PDF Oxu

Müsahibə

  • 1 129

Müstəqil Azərbaycanın gömrük xidməti dinamik inkişaf yolu ilə uğurla addımlayır

Müstəqil Azərbaycanın gömrük xidməti dinamik inkişaf yolu ilə uğurla addımlayır

- Aydın müəllim, əvvəla Sizi və komitənin bütün kollektivini qarşıdan gələn 30 yanvar- gömrük işçilərinin peşə bayramı günü münasibətilə təbrik edir, işlərinizdə uğurlar arzulayırıq. Müstəqil Azərbaycanın Dövlət Gömrük Komitəsinin yaradılmasının 20-ci ildönümündə peşə bayramınızı necə qarşılayırsınız?

- 2012-ci il yanvarın 30-u - Dövlət Gömrük Komitəsinin yaradılmasının 20-ci ildönümü ölkəmiz üçün həqiqətən də əlamətdar bir hadisədir. Məlum olduğu kimi, 20 il bundan öncə, Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi yaradılmışdır. Dövlət Gömrük Komitəsi ötən müddət ərzində sürətli inkişaf yolu keçmiş, ölkəmizdə dünya standartlarına uyğun gömrük xidməti formalaşmışdır.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində xalqımızın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Bu gün Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və xalqımızı daha parlaq gələcəyə aparan hərtərəfli inkişaf yolunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilməsi, yaradılmış əlverişli iqtisadi şərait davamlı və sürətli inkişafı təmin etmişdir.

- Məlum olduğu kimi məhz 1997-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin imzaladığı sərəncam ilə gömrük işçilərinin peşə bayramı qeyd olunur. Ümumiyyətlə, Ulu öndərimizin ölkəmizdə gömrük xidməti işinin gücləndirlməsi istiqamətindəki fəaliyyətini necə səciyyələndirərdiniz?

- Müstəqilliyimizin ilk illərində, 1991-1993-cü illərdə xaos və tənəzzül içərisində yaşayan Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını bu fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başlamışdır. Milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Bu dövrdə xarici ticarət əlaqələrinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi əsas məsələlərdən biri idi. Dövlətin daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin həyata keçirilməsi əsas məsələlərdən biri kimi gömrük xidmətinin qarşısında vəzifə olaraq qoyulmuşdu.

Gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirən Ulu öndər Heydər Əliyev bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı. Məhz Heydər Əliyevin tələbkarlığı gömrük orqanlarında uğurların təminatçısı olmuş, beləcə gömrük sistemi dövlətin milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin keşiyində dayanan, sosial-iqtisadi inkişafı stimullaşdıran nüfuzlu bir orqana çevrilmişdir. Yanvarın 30-nun gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi də məhz Ulu öndərin adı ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilmişdir.

1997-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş geniş iclasda Ulu öndər Heydər Əliyev proqram xarakterli geniş nitq söyləyərək, sözügedən dövr və sonrakı illər üçün gömrük xidmətinin inkişafının prioritetlərini müəyyənləşdirdi. Gömrük nəzarətinin təşkili, qaçaqmalçılığa qarşı mübarizə və eyni zamanda, maliyyə intizamının möhkəmləndirilməsi istiqamətində tövsiyə və tapşırıqlarını verdi.

1995-ci ildə Dövlət Gömrük Komitəsinin rəhbərliyində aparılan kadr dəyişikliyinin müsbət nəticələri elə ilk günlərdən özünü biruzə verməyə başladı. İlk növbədə gömrük xidmətinə bilikli, bacarıqlı və ixtisaslı kadrların qəbul edilməsinə başlandı. Digər tərəfdən Dövlət Gömrük Komitəsinin yeni strukturunun yaradılması, yeni gömrük idarələri və postlarının açılması, eyni zamanda, inzibati binaların əsaslı tikinti və təmirinin həyata keçirilməsi, maddi-texniki bazanın inkişafı, yeni nəzarət cihaz və avadanlıqların alınması, gömrük qanunvericiliyinin müasir normalara uyğunlaşdırılması və büdcənin formalaşmasında gömrük xidmətinin rolu və əhəmiyyəti nəzərə alınaraq hər il üçün müəyyənləşdirilən büdcə proqnozu öhdəliyinin yerinə yetirilməsi bir vəzifə olaraq qarşıya qoyuldu. Bunun üçün ilk növbədə maliyyə intizamının möhkəmləndirilməsi, ölkəyə idxal olunan mal və nəqliyyat vasitələri üzrə gömrük ödənişlərinin alınması və vergilərdən yayınma hallarının qarşısının alınmasına nəzarətin artırılması ən vacib məsələlər hesab edilirdi. Tədricən qarşıya qoyulan vəzifələrin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başladı və qısa zaman kəsiyində müsbət nəticələr əldə olundu.

- Aydın müəllim, ötən illər ərzində gömrük xidmətinin inkişafı və modernləşdirilməsi istiqamətində görülən işlər haqqında da ətraflı məlumat verməyinizi xahiş edirik...

- 20 illik zaman məsafəsində, xüsusilə 1995-ci ildən başlayaraq gömrük xidmətinin inkişafı və modernləşdirilməsi istiqamətində böyük işlər görülmüşdür. Bu illər ərzində gömrük qanunvericiliyi bazası möhkəmləndirilmiş, Avropa standartlarına cavab verən normativ-hüquqi aktlar qəbul edilmiş, nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurulmuşdur. Son 15 ildə gömrük infrastrukturunun inkişaf etdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, bütün sərhəd-keçid məntəqələri, gömrük idarələri və postlarında əsaslı təmir və tikinti işləri başa çatdırılmış, onlar müasir avadanlıq və qurğularla təmin edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarıyla təsdiq edilən sosial-iqtisadi inkişaf dövlət proqramları, eləcə də "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"na əsasən ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən, gömrük xidmətində yenidənqurma işləri həyata keçirilmişdir. Bu illər ərzində gömrük sisteminin infrastrukturu tamamilə yenilənmişdir. Təkcə ötən 2010-2011-ci illərdə Astara Gömrük İdarəsinin, Biləsuvar Gömrük İdarəsinin "Biləsuvar" sərhəd-keçid məntəqəsinin və Tovuz Gömrük İdarəsinin "Sınıq körpü", Balakən Gömrük İdarəsinin "Mazımçay", Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postlarının beynəlxalq standartlara uyğun yeni inzibati binaları Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə gömrük əməkdaşlarının xidməti istifadəsinə verilmişdir. Hazırda isə Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 14 aprel 2009-cu il tarixli fərmanına uyğun olaraq Xudat sərhəd-keçid məntəqəsinin əsaslı tikintisi, eyni zamanda, Biləsuvar, Tovuz və Balakən rayonlarında gömrük terminalı və anbarların inşası həyata keçirilir.

Bundan başqa, Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 11 noyabr 2008-ci il tarixli fərmanına əsasən, 2009-cu il yanvarın 1-dən dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipi tətbiq edilərək, sərhəd-keçid məntəqələrində nəzarət növlərini inteqrəedilmiş qaydada həyata keçirməklə sərhəd-keçid prosedurlarının daha da sadələşdirilməsi, nəqliyyat və mal axınına əlverişli şərait yaradılması, qabaqcıl dövlətlərdə olduğu kimi vaxt itkisinin minimuma endirilməsinə nail olunmuşdur. Fərmana uyğun olaraq, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Gömrük Komitəsinə həvalə olunmuşdur.

Azərbaycanda gömrük xidmətinin təkmilləşdirilməsi, o cümlədən, gömrük orqanlarının maddi-texniki bazasının müasirləşdirilməsi tədbirləri həmişə diqqət mərkəzində olmuşdur. Bu baxımdan, ötən ilin oktyabrında Bakıda Dövlət Gömrük Komitəsi Avtonəqliyyat Gömrük İdarəsinin yeni tikilmiş inzibati binasının istifadəyə verilməsi əlamətdar hadisələrdən biri kimi yadda qalmışdır. Yeni inzibati binanın inşası Azərbaycan Prezidentinin 2011-ci il fevralın 25-də imzaladığı müvafiq fərmanla ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, daimi uçota alınması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi, habelə nəqliyyat vasitələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının verilməsilə əlaqədar prosedurların "bir pəncərə" prinsipi əsasında sadələşdirilməsinin təmin edilməsi məqsədilə respublikanın aidiyyəti orqanlarına verdiyi tapşırığa əsasən gerçəkləşdirilmişdir. "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" həmin fərmanla, eyni zamanda, Dövlət Gömrük Komitəsinə qanunvericiliklə müəyyən edilmiş bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə alınmasını təmin etmək tapşırılmışdır.

Bütün bunlar nəzərə alınaraq, zəruri texniki təchizat vasitələrilə təmin edilən və üç mərtəbədən ibarət olan Avtonəqliyyat Gömrük İdarəsinin yeni inzibati binasında "elektron növbə" əsasında idxal-ixrac əməliyyatları üzrə müxtəlif təyinatlı bütün növ avtonəqliyyat vasitələrinin və texnikanın gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Bundan başqa, idarədə müraciət edən şəxsləri gömrük rəsmiləşdirilməsi qaydaları və digər zəruri məlumatlarla təmin etmək üçün iki ədəd elektron "məlumat köşkü" quraşdırılmışdır.

Beləliklə, Azərbaycan Respublikasında gömrük işinin təkamülü bir neçə vacib istiqamət üzərində qurulmuş və bu gün də inkişaf etdirilməkdədir. Gömrük sisteminin ən mühüm fəaliyyət istiqamətlərindən biri də fiskal siyasətin həyata keçirilməsidir. Yarandığı ilk illərdə bu sahədə də vəziyyət cox acınacaqlı idi.Təkcə bir faktı qeyd etmək kifayətdir ki, o illərdə gömrüyün fiskal siyasətinin real mənzərəsini yaratsın. 1992-ci ildə hətta kənd təsərrüfatı məhsullarına gömrük vergi və rüsumlarının tətbiq olunmasına baxmayaraq, büdcəyə cəmi 897 min Amerika dolları məbləğində vəsait köçürülüb.

Bu gün dövlət büdcəsinin zəngin olması cəmiyyətin sosial və iqtisadi problemlərinin həllinin hədəflənməsi üçün hökumətə əsaslı şərait yaradıb. Büdcədaxilolmalarında xüsusi çəkisi olan Azərbaycan gömrüyünün fiskal funksiyası formalaşmağa başladığı ilk illərdən keçən zaman ərzində əsaslı dərəcədə fərqlənir. Gömrük ödənişlərinin statistikası belə deməyə əsas verir. Əgər 1993-cü ildə gömrük orqanları tərəfindən dövlət büdcəsinə 13,6 milyon manat köçürülmüşdüsə bu il üçün DGK üçün 1 mlrd. 200 milyon manat manat proqnoz müəyyənləşdirilib. 2011-ci ildə isə Dövlət Gömrük Komitəsi üçün nəzərdə tutulan 1 milyard 140 milyon manat illik büdcə proqnozuna qarşı 1 milyard141milyon 528,5 min manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb.

Ötən il gömrük işi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən müvafiq işlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının gömrük işinə dair qanunvericiliyinin təkmilləşdirilməsi, gömrük işi ilə bağlı beynəlxalq standartların öyrənilməsi və onların tətbiqi işinin davam etdirilməsi, həmçinin "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" Kioto Konvensiyasının müddəalarının milli gömrük qanunvericiliyində əks olunması məqsədilə Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən "Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində hazırlanmış Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsi Azərbaycan Respublikasının Milli Məclisində müzakirəyə çıxarılmış, qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli Fərmanı ilə təsdiq olmaqla 1 yanvar 2012-ci il tarixindən qüvvəyə minmişdir.

- Başa vurduğumuz 2011-ci ildə Dövlət Gömrük Komitəsi qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə yönündə hansı nəticələr əldə etmişdir?

- 2011-ci ildə Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də məqsədyönlü tədbirlər görülmüşdür. Bu tədbirlər gömrük orqanlarının əməliyyat bölmələri tərəfindən əsasən qabaqlayıcı, profilaktik və əməliyyat-axtarış tədbirləri vasitəsilə qaçaqmalçılıq kanallarının, gömrük ödənişlərinin ödənilməsindən yayınmanın və digər hüquqpozmaların aşkar olunmasına və qarşısının alınmasına, habelə hüquqpozma faktları üzrə təhqiqat və ibtidai istintaq aparmaqla təqsirkar şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsinə istiqamətləndirilmişdir.

Əvvəla qeyd edim ki, Azərbaycan Prezidentinin 28 iyun 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)"ın icrasını təmin etmək məqsədilə görülmüş tədbirlər nəticəsində 2007-2011-ci illər ərzində 461 fakt aşkar olunmuş, 1 ton 345 kiloqramdan çox narkotik, o cümlədən, 924 kq 344 qramdan çox həşiş, 203 kq 666 qram heroin, 188 kq 469 qram tiryək, 4 kq 747 qram marixuana, 24 kq 400 qram metamfetamin də daxil olmaqla əsasən "ağır" və "güclü təsirli" daha təhlükəli narkotiklər dövriyyədən götürülmüşdür. Narkoqaçaqmalçılıq faktları üzrə 531 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb edilmişdir ki, onlardan da 70 nəfərini qadınlar təşkil etmişdir. Ümumiyyətlə, son illər narkokuryer qismində qadınlardan və hətta azyaşlı uşaqlardan istifadə hallarının çoxalması ciddi narahatçılıq doğurur.

Ayrıca 2011-ci ilə nəzər salsaq, həmin dövr ərzində aşkar edilmiş 18330 hüquqpozma faktından 245-i cinayət xarakterli olmuşdur. Ötən il 18085 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 455 hüquqi və 17594 fiziki şəxs inzibati məsuliyyətə cəlb olunmuş, həmin şəxslərə qarşı 1 milyon 418 min 022 manat cərimə tətbiq olunmaqla, dəyəri 123 min 541 manat olan mallar müsadirə edilmişdir. Bundan başqa, ötən ildə 138 fakt üzrə 227 kiloqram 565 qram narkotik vasitə və psixotrop maddə tutulmuşdur.

Digər xəbərlər