Ötən həftə Moskvada Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş keçirildi. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi görüş Dağlıq Qarabağ münaqişəsinin həllində nə dərəcədə rol oynaya bilər? Niyə ermənilər tərəfindən Berlində keçirilməsinə etiraz edilən görüş məhz Moskvada keçirildi? Bütün bu sualları politoloq Elman Nəsirli SES TV-yə müsahibəsində cavablandırıb.
- Bu görüşün Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə doğru addım atılmasına kömək edəcəyini gözləmək olarmı?
- Bu görüş çoxdan planlaşdırılırdı. Sadəcə ilk əvvəl Berlində nəzərdə tutulan görüş baş tutmadı. Bunun da əsas səbəbi, Ermənistan iqtidarının tutduğu mövqe və təzyiqləri oldu. Amma görüşdən birdəfəlik imtina edilməmişdi. Görüşün Moskvada keçirilməsində təsadüfi və ya qeyri-adi heç nə görmürəm. Əsas ona görə ki, burada Moskvanın təsiri məlumdur. Moskva olmasaydı, ermənilər Berlində oynadıqları oyunu Rusiyada da davam etdirərdi. Görüş ərzində hansısa irəliləyişə nail olunacağına ümid etmirəm. Sadəcə, ola bilsin ki, bu gündən sonra bu istiqamətdə danışıqların genişləndirilməsi üçün şərait yaradılıb. Məqsəd sadəcə gələcəkdə xalq diplomatiyası ilə düşünən insanların, ziyalıların iştirakı ilə siyasi tənzimlənmə prosesinə yeni məqamlar gətirilməsidir. Mən hesab etmirəm ki, 20 ildir siyasi proseslərlə öz həllini tapmayan bu münaqişə hansısa qərar qəbul etməyə iqtidarı olmayan ziyalıların, düşüncə insanlarının görüşü ilə həll oluna bilsin. Lakin inanıram ki, bu cür görüşlərin təşkil edilməsi siyasi qərarların verilməsi üçün düzgün auditoriyanın yaradılmasında və ölkədaxili sülh prosesini hazırlamaqda müəyyən dərəcədə köməklik edə bilər. Bu görüşün keçirilməsinin Azərbaycana yalnız müsbət təsiri ola bilər. Belə ki, Ermənistan mətbuatında durmadan Azərbaycanın sülh istəmədiyinə, prosesi pozduğuna dair heç bir həqiqətə uyğun olmayan məlumatlar səsləndirilir. Bir sözlə, icmalar arasında keçirilən belə görüşlər prinsip etibarilə Dağlıq Qarabağ münaqişəsini həll etməsə də, prosesdə irəliləyişlərin və yeniliklərin qazanılması baxımından əhəmiyyətlidir.
- Berlində baş tutmayan görüşün Moskvada reallaşdırıldığını qeyd etdiniz. Ermənilər görüşə maraqlı olsaydılar, bu, Almaniyada da baş tuta bilərdi. Sizcə, ermənilər Rusiyaya arxalanırdı, yoxsa Rusiya həlledici rola malik olduğunu göstərmək üçün görüşün öz ölkəsində keçirilməsinə təzyiq göstərirdi?
- Ümumiyyətlə, 2 ildən artıq müddətdir ki, ATƏT-in Minsk Qrupunun 3 həmsədri olsa da, münaqişənin həllində intensiv iştirak edən, təşəbbüskar tərəf Rusiyadır. Rusiya prezidenti Medvedevin bu sahədə xüsusi fəallığı göz qabağındadır. Baxmayaraq ki, danışıqlarda bu kəmiyyətin bir keyfiyyəti görünməyib, yenə də Rusiya öz fəallığından qalmır. Lakin görüşün Moskvada keçirilməsinin əsas səbəblərindən biri də eqoizmdir. Yəni Moskva bilir ki, danışıqların bu formata keçirilməsi tarixdə ilk dəfə baş verir. Ona görə də bu hadisə tarixə Berlin görüşü yox, Moskva görüşü kimi düşməli idi. Məhz bu səbəbdən də , rəsmi Moskva ermənilərə öz təzyiqini göstərdi. Bir tərəfdən də, Rusiya sanki bir mesaj verirdi. Yəni Rusiyanın gözündən uzaq yerdə nə belə bir görüş keçirilə bilər, nə də hər hansı bir nəticəyə gəlinə bilər. Yəni əsas hesablaşılması lazım olan tərəf məhz Rusiyadır. Heç şübhəsiz ki, Rusiyanın işarəsi və buyruğu olmasaydı, ermənilər belə addım atmazdı.
- Bir sözlə, demək olarmı ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin açarının öz əlində olduğunu dünyaya bəyan edir?
- Bəli, bu, dediyiniz kimi, tam formada bir mesajdır. Hazırda Qərbin, Avropanın, Amerikanın başı digər məsələlərə qarışıb. Bunlara həm onların öz daxili problemləri, həm seçki məsələləri, həm İran ətrafında nüvə məsələsi, həm də Yaxın Şərq problemləri aid edilir. Ona görə də, belə bir məqamda bu ölkələr Rusiyanın istəyinə qarşı durmurlar. Çünki hazırda bu böyük dövlətlər üçün Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məsələsi xarici siyasətlərinin qarşısında duran prioritet deyil. Lazım olan prioritetlərin həllinə isə Rusiya birmənalı şəkildə problem yarada bilər. Ona görə də, Rusiyanı qıcıqlandıracaq adım atmaq və ya özünə yaxın xaric hiss etdiyi ərazilərdə hansısa bəyanatı qəbul etmək heç bir dövlətin istəyi deyil. Bütün bunları əsas götürən Rusiya, təbii ki, problemin həllində həlledici rol oynayır və ona görə də bunu hər fürsətdə açıq surətdə bəyan etməkdən çəkinmir.
GÜNAY MƏMMƏDOVA