- Mais müəllim, radikal müxalifət ölkəni icazəsiz aksiyalar keçirməklə hədələyir. Sizcə, indiki siyasi situasiya dönəmində aksiyaların keçirilməsinə ehtiyac varmı?
- Demokratik ölkələrdə icazəsiz aksiyaların keçirilməsi yolverilməzdir. Demokratiyanın beşiyi sayılan ABŞ-da keçirilən icazəsiz aksiyaların qarşısı zorakılıq yolu ilə alınır. Yəni, həmin ölkədə icazəsiz aksiya keçirmək istəyən şəxs çox ciddi şəkildə cəzalandırılır. Ümumiyyətlə, hər hansı bir ölkədə icazəsiz aksiyaların keçirilməsi cəmiyyətdə stabilliyin pozulmasına xidmət edir. Demokratik dövlətlərdə aksiyaların keçirilməsi qanuna istinad edilir, o cümlədən, Azərbaycanda da.
- Sizcə, "İctimai Palata" və "Milli Müqavimət Hərakatı"nın mitinqlər planlaşdırmalarının arxasında onlara maddi və mənəvi dəstək göstərən daxili və xarici qüvvələrin təsirinin olduğunu söyləmək olarmı?
- Azərbaycanda olan davamlı stabilliyin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə bu təməl Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilib. Təbii ki, möhkəm əsaslara malik ictimai-siyasi sabitlik nə daxildə olan mənfi qüvvələri, nə də xaricdə olan qüvvələri qane etmir. Sözügedən qüvvələr bütün varlıqları ilə çalışırlar ki, Azərbaycan dövlətinin daha da yükəsk səviyyədə inkişaf etməsinə mane olsunlar. Amma həmin qüvvələrin ölkəmiz ilə bağlı olan mənfi istəkləri daş olaraq ürəklərində qalır və qalacaq da.
- Heç zaman müstəqillik nümayiş etdirməyən radikal müxalifətin nə zamansa pozucu və təxribatçı yoldan əl çəkə biləcəyi inandırıcı görünürmü?
- Əgər radikal müxalifət partiyalarında normal partiya quruculuğu gedərsə, demokratik ab-hava təmin olunarsa, sıravi partiya üzvlərinin səsi eşidilərsə, o cümlədən, uzun illər həmin partiyalara rəhbərlik edən şəxslər oradan uzaqlaşdırılarsa, təbii ki, normal müxalifətin formalaşması mümkün ola bilər.
GÜLYANƏ