Aprelin 8-də müxalifətin növbəti mitinqi keçiriləcək. Müxalifətin nəticəsiz və çirkin məqsədlərə xidmət edən cəhdləri artıq adi hala çevrilib. Lakin Azərbaycanın "Avroviziya" mahnı müsabiqəsinə hazırlaşdığı bir dövrdə bu çirkin siyasətin davam etdirilməsi və ölkəmizin imicinin zədələnməsi üçün əllərindən gələni əsirgəməyən müxalifətin insan haqlarından danışması həm gülünc, həm də acı təəssüf doğurur. Beynəlxalq aləmdə müsabiqənin Azərbaycanda keçirilməsinə qarşı çıxanlar da, mane olmağa çalışanlar da var. Lakin əsrlər boyu qüdrətini dünyaya isbat etmiş Azərbaycan dövləti bu dəfə də öz doğrularını göstərəcək. Beynəlxalq aləmi qınamazdan əvvəl ölkəmizin daxilində gedən prosesləri və müxalifətin yeritdiyi siyasəti izlədikdə bəzi həqiqətləri görmək o qədər də çətin deyil. Bütün bunlar və digər məsələlərlə bağlı politoloq Mirkazım Seyidovun da fikirlərini öyrəndik. SİA həmin müsahibəni təqdim edir:
- Ermənistanda keçiriləcək parlament seçkiləri haqda nə düşünürsünüz? Sizcə bu seçkilər nə dərəcədə açıq, şəffaf, saxtakarlığa yol verilmədən keçiriləcək?
- Əvvəla, nəzərinizə çatdırım ki, Ermənistanda keçiriləcək parlament seçkiləri son dərəcə gərgin mübarizə şəraitində baş tutacaq. Bu parlament seçkilərini düşünən zaman mənim ağlıma ilk gələn görüntü bir neçə il əvvəl Ermənistan Parlamentində deputatların güllələnməsi oldu. Ermənilərin tarix boyu Dağlıq Qarabağda hakimiyyətlərini tam bərqərar etmək cəhdləri hamımıza məlum olub. Bu gün artıq erməni xalqnın özü də həmin hakimiyyətdən bezib. Aylar əvvəl Ermənistanda hakimiyyət əleyhinə keçirilən mitinqlər də bunun əyani subutu oldu. Öz xalqını idarə etmək iqtidarında olmayan hakimiyyət hər halda zor tətbiq etməyə çalışacaq. Ümumiyyətlə, mən Ermənistanda keçiriləcək parlamet seçkilərində 2 məqamı diqqətə çatdırmaq istəyirəm.
Birincisi, Sarkisyan hakimiyyətindən canını qurtarmağa çalışan Ermənistan xalqının çırpınışları olacaq. İkincisi isə, Rusiyanın bu seçkilərə nə qədər təsir edə biləcəyidir. Hamıya məlumdur ki, Ermənistanda istər parlament seçkiləri, istərsə də prezident seçkiləri əvvəlcə Moskva ilə razılaşdırılır. Ona görə də Moskvanın münasibəti burada əsas rol oynayır. Digər tərəfdən, bu yaxınlarda Rusiyada keçirilən prezident seçkilərində Putinin əleyhinə keçirdikləri təşviqat və təbliğat kompaniyalarını nəzərə alsaq, rəsmi Moskvanın mövqeyinin birmənalı olmadığını rahatlıqla deyə bilərik.
- Mirkazım müəllim, 8 apreldə müxalifətin keçirəcəyi aksiyadan gözləntiləriniz nədir?
- Ümumiyyətlə, istənilən sahədə inkişafetmiş dövlətlərdə müxalifətin mövcudluğu zəruridir. Güclü dövlətin güclü müxalifəti olması şərti qəbul olunandır. Lakin sözügedən dövlətlərdə müxalifət əslində iqtidar hakimiyyətinin siyasətini izləyir və çatışmazlıqlar barədə məlumat verir. Azərbaycan müxalifətinə nəzər salsaq heç də bu sözləri deyə bilmərik. İdeoloji mübarizə aparan müxalifət partiyaları hələ də bilmirlər ki, bu üsulla onlar əsla heç nəyə nail ola bilməzlər. Mübarizə aparmaq, fikri bildirmək tənqid edilmir, sadəcə hər şeyin öz üsulu var. Demokratik və sivil yolları qoyub, qanuna uyğun olmayan və qərəzli yollara üz tuturlarsa bunun nəticələrinə də qatlanmağa məcburdurlar. Məsələn, beynəlxalq aləmdə Azərbaycanın güclənməsindən sevinc keçirməyən, hətta bunu qəbul edə bilməyən dövlətlərin mövcudluğu məlumdur. 20 ildən bəri Azərbaycanda insan haqlarının pozulduğuna dair səsləndirilən fikirlər müxtəlif formada öz əksini tapır. Amma bu gün Azərbaycan müstəqillik əldə etdikdən sonra bu cür yalan informasiyalara qarşı mübarizəsini gücləndirib. Lakin bütün bunları deməkdə məqsədim fərqlidir. Bir tərəfdən həqiqətlərimizi dünyaya çatdırmağa çalışdığımız halda, digər tərəfdən də müxalifətin yanlışlarının bədəlini ödəməyə məcbur qalmalı deyilik. Bəzən müxalifətin atdığı addımlar düşmən ölkənin, Azərbaycanın bütün uğurlarına ciddi şəkildə mane olmaq istəyənlərin "dəyirmanına su tökür". Məsələn, Avroviziya kimi müsabiqənin keçirilməsinə yaxın müxalifətin Azərbaycanda insan haqlarının pozulmasına aid fikirlər səsləndirməsi xəyanətdən başqa bir şey deyil. Məntiqə sığmayan bu cür davranışlar bizə tələ, ermənilərə isə yardımdır. Azərbaycanı böhtanlarla ləkələyib dünya ictimaiyyətinə təqdim edən müxalifətdən nə gözləyə bilərik ki? Müxalifət liderləri açıq formada Ermənistanın informasiya mənbəyi rolunu oynayırlar. Düşmənə xidmət etməklə heç nə qazana bilməzlər. Bütün bunlar isə müxalifət partiyalarında lider çatışmazlığındandır. Açıq şəkildə deyim ki, bütün müxalifət liderləri artıq öz zamanını doldurmuş və keçən zaman ərzində heç bir uğur əldə etməmiş şəxslərdir. Xalqa xidmət etdiyini iddia edən müxalifət liderləri bu gün heç xalq tərəfindən qəbul olunmur. Mən xalqımızın bu cür yalanlara inanmayacağına və düşmənə yardım edən şəxslərin arxasından getməyəcəyinə əminəm. Ona görə də 8 apreldə də keçiriləcək mitinqdə də heç nə əldə olunmayacaq. Çünki belə bir dövrdə 8 aprel mitinqi Azərbaycan dövlətinə arxadan vurulan bıçaqdır.
Günay Məmmədova