PDF Oxu

Müsahibə

  • 286

Yevgeni Bajanov: “Azərbaycan çox uğurlu, onun tərəfdaşlarını qane edən xarici siyasət yeridir”

Yevgeni Bajanov: “Azərbaycan çox uğurlu, onun tərəfdaşlarını qane edən xarici siyasət yeridir”

- Yevgeni Petroviç, Siz Rusiyada indiki vəziyyət barədə nə deyə bilərdiniz və XİN, həmçinin Diplomatik Akademiya diplomatik kadrlar yetişdirən müəssisə kimi dünyada geosiyasi şəraitə necə uyğunlaşır?

- Gəlin ondan başlayaq ki, XİN və Diplomatik Akademiya qarşısında qoyulan vəzifələr tam eyni deyildir. XİN xarici siyasəti həyata keçirir, ölkəmizin xaricdəki vətəndaşlarının mənafelərini müdafiə edir, biz isə beynəlxalq sahədə istifadə ediləcək kadrlar hazırlayırıq. Bu gün Diplomatik Akademiya ali məktəblər üçün yeni sistemə daha çox uyğunlaşmağa çalışır - ali məktəblər pul qazanmalıdırlar. Biz büdcə təşkilatıyıq, lakin büdcə bizim xərclərimizin yalnız üçdə bir hissəsini ödəyir, qalan üçdə iki hissəni isə biz təhsil və elm vasitəsilə qazanmalıyıq. Ali məktəblərin işini qiymətləndirərkən əsas götürülən qaydalardan biri ali məktəb elminin pul qazanmağı bacarması, yəni qrantlar cəlb etmək qabiliyyəti, layihələrin həyata keçirilməsidir. İkincisi, biz hansı dövrdə yaşamağımızı nəzərə alırıq, milli mənafelərdən və XİN-in həll etdiyi məsələlərdən çıxış edirik. Bütün bunlara uyğun olaraq bizdə beynəlxalq sahədə peşəkar kadrlar hazırlanır.

- Bu gün Sizin ali məktəbdə təhsil sistemi necə qurulur?

- Diplomatik Akademiyada üç bölmə fəaliyyət göstərir. Bunlardan birincisi kadrların ixtisasartırma və yenidənhazırlanma fakültəsidir. Bizim sistemə görə XİN-in mərkəzi aparatının hər bir əməkdaşı üç ildə bir dəfə təkrar peşə hazırlığı keçməlidir. Bundan əlavə, diplomatın taleyi çox müxtəlifdir - bu gün konsul məsələləri ilə, sabah iqtisadiyyatla məşğul olursan. Buna görə də daim bilikləri artırmaq lazımdır. Hər bir səfir xaricə getməzdən əvvəl bizim kurslara gəlir. Bu kurslar ildə iki dəfə keçirilir. Ay ərzində 30-40 səfir, müşavir-elçi və baş konsul hazırlıq keçir.

Bundan əlavə, biz digər dövlət müəssisələrinin, dövlət və özəl korporasiyaların əməkdaşlarının geniş spektri üçün beynəlxalq münasibətlər sahəsində peşə hazırlığı ilə məşğul oluruq. Biz müvafiq sazişlər bağlayırıq və bu forma yetərincə populyarlaşmışdır.

Biz həm də regionlarda, yerli administrasiyalarda işləyən əməkdaşların müəyyən dərəcədə hazırlanması ilə məşğul oluruq. Ali məktəbdə ikinci hissə bakalavr və magistrlərdir. Orada müdavimlərin sayı qat-qat azdır. Bizdə büdcədən maliyyələşdirilən 90 yer vardır. Bundan əlavə, biz pullu əsaslarla daha 200 nəfər qəbul edirik.

- MDB ölkələrindən, o cümlədən Azərbaycandan olan müdavimləriniz çoxdurmu?

- Bizə hələ Prezident Yeltsinin sərəncamı ilə MDB ölkələrindən olan müdavimlər üçün Rusiya Federasiyasının büdcəsi hesabına 101 yer həcmində kvota ayrılmışdır. SSRİ dağılandan sonra ilk vaxtlarda bu kvota tam istifadə edilmirdi. Bu gün isə Diplomatik Akademiya olduqca populyardır və mən hər yerdə böyük qürur hissi ilə bəyan edirəm ki, MDB ölkələri arasında 2011-2012-ci illər üçün bizim akademiyada müdavimlərin sayı ən çox olan ölkə Azərbaycandır. Bu adamlar həm magistraturada, həm də bakalavriaturada oxuyurlar. Son illərdə Azərbaycandan olan aspirantlar da çoxdur.

- Azərbaycan diplomatik kadrların hazırlanması sahəsində güclü məktəb kimi ad çıxarmışdır. Bu məktəb postsovet məkanında ən yaxşı məktəblərdən biridir. Azərbaycan Diplomatik Akademiyası ilə hər hansı əlaqələriniz vardırmı?

- Azərbaycanla bizim dostluq əlaqələrimiz yetərincə fəaldır. Bizim professorlar tez-tez Bakıya dəvət olunur, Azərbaycan Diplomatik Akademiyasında (ADA) mühazirələr oxuyurlar. Biz vaxtaşırı ADA-ya ədəbiyyat göndərir və özümüz ADA-dan ədəbiyyat alır, professorlar mübadiləsi aparır, birgə mühazirələr oxuyuruq. Azərbaycan Diplomatik Akademiyası ilə yaxşı münasibətlərimiz, sıx əlaqələrimiz vardır. ADA-nın rektoru Hafiz Paşayevlə çox səmimi münasibətlərimiz yaranmışdır. Yeri gəlmişkən, ADA-nın rektoru bizim akademiyaya gəlmişdi.

- Yevgeni Petroviç, Siz müasir beynəlxalq sistemin vəziyyətini necə səciyyələndirərdiniz?

- İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqı və ABŞ-ın hökmranlıq etdiyi ikiqütblü dünya yaranmışdı, onlardan hərəsinin öz müttəfiqləri, öz düşərgəsi vardı. İnkişaf etməkdə olan ölkələr də çox idi. Dünya sanki parçalanmışdı, bəziləri bir düşərgəyə, digərləri o biri düşərgəyə qoşulurdu. İnkişaf etməkdə olan ölkələr uğrunda mübarizə gedirdi. Bəzən bu mübarizə müharibələrə çevrilirdi. "Soyuq müharibə" dövrü başa çatandan sonra ABŞ bu qərara gəlmişdi ki, onun inkişaf modeli bütün dünyaya şamil edilməlidir. Bu ideologiya Amerikanın xarici siyasətinin əsası oldu. Bu siyasət onu əsas götürürdü ki, ABŞ-ın təsiri altında olan ölkələrin sayı nə qədər çox olsa, bu, təkcə ABŞ üçün deyil, bütün dünya üçün bir o qədər yaxşıdır. Bu minilliyin əvvəlində, İraqda hərbi əməliyyatlar başlananda hamı belə hesab etməyə başladı ki, dünya birqütblü olmuşdur. Əslində isə məlum oldu ki, bu, heç də belə deyildir. Çin və Rusiya ABŞ-ın hegemonluq cəhdinə müqavimət göstərməyə başladılar və nəticədə ŞƏT, BRİKS kimi təşkilatlar yarandı. Eyni vəziyyət ərəb dünyasında da müşahidə olunurdu. Bu gün dünya çoxqütblülüyə doğru hərəkət edir, yəni öz təsirini və ideologiyasını genişləndirməyi arzu edən Amerika qütbü mövcuddur. Lakin başqa aktorlar da vardır, onlar da dünya nizamında mühüm rol oynamağa çalışırlar. Bunlar Rusiya, Çin, Hindistan, Braziliya, Avropa İttifaqıdır. İri dövlətlərin təsir dairələri uğrunda mübarizə gedir. Bununla bərabər qarşılıqlı asılılıq vardır, dövlətlər başa düşürlər ki, qloballaşmaqda olan dünyada onlar bir-birindən təcrid edilmiş şəkildə yaşaya bilməzlər. Bu, iri dövlətləri əməkdaşlığa məcbur edir. Demək istəyirəm ki, dünyada qarşılıqlı asılılıq çox güclüdür. Bu yaxınlarda İsveçin Baş naziri bizim akademiyada çıxışında qeyd etdi ki, əgər bu gün, məsələn Fələstində vəziyyət kəskinləşərsə, bu hökmən İsveçdə əks-səda doğuracaqdır, boğazlar bağlanacaq, neftin qiyməti artacaq və İsveç bundan zərər çəkməyə başlayacaqdır. Bu gün biz iri dövlətlərin nüfuz uğrunda mübarizəsini müşahidə edirik, lakin qarşılıqlı asılılıq bu dövlətləri əməkdaşlığa vadar edir.

- Belə demək olarmı ki, bugünkü sistem müvəqqəti koalisiyalar sistemidir?

- Hələlik sistem yoxdur, o hələ formalaşmaqdadır. Nüfuz uğrunda mübarizə gedir. Özü də bu, sadəcə mübarizə deyildir - qüvvələr balansı dəyişir. Çin güclənir, daha qüdrətli olur və onun dünyada təsiri artır. Ən səmərəli siyasət haqqında danışmaq istəsək, çoxqütblü dünyada "soyuq müharibə" dövründə olduğu kimi, düşərgələrə bölünmək qaydaları əsas götürülməməlidir. Nəzərə almaq lazımdır ki, dünya olduqca mürəkkəb, çoxplanlı, müxtəlifdir və dövlətin çox mürəkkəb maraqları vardır. Biz bəzi məsələlər üzrə bəzi dövlətlərlə, müəyyən məsələlər üzrə başqa dövlətlərlə əməkdaşlıq edə bilərik. Rusiya onu əsas götürür ki, əvvələn MDB bizim ümumi dünyamızdır, biz əsrlər boyu bu məkanda yaşayırıq və bir-birimizlə ayrılmaz surətdə bağlıyıq.

Digər xəbərlər