini bildirməmişdir. Ümid edirik ki, işğalçı ölkədə bu məsələ ilə bağlı münasibətini bildirəcək. O ki qaldı digər prinsiplərə, demək olar ki, həmin prinsiplərdə bu günə kimi dəfələrlə səsləndirilmiş prinsiplərdir ki, məsələ mərhələli həll olunsun, ilkin mərhələdə nəzərdə tutulan Azərbaycanın işğal edilən rayonları qaytarılsın, məcburi köçkün və qaçqınlar öz yurd-yuvalarına qayıtsınlar və orada təhlükəsizlik problemləri öz həllini tapsın. Hesab edirəm ki, Soçidə keçirilən bu görüşü Ermənistan tərəfi sonuncu bir şans kimi dəyərləndirərək baza prinsipləri ilə bağlı öz müsbət münasibətlərini bildirəcəklər.

- Bəyanatda həm də görülmüş işlər və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin sürətləndirilməsi üçün fəaliyyətin davam etdirilməsi ifadə olunub. Əgər Ermənistan konstruktiv dialoqlardan dəfələrlə yayınıbsa və münaqişənin həllinə bir o qədər səy göstərmirsə, bu halda, danışıqlar prosesinin və sürətləndirilməsi nəyi həll edə biləcək?

- Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində davamlı olaraq, çox səmərəli fəaliyyət göstərməkdədir. Yəni, heç vaxt Azərbaycan hakimiyyəti bu məsələni diqqətdən kənarda qoymayıb. İstər ölkə Prezidenti İlham Əliyev tərəfindən, istərsə də, Azərbaycanın diplomatik korpusu tərəfindən bu məsələlər hər zaman qabardılmışdır. Təbii ki, Azərbaycan münaqişənin ədalətli olaraq ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində çoxtərəfli fəaliyyət həyata keçirmişdir. Yəni, burada əsasən ölkəmiz tərəfindən görülmüş işlər bundan ibarətdir. Düzdür bu günə kimi Ermənistanın qeyri-konstruktiv mövqe tutması və bu mövqedə davamlı olaraq israr etməsi münaqişənin dinc vasitələrlə həll edilməsinə olan ümidləri azaldır. Amma nəzərə almaq lazımdır ki, zaman Azərbaycanın xeyirinə işləməkdədir. Ölkəmiz iqtisadi və hərbi qüdrətini artırmaqdadır. Eyni zamanda, ölkəmiz ardıcıl olaraq böyük diplomatik uğurlarda əldə etməkdədir. Geridə qoyduğumuz 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və beynəlxalq müstəvidə daha kəsərli söz sahibinə çevrilməsi işğalçı ölkə olan Ermənistanı sülh yolunu düşünməyə məcbur edəcəkdir. Azərbaycan tərəfinin bütün sahələr üzrə atdığı tutarlı addımlar Ermənistanın konstruktiv yola gəlməsini şərtləndirəcəkdir.

GÜLYANƏ

Digər xəbərlər