- Rüstəm müəllim, bildiyimiz kimi Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilməkdədir. Bu proqramların uğurlu nəticələri haqqında fikirlərinizi bilmək istərdik...
- Hazırda yüksək inkişaf mərhələsinə qədəm qoymuş müasir Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, indistriual cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Sözsüz ki, respublikamızın yüksək artım templəri əldə etməsinin və indiki meqainkişaf erasına çatmasının başlıca məntiqi elmi-iqtisadi məzmunu Ulu öndər Heydər Əliyevin yaratmış olduğu mükəmməl inkişaf doktrinasının təməlləri üzərində inkişaf etdirilən və yeni iqtisadi qanunauyğunluqlar üzərində diversifikasiya olunan fundamental konsepsiyanın həyata keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib.
Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi model Azərbaycanın son illər davamlı sıçrayışlı inkişafını təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb. Bu model çoxkomponentli olmaqla bütün makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə edir. Regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları da məhz modernləşmə və tərəqqi modelinin prioritet konseptlərini təşkil edir. Ümumiyyətlə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosio-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir.
Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və komleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 8 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında davam etdirilən bu siyasi-iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafına yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub.
Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən "Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008-ci illərə və 2009-2013-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarla almasında mühüm rol oynamaqdadır.
- Millət vəkili olaraq regionların inkişafına xidmət edən mövcud qanunvericilik bazasını necə qiymətləndirirsiniz?
- Azərbaycan parlamenti ölkəmizin inkişafına xidmət edən mükəmməl qanunvericilik bazası formalaşdırıb. Bu proses bütün sahələri əhatə edir. Yəni elə bir sahə yoxdur ki, onun fəaliyyəti qanunla tənzimlənməsin. Bu mənada iqtisadi inkişafımızla bağlı Milli Məclis tərəfindən vacib qanunlar qəbul edilib. Sahibkarlıq fəaliyyəti, investisiya qoyuluşu, azad rəqabət, kredit məsələləri və s. haqqında qanunvericilik aktları mövcuddur. Təbii ki, qəbul olunmuş bu qanunlar bilavasitə regionların inkişafı prosesində hüquqi baza rolunu oynayır. Şübhəsiz ki, zaman keçdikcə qanunların təkmilləşdirilməsi prosesi də həyata keçirilir.
- Rüstəm müəllim, bir çox dövlətlər hələ də öz iqtisadiyyatındakı böhranın ağır fəsadlarını aradan qaldıra bilmədiyi halda, Azərbaycan hətta, böhran illərini belə, iqtisadi artımla başa vurur və ciddi nəticələr əldə edir. Bu amili nə ilə izah edərdiniz?
- Bütün dünyada baş verən iqtisadi böhranın fonunda Azərbaycanın bu böhrana məruz qalmaması həqiqətən də respublikamızda düzgün istiqamətlənmiş iqtisadi siyasətin uğurları qismində qiymətləndirilməlidir. Reallıq təsdiqlədi ki, ölkəmiz düşünülmüş iqtisadi siyasətin və yaradılan güclü iqtisadiyyatın bazası hesabına böhrandan kənarda qala bildi. Prezident İlham Əliyevin yüksək idarəetmə qabiliyyətinin və iqtisadiyyatda islahatların davamlılığını təmin etmək məharətinin ən bariz nümunəsi məhz dünya iqtisadi böhranı zamanı həyata keçirilən mükəmməl iqtisadi konsepsiyanın uğurlu nəticələrinə diqqət yetirməklə görmək olar. Dünyanı bürüyən qlobal maliyyə böhranı 2008-ci ilin ikinci yarısından başladı və bu dövrdə ən inkişaf etmiş dövlətlərin siyasi liderləri böhran meyillərinin ölkə iqtisadiyyatına zərərli təsirlərinin qarşısını ala bilmədilər. Hazırda da, Yunanıstan, İspaniya, Portuqaliya böhranla üz-üzədir və Avropa bu gün böhranın yeni dalğasının qarşısını necə almağı düşünür. Bu böhranın fonunda respublikamızın inkişaf tempinin qorunub saxlanması sosial-iqtisadi-infrastruktur bölmələrində layihələrin davamlılığını təmin etməklə yanaşı, qarşıdakı illərdə iqtisadi tərəqqiyə zəmin yaradıb. Dövlət başçısının müəyyənləşdirdiyi iqtisadi siyasətin başlıca hədəfləri makroiqtisadi sabitliyin möhkəmlənməsi, davamlı inkişafın intensiv xarakter alması, iqtisadi bölmələrdə fəallığın təmin edilməsi, maliyyə bazarının canlandırılması, investisiya qoyuluşlarının davam etdirilməsi, əhalinin sosial şəraitinin yaxşılaşması və digər iqtisadi sferaları əhatə edir və bu hədəflərin yerinə yetirilməsi gözlənilən uğurlu nəticələrin əldə olunmasına səbəb olub.
- Milli Məclisin Regional məsələlər komitəsinin üzvü kimi bələdiyyələrlə sıx təmaslarda olursunuz. Bir neçə il öncə bu sahədə islahatlar oldu və bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirildi. Birləşmə prosesi müsbət nəticələrini verirmi?
- Təbii ki, müsbət nəticələr var. Zaman keçdikcə bu nəticələr özünü daha çox göstərəcək. İlk əvvəllər bələdiyyə qanunvericiliyi yaradılarkən belə bir müddəa vardı ki, vətəndaşların rəyindən asılı olaraq hər bir yaşayış yerində bələdiyyələr yaradıla bilər. Bu səbəbdən o dövrdə 2757 bələdiyyə fəaliyyət göstərirdi. Amma kiçik bələdiyyələrin maddi-texniki bazasının olmaması səbəbilə onların fəaliyyəti qənaətbəxş sayıla bilməzdi. Onların kadr potensialı zəif idi, ödənişləri yığa bilmirdilər və s. problemlər var idi. O səbəbdən də bələdiyyələrin birləşdirilməsi zərurəti ortaya çıxdı. Bu çox düzgün proses idi. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq belə bir addımın atılması bələdiyyələrin gələcək fəaliyyəti üçün bir stimul sayıla bilərdi. Bu baxımdan bələdiyyələrin birləşməsi ən vacib məsələlərdən biri sayıla bilər. 1000-dən artıq bələdiyyə birləşdi və bu gün ölkəmizdə 1718 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyələrə istiqamət verən, metodik yardım göstərə bilən şəhər, qəsəbə və kənd bələdiyyələrinin assosiasiyaları fəaliyyət göstərir. Bu çox normal və qanunauyğun bir hal sayılmalıdır. Bütün ölkələrdə bu tip qurumlar fəaliyyət göstərir. Bu qurumların yaradılması bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə yaxından kömək göstərir. Digər tərəfdən, bu assosiasiyalar beynəlxalq təcrübənin öyrənilməsində, beynəlxalq təşkilatların toplantılarında iştirak etməkdə və bu təcrübəni yerli bələdiyyələrə çatdırmaqda mühüm rol oynayır.
Hesab edirəm ki, gənc Azərbaycan bələdiyyələri beynəlxalq təcrübəni öyrənərək öz əaliyyətlərini daha da təkmilləşdirəcəklər. Bələdiyyələrin inkişaf etməsi üçün güclü maliyyə imkanları olmalıdır. Hazırda isə bir çox bələdiyyələrin maliyyələşməsi aşağı səviyyədədir. Bir müddət öncə komitəmizin bir qrup üzvü Türkiyəyə səfər edərək bələdiyyələrin iş təcrübəsi ilə maraqlandı. Bu ölkədə bələdiyyələr ölkənin həyatında vacib rol oynayır, onlara məxsus iaşə obyektləri, səhiyyə, təhsil müəssisələri fəaliyyət göstərir. Hesab edirəm ki, ölkəmizdə də bələdiyyələr regionların sosial-iqtisadi inkişafında mühüm rol oynamalı, quruculuq işlərində yaxından iştirak etməlidirlər.
- Rüstəm müəllim, bu yaxınlarda Rusiyada keçirilən prezident seçkilərini müşahidə edən deputat qrupunun tərkibində Sankt Peterburq şəhərində səfərdə olmusunuz. Seçkilərlə bağlı təəssüratlarınız necədir?
- Bəli, beynəlxalq müşahidə missiyasının tərkibində martın 4-də Rusiyada keçirilən prezident seçkilərinin gedişini izlədik. Mən Sankt-Peterburq şəhərində bir sıra seçki məntəqələrində səsvermənin gedişini müşahidə etdim. Qeyd edim ki, seçkilərə hazırlıq yüksək səviyyədə təşkil olunmuşdu və bu prosesdə müasir seçki texnologiyalarından istifadə edilirdi. Bir müşahidəçi kimi deyə bilərəm ki, seçkilərdə seçici fəallığı var idi və hər bir vətəndaş öz seçki hüququndan istifadə edərək istədiyi namizədə səs verirdi. Şəxsən mən hər hansı qanun pozuntusuna rast gəlmədim. Eləcə də, məntəqələrdə ayrı-ayrı partiyaları təmsil edən yerli müşqahidəçilərlə də söhbətimiz zamanı onlar ciddi qanun pozuntusunun baş vermədiyini bildirdilər. Ümumiyyətlə, hesab edirəm ki, Rusiyada seçkilərin nəticələri bu ölkənin vətəndaşlarının iradəsini əks etdirir.