PDF Oxu

Müsahibə

  • 312

“Ermənilər fransız siyasətçilərini satın aldılar”

“Ermənilər fransız siyasətçilərini satın aldılar”

- Mübariz müəllim, Fransa Senatında qondarma erməni soyqırımını inkar edənlərin cinayət məculiyyətinə cəlb olunması ilə bağlı qanun layihəsinin qəbul olunması hazırda müzakirə olunan mövzulardandır. Sizcə, bu antidemokratik addımla Fransa nəyi demək istədi? Ümumiyyətlə, bu qərar nə dərəcədə gözlənilən idi?

- İlk olaraq onu deyim ki, Fransa Senatı tərəfindən qəbul olunan bu qanun bütün dünya mediasında ciddi şəkildə təhlil olunur. Bu qanun prezident Sarkozi tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə minəcək. Qondarma erməni soyqırımının rəsmi tanınması ilə bağlı erməni lobbisi Avropa parlamentariləri arasında çox geniş işlər aparıb. Ermənilərin səyi nəticəsində dünyanın 25-ə yaxın ölkəsi bu qondarma soyqırımı tanıyıb. Lakin bu tanıma hələlik hüquqi nəticə vermir, sadəcə deklorativ xarakter daşıyır. Fransanın bu dövlətlərdən fərqi çox irəli getməsindədir. Yəni Fransanın "erməni soyqırımı"nı inkar edənlərin 45 min avro və 1 il azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılması qanunu Fransada erməni lobbisinin daha geniş fəaliyətinin nəticəsidir. Bu gözlənilən idimi? Əlbəttə, Türkiyəyə qarşı təzyiqlərin artdığı mühitdə bu gözlənilən idi. Hələ ötən ilin dekabr ayında Fransa parlamentinin Aşağı Palatasında bu qanun layihəsi qəbul edilmişdi. Türkiyənin bölgədə gücləndiyi bir vaxtda dünyada qondarma erməni soyqırımı ətrafında hay-küy yaradılması heç də təsadüfi deyil. Çünki tarixə nəzər salsaq görərik ki, soyuq müharibə illərində də türklərə qarşı "erməni soyqırımı"ndan istifadə olunub. Sovet İttifaqının dağılmasından sonra Türkiyənin bölgədəki nüfuzu, son illərdə ərəb dünyasında baş verən hadisələrdə rolu daha da artıb. Belə olduqda isə Türkiyəyə iki təzyiq forması seçilib. Biri kürd millətçiliyi vasitəsilə Türkiyənin daxili ictimai-siyasi həyatını qarışdırmaq, digəri isə Osmanlı dövründə olmayan bir hadisəni olmuş kimi göstərməklə bugünkü Türkiyə Cümhuriyyətinə təzyiq göstərmək. Bəli, bu xüsusilə Fransa tərəfindən gözlənilən addım idi. Çünki Fransa ənənəvi antitürk ölkələrindən biri sayılır və eyni zamanda Fransada məskunlaşan ermənilər onlara təsir göstərə bilir, müəyyən mənada fransız siyasətçilərini satın ala bilirlər. Bu məsələdə bir məqamı daha çox qeyd etmək istəyirəm. Bildiyiniz kimi, İsrailin Fələstindəki fəaliyyəti ilə bağlı Türkiyə hökuməti ciddi iradlarını bildirib. Hətta, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Davosda İsrail prezidenti ilə üz-üzə gəlib, İsrailin fələstinlilərə qarşı hərəkətlərini qətiyyətlə pisləyib, Fələstin ərəblərinin müdafiəsi üçün lazımi tədbirlər görüb, Qəzzanın mühasirəyə alınmasına qarşı çıxıb. Bu məqamda qeyd etmək istərdim ki, Fransa prezidenti Sarkozi də əslində bir yəhudidir və onun belə bir qərar verməsi heç də təsadüfi deyil.

- Mübariz müəllim, ABŞ-ı çıxsaq digər ölkələrdən Türkiyəyə bu məsələdə dəstək gəlmədi. Sizcə bu nə ilə əlaqədar idi?

- Əvvəla qeyd edim ki, bu qanun Fransa prezidenti tərəfindən imzalanıb qüvvəyə mindiyi gündən etibarən birmənalı şəkildə Azərbaycana qarşı qəbul olunmuş qanun hesab ediləcək. Çünki bu qanun erməniləri ruhlandırmaqdan başqa heç bir işə yaramır. Ona görə də biz bu qanunu ermənilərə dəstək qanunu kimi qiymətləndiririk. Avropa ölkələrinə gəldikdə isə, Avropa ictimaiyyətində də bu qanunun qəbuluna müxtəlif istiqamətdə etirazlar var. Məsələn, Böyük Britaniya mətbuatında bu qanun layihəsi kəskin şəkildə pislənib. Digər tərəfdən Avropa Şurasında Türkiyə və Azərbaycan millət vəkilləri bu məsələnin Avropa Şurasının dəyərlərinə və qəbul olunan sənədlərə zidd olduğu haqqında bəyanat yayıblar. Bu bəyanatı isə Avropa Birliyinin üzvü olan ölkələrin parlamentariləri imzalayıblar. Bu da öz növbəsində Avropada bu qanunun qəbuluna böyük etiraz olduğunun bariz nümunəsidir. Lakin Fransanın qəbul etdiyi bu qanun nə Türkiyənin inkişafına mane olacaq, nə də Türkiyəni təkləməyə kifayət edəcək. Çünki Türkiyə strateji cəhətdən o qədər güclü dövlətdir ki, onu küncə sıxmaq olduqca çətindir. Məncə bu məsələdə bir az da laqeydlik göstərilməli idi. Çünki Fransa Senatında belə bir qanunu imzalamış hansısa erməni puluna satılmış bir satqının əməlləri qarşılığında bəyanat yaymaq sadəcə, o satqını gücləndirə bilər.

- Mübariz müəllim, heç bir fakt olmadığı halda qondarma erməni soyqırımı Fransa senatında qəbul olunub. Hətta onu tanımayanlara qarşı cinayət işinin açılması da gündəmdədir. Bəs Azərbaycan Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtmaq və qəbul etdirmək üçün daha hansı addımları atmalıdır?

- Xocalı faciəsi və bu faciədə ermənilərin törətdikləri vəhşiliklərin dünyaya çatdırılması üçün Azərbaycan kifayət qədər işlər görüb. Azərbaycan parlamenti bu faciəni soyqırımı kimi qəbul edib və dünyaya bəyan edib. Bu gün isə Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Fondu da bu istiqamətdə bir çox işlər görür. Biz əsasən çalışırıq ki, dünya ölkələrinin parlamentlərində də bu faciə soyqırımı kimi qəbul edilsin. Məsələn, Türkiyə Böyük Millət Məclisində də Xocalı soyqırımı ilə bağlı bir sıra müzakirələr aparılıb və yəqin ki, Türkiyə bu faciəni soyqırımı kimi qəbul edəcək. Digər türkdilli ölkələrdə də bu qanunun qəbul edilməsinə nail olmaq lazımdır. Xocalı faciəsində baş verənləri, o cümlədən yaxın keçmişdə Bosniya və Hersoqovinada müsəlmanların qırğınına laqeyd yanaşan fransız siyasətçiləri 1915-ci ildə baş verdiyi iddia olunan məsələni soyqırımı kimi qəbul edir və bunu tanımayanlara da cəza tətbiq edir. Bu çox gülünc bir hadisə olmaqla yanaşı, insan haqqlarının, düşüncə, söz azadlığının da birbaşa pozulmasıdır.

Digər xəbərlər